Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
01.11.2020Hörmətli Prezident, cənab Ali Baş Komandan.
Məktubumu Sizin xalqa son müraciətinizdən ruhlanaraq yazıram. Hər müraciətinizdə işğaldan azad olunan şəhər və kəndlərin adını çəkdikcə Sizə yüz kərə çox sağ ol deyir, uzun ömür arzulayır, ailənizə xoşbəxtlik diləyir, Ulu Öndərimizin, Zərifə xanımın əməyi, zəhməti Sizə halal olsun deyirəm.
Ümummilli lider Heydər Əliyev xalqa müraciətlərinin birində üzünü dövlət çevrilişi etməyə cəhd edənlərə tutaraq dedi: “Bu gün Siz mənə nəsə edə bilərsiniz. Amma mən əminəm, mənim yolumu, mənim balalarım, mənim xalqım davam etdirəcək!”
Bu gün onun yolunu Siz davam etdirirsiniz, özü də ləyaqətlə, şərəflə davam etdirirsiniz. Ona görə də Siz xalqın etimadını qazanmısınız, hamı siyasi mövqeyindən də asılı olmayaraq Sizin ətrafınızda sıx birləşib.
Siz bu günlər dincəlmirsiniz. Gecə-gündüz həm ermənilərlə, həm koronavirusla mübarizə aparırsınız. Xalqın həm şərəfini, həm sağlamlığını qoruyursunuz.
Mənim 70 yaşım var. Mən yaşımın bu çağında da cəbhəyə getmək, Sizin yaratdığınız müasir, güclü Ordunun ehtiyacı olmasa da kömək etmək istəyirəm. Biz öz torpaqlarımız uğrunda vuruşuruq. Qoy ədalət zəfər çalsın!
Cənab Prezident, Sizə, Ordumuza zəfər arzulayıram. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza şəfa versin. Bir arzum da var. Allah Şuşaya zəfər bayrağımızı sancan əsgərimizə hazırladığım hədiyyəni ona təqdim etməyi mənə qismət etsin.
Bir daha çox sağ olun, cənab Prezident!
Hörmətlə,
Məmmədov Tofiq Abdulla oğlu.
Azərbaycan Respublikası, Quba rayonu.











