“The National Interest” saytında Xəzər hövzəsində enerji layihələrinə dair məqalə dərc olunub
10.12.2020ABŞ-ın nüfuzlu “The National Interest” saytında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Şahmar Hacıyevin “Amerika Xəzər hövzəsində enerji layihələrini dəstəkləməkdən qazanclı çıxacaq” adlı məqaləsi dərc edilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, məqalədə Xəzər bölgəsinin mühüm neft və qaz ehtiyatları mənbəyi olduğu vurğulanır. Bildirilir ki, enerji baxımından zəngin olan Xəzər hövzəsi ölkələri ilə mümkün tranzit ölkələri arasında enerji danışıqlarını dəstəkləmək və gələcək enerji layihələrini asanlaşdırmaq ABŞ-ın marağındadır.
“Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra özünü qərb üçün etibarlı tərəfdaş kimi təsdiqlədi və enerji ehtiyatlarını qlobal enerji bazarlarına çıxarmaqla səmərəli istehsalçı-istehlakçı dialoqu qurmağı bacardı. Azərbaycanın mövqeyi və öz enerji mənbələrinin mövcudluğu ölkənin qlobal enerji bazarları üçün regional enerji və infrastruktur mərkəzinə çevrilməsinə imkan yaratmış oldu”, – deyə müəllif yazır.
Ş.Hacıyevin sözlərinə görə, ənənəvi enerji mənbələrinin ABŞ-ın strategiyasında əhəmiyyətli bir amil olmayacağına dair fikirlər səsləndirilir. Lakin təbii qaz daha təmiz enerji mənbələrinə enerji keçidinin ayrılmaz hissəsi olaraq qalacaq. Alternativ enerji mənbələri ilə birlikdə təbii qaz şaxələndirmə üçün əsas komponentdir və gələcəkdə daş kömürü uğurla əvəz edə biləcək mənbədir.
Müəllif qeyd edir ki, bu istiqamətdə Azərbaycan tərəfdaşlarla uğurlu əməkdaşlıq etməyə və bölgələrarası “Cənub Qaz Dəhlizi” enerji layihəsini dəstəkləməyə davam edir: “Bu qaz dəhlizi Avropa İttifaqı (Aİ) üçün yeni bir qaz mənbəyi və tədarük yolu kimi olduqca vacibdir. Təchizat mənbələrinin və marşrutlarının şaxələndirilməsi Aİ enerji təhlükəsizliyi üçün əhəmiyyətlidir. Nəticə etibarilə Amerikada Co Bayden rəhbərliyi avropalı müttəfiqlərinin enerji təhlükəsizliyini nəzərə alaraq, Xəzər və Mərkəzi Asiya regionundan Avropanın enerji bazarlarına təbii qaz tədarükünü dəstəkləmək öhdəliyini bir daha təsdiqləməlidir”.











