Zərdüşt Əlizadə: “Azərbaycan hökumətinin tam hüququ var desin ki…”

Zərdüşt Əlizadə: “Azərbaycan hökumətinin tam hüququ var desin ki…”

23.04.2021 Off By Füzuli İsmayılov
“Burada heç bir faciə görmürəm. Azərbaycanın mövqeyi bəllidir. Məsələ gündəliyə salınır, müzakirə olunur. Fürsətdir ki, Azərbaycan öz mövqeyini bütün Avropa Şurasına bildirsin. Desin ki, bunlar hərbi əsir deyil, diversantdırlar”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Gürcüstan nümayəndə heyətinin ASPA-da “erməni əsirlərinin qaytarılması” formatında erməni deputatları tərəfindən təqdim olunan qətnamə layihəsinə səs verməsini şərh edərkən deyib. Politoloqun fikrincə, Gürcüstan demokratik ölkədir:
“Səs veribsə, öz işidir. Bizim nümayəndə heyətinin üzvü Erkin Qədirli Rusiyanın etirazına baxmayaraq, Navalnının xeyrinə səs vermişdi. Hərənin öz mövqeyi var. Parlamentdən nümayəndə heyəti gedib. Nümayəndə heyəti fikirləşir ki, bu məsələni müzakirə etməyə dəyər. Müzakirə etsinlər. Əgər biz haqsız olsaydıq, qorxardıq. Düşünürəm ki, burada qorxmaq üçün əsas yoxdur”.
Zərdüşt Əlizadə hesab edir ki, Azərbaycanın mövqeyi hüquqi cəhətdən əsaslandırılıb:
“Yox, əgər müzakirə iştirakçıları bizim hüquqi mövqeyimizə fikir vermədən hansısa bir qətnamə çıxarsa ki, “xeyir, biz erməniləri azad etməliyik”, onda Azərbaycan hökumətinin tam hüququ var desin ki, gedin yaxşı fikirləşin. Biz hüquqa hörmət edirik. Sizin qərar beynəlxalq hüquqa ziddir. Bu günə kimi Avropa Şurasının hansı qətnaməsi icra olunub ki, bu da icra olunsun. Bu, məşvərət səpkili bir təşkiladır. Əgər müzakirə başlasa, bizə imkan verər ki, bir-bir erməni əsirlərinin şəkillərini ekrana çıxardaq. Deyək ki, bu 3 tərəfli bəyanatdan sonra hansısa ölkədən orduya çağırılıb. Ona hərbi paltar geyindirib, əlinə silah verib, Azərbaycana göndəriblər. Ermənistan hökuməti onlara göstəriş verib ki, gedin azərbaycanlıları öldürün. Onlar gəlib əsgərləri öldürüb. Bu ölən əsgərlərin şəkilləri, bu da ailə üzvləri. Biz onları tutmuşuq, hərbi əsir deyillər, diversantdırlar”.
 Qeyd edək ki, Gürcüstanı Avropa Şurası Parlament Assambleyasında təmsil edən nümayəndə heyətinin üzvləri tam tərkibdə sözdə “erməni əsirlərinin qaytarılması” formatında erməni deputatları tərəfindən təqdim olunan qətnamə layihəsinə səs verib.
Bahar Rüstəmli
Share