AQTA: Yerli pomidorlarda qonur qırışıqlıq virusu aşkar olunmayıb
29.01.2021Azərbaycan Respublikasından Qazaxıstan Respublikasına ixrac olunan pomidor məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) APA-ya verilən görə, ölkəmizdən Qazaxıstan Respublikasına ixrac olunan pomidor məhsulunda qonur qırışıqlıq virusunun aşkarlanması iddiası ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə 08-15 yanvar 2021-ci il tarixlərində ümumilikdə 17 bildiriş daxil olub və 16 yanvar 2021-ci il tarixindən etibarən respublikamızdan bu ölkəyə pomidor məhsullarının ixracına müvəqqəti məhdudiyyət tətbiq edilib.
Qeyd edək ki, 2020-ci il ərzində Azərbaycan Respublikasından Qazaxıstan Respublikasına 1363,46 ton pomidor ixrac olunub. 2020-ci il ərzində və cari ilin əvvəlində Qazaxıstanla yanaşı, ölkəmizdən Niderland, Polşa, Estoniya, Moldova, Qətər, Rusiya, BƏƏ, Belarus, Gürcüstan kimi dünyanın bir çox ölkələrinə pomidor məhsulu ixrac olunub, lakin qeyd edilən virusun aşkar olunması ilə bağlı idxalçı ölkələr tərəfindən heç bir fakt qeydə alınmayıb.
Bütün bunlarla yanaşı, əldə olunmuş razılığa əsasən aparılan araşdırmaların nəticələri və qeyd olunan virusun aşkar olunmadığını sübut edən müayinələrin nəticələri ilə bağlı sənədlər toplusu Qazaxıstan Respublikasının səlahiyyətli orqanına göndərilib.
Hazırda aidiyyəti qurumlarla birgə Qazaxıstan Respublikasının müvafiq qurumu ilə bu istiqamətdə danışıqlar davam etdirilir və nəticələrlə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.











