131 şəxs barəsində protokol tərtib edilərək məhkəmələrə göndərilib.

131 şəxs barəsində protokol tərtib edilərək məhkəmələrə göndərilib.

17.04.2020 Off By admin

Ötən il aktların surətinin vaxtında təqdim edilməməsi və araşdırma aparılmasına maneçilik törədilməsinə görə bələdiyyələrin 131 vəzifəli şəxsi barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini təqdim edən ədliyyə nazirinin müavini Vilayət Zahirov bildirib.

Nazir müavini bildirib ki, protokollar üzrə 112 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, 19 prosesə hazırda baxılır.

2019-cu il ərzində Ədliyyə Nazirliyinə inzibati nəzarət qaydasında baxılması üçün daxil olmuş 80 min 261 bələdiyyə aktı, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində 1 796 akt hüquqi ekspertizadan keçirilib.
Nəticədə 77 min 427 (96,6 faiz) akt qanunvericiliyə uyğun hesab edilib. Normativ hüquqi aktların tələbinə zidd olan 2 min 765 aktın dəyişdirilməsi və ləğv edilməsi üçün aidiyyəti bələdiyyələrə təkliflər verilib (ötən ilə müqayisədə 15 faiz çox), digərləri isə (69 akt) baxılmaqdadır.

Bu təkliflər əsasında bələdiyyələr tərəfindən 1 285 akt ləğv edilib, 1274 akt dəyişdirilib, 187 təklif isə baxılmaqdadır.

Azərbaycanda ötən il bələdiyyə aktlarına inzibati nəzarətin həyata keçirilməsi və müraciətlərə baxılması nəticəsində qanunsuz olduğu müəyyən edilmiş 305 hektar torpaq sahəsinin mülkiyyətə, 6 664 hektar torpaq sahəsinin icarəyə, 50 hektar torpaq sahəsinin istifadəyə verilməsi haqqında bələdiyyə aktları Ədliyyə Nazirliyinin təltif və iddiaları əsasında bələdiyyələr tərəfindən ləğv edilib və məhkəmələr tərəfindən etibarsız sayılıb.

Beləliklə, bütövlükdə qanunsuz verilmiş 7 019 hektar torpaq sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib. Bu, ötən illə müqayisədə 18,5% çoxdur.

“Hakimiyyət” qəzeti

Share