SÜNBÜLƏNİN SÜNBÜLLƏRİ TÖKÜLDÜ- MƏHKƏMƏNİN BAŞLANĞIC İCLASINDA HƏBS EDİLDİ
13.06.2021Azərbaycan Vəkillər Kollegiyasının 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyevanın barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Xatıladaq ki, ibtidai istintaq Azərbaycan Respublikası Baş Prokurorluğunun Korrupsiyaya Qarşı Mübarizə Baş idarəsi tərəfindən aparılaraqb baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Eldar Mikayılovun icraatına verilib. Məhkəmənin başlanğıc iclasında Sünbülə Əliyeva həbs edilib. İttihama görə, Sümbülə Əliyeva hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığortaları və pensiya fonduna ödəməli olan məbləği dövlət büdcəsinə köçürməyib və mənimsəyib.
Cinayət işi üzrə zərərin 100 min manatdan çox olduğu bildirilir.
İstintaq orqanı tərəfindən Sünbülə Əliyevanın barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə zərərçəkən şəxs qismində Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tanınıb.
Redaksiyanın əldə etdiyi məlumata görə Sümbülə Əliyeva hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığortaları və pensiya fonduna ödəməli olan məbləği dövlət büdcəsinə köçürməkdən və mənimsəməkdən başqa, rəhbərlik etdiyi hüquq məsləhətxanasının çoxlu sayda vəkillərinin haqqını da mənimsəyib. Bu faktları bilərəkdənmi, yoxsa istintaq səriştəsizliyindən işi araşdıran ilkin istintaq orqanı həmin vəkilləri zərərçəkmiş kimi deyil, şahid qismində tanımış və istintaq zamanı Sünbülə Əliyevanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 maddəsiylə də (xeyli miqdarda dələduzluq yoluyla başqalarının əmlakını mənimsəmə) təqsirləndirilməsindən yan ötmüşdür. Belə olan halda zərərçəkmiş vəkillərin pulu kim tərəfindən ödəniləcəyi sual altında qalır.
Şübhəsiz məhkəmə araşdırması zamanı bu faktlar üzə çıxarılacaq. Vəkillərin xeyli (bəzi məlumatlarda 300.000 manatdan yuxarı – F.Ə.) miqdarda mənimsənilən vəsaitinin onlara qaytarılması istiqamətində məhkəmə haqlı qərar qəbul edəcək.
Xatırladaq ki, Sünbülə Əliyevanın qızı xaricdə – Londonda təhsil alır. Azərbaycanda yetimlərin pulları korrupsionerlərin vasitəsiylə artıq Londona daşınması da dəb halını alıb.
Araşdırmalarımız davam edəcək.
Füzuli Əfqanoğlu,
“Hakimiyyət” qəzeti









