Vakant vəzifələr üzrə ümumi müsahibədə iştirak etmək üçün 86 namizədin müraciəti qeydə alınıb

13.03.2020 Off By admin

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün fevralın 28-də elan olunmuş ümumi müsahibədə iştirak üçün qeydiyyat davam edir.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, elana çıxarılan vəzifələrin 10-u dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər), 18-i B növünə (inzibati icraçı) aiddir. Bu gün saat 16:55-ə olan məlumata görə, müsahibədə iştirak üçün 86 nəfər müraciət edib. Ən çox müraciət Qida Təhlükəsizliyi Agentliyində (33 nəfər) və Hesablama Palatasında (29 nəfər) qeydə alınıb.

Xatırladaq ki, ümumi müsahibəyə çıxarılan ən yüksək vəzifələr inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan Hesablama Palatasının Təlim Mərkəzində sektor müdiri və Beynəlxalq əməkdaşlıq və informasiya texnologiyaları şöbəsində İnformasiya texnologiyaları sektorunun müdiri, inzibati vəzifələrin 5-ci təsnifatına uyğun olan Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf mərkəzlərinin direktoru vəzifələridir. Ümumilikdə isə Kənd Təsərrüfatı Nazirliyində 11, Qida Təhlükəsizliyi Agentliyində 6, Hesablama Palatasında 4, Maliyyə Nazirliyində 2, Bakı İnzibati Məhkəməsində 2, Milli Arxiv İdarəsində 1, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində 1, Yasamal Rayon Məhkəməsində 1 vəzifə olmaqla 28 vakant vəzifə ümumi müsahibə elanına çıxarılıb.

Sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, onların vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilir.

Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə martın 30-u saat 18:00-dək Mərkəzin internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidirlər.

Share