Bu gün Ümumdünya Su və ya Su Resursları Günüdür
22.03.202022 mart – Ümumdünya Su və ya Su Resursları Günüdür. Ümumdünya Su Resursları Gününün keçirilməsi haqqında ilk təklif 1992-ci ilin iyununda Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş BMT-nin Ətraf Mühitin Mühafizəsi və İnkişafı Konfransında (UNCED) irəli sürülüb. BMT-nin Baş Assambleyasının 1993-cü il 22 fevral tarixli qərarına əsasən isə qeyd olunmağa başlanılıb.
AZƏRTAC xəbər verir ki, bu il Ümumdünya Su Günü “Su və İqlim Dəyişikliyi” devizi ilə qeyd olunur. Bu günün keçirilməsində məqsəd hər bir kəsin vaxtlı-vaxtında və lazımi miqdarda təmiz su ilə təmin edilməsi və su ekosistemlərinin mühafizəsində hamını fəal olmağa çağırmaqdır. Həmin məqsədlə dünyanın müxtəlif yerlərində beynəlxalq, milli və yerli səviyyələrdə su resurslarından səmərəli istifadə sahəsində müxtəlif proqramlar həyata keçirilir.
Yer kürəsi səthinin üçdə ikisi su ilə örtülüdür. Planetin ümumi su ehtiyatlarının yalnız bir faizi insan istifadəsi üçün əlçatandır. Bu gün 663 milyondan çox insanın yaşayış yerlərinin yaxınlığında içməli su mənbələri yoxdur. 1990-cı ildən bəri yalnız 2.6 milyard insan yaxşılaşdırılmış içməli su mənbələri ilə təmin olunub.
Ötən əsrdə sudan istifadə 6 dəfə artıb ki, bu da dünya əhalisinin artım tempindən 2 dəfə çoxdur. Hazırda inkişaf etmiş ölkələrdə sızma səbəbindən şirin su ehtiyatlarının təxminən 30 faizi itirilir. Hətta bəzi böyük şəhərlərdə su itkisi 70 faizə çata bilir.
Dünya Resursları İnstitutunun məlumatına görə, dünya əhalisinin təqribən dörddəbir hissəsi su qıtlığının yüksək həddə çatdığı 17 ölkədə yaşayır.
Su qıtlığından ən çox əziyyət çəkən ölkələr bunlardır: Qətər, İsrail, Livan, İran, İordaniya, Liviya, Küveyt, Səudiyyə Ərəbistanı, Eritreya, BƏƏ, San-Marino, Bəhreyn, Hindistan, Pakistan, Türkmənistan, Oman və Botsvana. Bu ölkələr Yaxın Şərqdə və Şimali Afrikada yerləşir. Həmin ölkələrdə kənd təsərrüfatı və sənaye sahələri, habelə bələdiyyələr istifadədə olan səth və yeraltı suların ildə orta hesabla 80 faizini istehlak edir.
Planetin sakinlərinin təxminən 40 faizi bu və ya digər dərəcədə içməli su çatışmazlığından əziyyət çəkir. 2030-cu ildə 700 milyon insan içməli su çatışmazlığından qaçqına çevrilə bilər. Hazırda iki milyard insan çirkli su içməyə məcbur olur. Su qıtlığının səbəblərindən biri bu təbii resursun lazımi qaydada idarə edilməməsi ilə bağlıdır.
2050-ci ilə qədər dünyada hər dörd nəfərdən ən azı birinin xroniki və ya vaxtaşırı şirin su çatışmazlığı ilə üzləşən ölkələrdə yaşayacağı ehtimal olunur.









