Koronavirus infeksiyası ilə əlaqədar klublarda yoluxma halları ilə bağlı müzakirələr aparılıb

Koronavirus infeksiyası ilə əlaqədar klublarda yoluxma halları ilə bağlı müzakirələr aparılıb

07.12.2020 Off By Füzuli İsmayılov

Koronavirus infeksiyası ilə əlaqədar Azərbaycan Premyer Liqasının XII turunun oyunlarının təxirə salınması nəzərə alınaraq, AFFA-nın təşəbbüsü əsasında dekabrın 7-də AFFA, Peşəkar Futbol Liqası (PFL) və Klublar Komitəsinin videokonfrans formatında birgə iclası keçirilib.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, iclasda AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, PFL-in prezidenti Ramin Musayev, Premyer Liqada mübarizə aparan klubların nümayəndələri, AFFA-nın baş həkimi Vyaçeslav Xomenko və digərləri iştirak ediblər.

Əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

İclasda əsas müzakirə mövzusu koronavirus infeksiyası ilə əlaqədar klublarda yoluxma halları, bunun oyunların təqviminə təsiri, çempionatın təşkili ilə bağlı qüvvədə olan protokola hər hansı dəyişiklik olunmasına zərurətin yaranıb-yaranmaması olub.

Aparılmış müzakirələrdən sonra qeyd olunan məsələlərlə bağlı yaxın günlərdə daha bir iclasın keçirilməsi barədə razılıq əldə edilib.

Share