Hamımız koronavirus olacağıq – sonra…1-2 ay…
29.12.2020Qeyd edək ki, ölkəmizdə koronavirus xəstəsinin ailə üzvləri və onunla əlaqədə olan digər şəxslər dövlətimiz tərəfindən pulsuz olaraq testdən keçirilir. Lakin özündə olan simptomlardan şübhələnərək öz şəxsi istəyi ilə testdən keçmək istəyənlər müəyyən özəl klinikalara müraciət edə bilir.
Day.Az “Yeni Müsavat”-a istinadən xəbər verir ki, beləliklə, hazırda Bakıda özəl klinikalarda koronavirus testlərini əldə etmək mümkündür. Özəl klinikalarda da virusun aşkarlanması üçün testlər həm yaxma nümunəsi götürülməklə, həm də qan analizi vasitəsilə aparılır. Lakin testin qiyməti hər kəs üçün əlçatımlı deyil. Belə ki, burun və ağız boşluğundan götürülən yaxma vasitəsilə aparılan testin qiyməti 100-130 manat, qan vasitəsilə aparılan testin qiyməti isə 40-50 manat arasında dəyişir. Qan analizinin nəticəsi adətən gün ərzində məlum olur. Burundan yaxma nümunəsi götürülməklə aparılan müayinələr PSR üsulu ilə olur və onun nəticəsi 24-48 saat ərzində açıqlanır.
Lakin bu bir faktdır ki, bəzi hallarda koronavirus testlərinin cavabları doğru çıxmır. Bəzən test cavabı pozitiv çıxan şəxs sonradan qan analizi verdikdə cavab neqativ olur. Və yaxud əksinə. Bəs bunun səbəbi nədir, keyfiyyət yoxsa başqa amillər?
Xatırladaq ki, ölkəmizə gətirilən testlər Almaniyanın “Qiagen” şirkətindən alınır və bu testlərin çox keyfiyyətli olduğu bildirilir. Mütəxəssislər də qeyd edir ki, bəzən yoluxmanı müayinə etmək üçün istifadə edilən testlərdə xətalar baş verə bilər. Bu, götürülən yaxmanın az və çoxluğundan asılı ola bilir.
Məşhur rusiyalı virusoloq Tatyana Romanenko bugünlərdə koronavirus testinin səhv cavablarının səbəbi haqda aşağıdakıları qeyd edib: “Koronavirus testindən əvvəl pasiyentlərə su içmək, siqaret çəkmək və burnu silmək olmaz. Eyni zamanda laboratoriya üçün qaydalar var: həkimlər test üçün vaxtı düzgün seçməli və proseduru izləməlidirlər. Müəyyən qaydalara riayət edilməsə, burun keçidlərində kifayət qədər dərindən nümunə götürülməyibsə, yaxud xəstə əvvəllər burnunu silmiş, yumuşsa, o zaman testin cavabı səhv ola bilər”. Həmçinin boğazdan yaxma götürülməzdən əvvəl xəstə ağzını antiseptik məhlulla yaxalamamalı və yemək yeməməlidir. Digər rusiyalı həkim Qalina Kojevnikova da testdən üç saat əvvəl yemək, içmək və dişləri yumağın qadağan olduğunu bildirib.
Azadqadin.az xəbər verir ki, məsələ ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla testlərin hansı halda yanlış cavab verməsindən danışıb: “Yaxma vasitəsilə götürülən testin cavabı daha dəqiqdir. Onun cavabı 90 faizin üstündədir. Lakin qan vasitəsilə götürülən testin dəqiqliyi aşağıdır. Diqqət etmək lazımdır ki, yaxma dəqiq götürülsün. Məsələn, pasiyent test götürülməzdən əvvəl yemək yeməməlidir. Və yaxud burun boşluğundan yaxma götürəndə bir çoxları bundan qıcıqlanır və özünü dartır. Beləliklə, yaxmanı düzgün götürməyəndə analiz doğru çıxmır. Amma qeyd etdiyim kimi, yaxma analizi daha dəqiqdir.
Bir məsələni da bildirim ki, koronavirusun analizi heç də əsasən test əsasında qoyulmamalıdır. Bu məsələ kompleksli şəkildə aparılmalıdır. Məsələn, ilk növbədə xəstədə halsızlıq, qızdırma varsa, bu, dəqiq araşdırılmalıdır”.
Qeyd edək ki, artıq bir sıra qonşu ölkələr, o cümlədən Gürcüstan kütləvi vaksinasiya prosesinə hazırlaşır. Gürcüstan rəsmilərinin yaydığı məlumata görə, koronavirusa qarşı peyvəndləmə prosesinin davamlılığını təmin etmək üçün xüsusi işçi qrupu yaradılıb. Ölkədə koronavirusa qarşı peyvəndin 2021-ci ilin mart-aprel aylarında əlçatan olacağı gözlənilir. Hökumətin əldə edəcəyi vaksin Gürcüstan əhalisi üçün ödənişsiz olacaq.











