BU GÜN MİLLİ DİRÇƏLİŞ GÜNÜDÜR
17.11.2020Bu gün Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur.
Hakimiyyet.com bildirir ki, 1988-ci il noyabrın 17-də Azadlıq meydanına toplaşan yüz minlərlə insan keçmiş sovetlərin Azərbaycana qarşı ikili standartlara söykənən siyasətinə etiraz etdi. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi, Dağlıq Qarabağda yaşayan ermənilərin açıq separatçılıq hərəkatı, bu proseslərin Ermənistan və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz yurd-yuvasından qovulması ilə nəticələnməsi Meydan hərəkatının əsasını qoydu.
Moskvanın və o zamankı yerli hakimiyyət orqanlarının siyasəti nəticəsində meydana çıxan bu problemlərin qarşısını almaq təşəbbüsünü üzərinə götürən xalq 1988-ci il noyabrın 17-də Bakının mərkəzi meydanına toplaşaraq fasiləsiz kütləvi etiraz aksiyasına başladı.
17 gün aramsız davam edən, milyonlarla insanın qatıldığı bu aksiya həm də keçmiş SSRİ-də ən irimiqyaslı etiraz aksiyası idi. SSRİ-nin süqutu prosesini araşdıran yerli və xarici tədqiqatçıların böyük əksəriyyəti bu prosesdə Azərbaycanda başlayan prosesin mühüm rol oynadığını qeyd edir. Dekabrın 4-dən 5-nə keçən gecə ümumxalq mitinqi sovet qoşunları tərəfindən dağıdılsa da, bu, Azərbaycanın müstəqilliyinin bərpasında mühüm mərhələ kimi tarixə həkk olunub.
Milli Dirçəliş Günü Azərbaycanda dövlət səviyyəsində qeyd olunsa da, 2006-cı ilin dekabrında qanunvericiliyə edilmiş müvafiq dəyişikliklərə əsasən iş günü sayılır.
Mehriban İsmayılzadə











