Prezident İlham Əliyev Daşkəsən rayonuna səfərə gəlib

Prezident İlham Əliyev Daşkəsən rayonuna səfərə gəlib

23.07.2021 Off By Füzuli İsmayılov

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Daşkəsən rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı Daşkəsən şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib.

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, abidəsi önünə gül dəstəsi qoyub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Daşkəsəndə Şəhidlər xiyabanını ziyarət edib.

Dövlətimizin başçısı Şəhidlər xiyabanındakı əbədi məşəl abidəsi önünə gül dəstəsi qoyub.

Qeyd edək ki, 1993-cü ildə salınan Şəhidlər xiyabanında həm Birinci Qarabağ savaşında, həm də Vətən müharibəsində həlak olan şəhidlər dəfn edilib. Ümumiyyətlə, Daşkəsəndən olan gənclər də ərazilərimizin düşməndən azad edilməsi uğrunda hər zaman qəhrəmanlıqla döyüşüb, Vətən naminə canlarından keçiblər. Vətən müharibəsinin gedişində yenidən silaha sarılan daşkəsənli gənclərdən 31 nəfər şəhidlik zirvəsinə ucalıb. Bu qəhrəman Vətən övladlarının əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Daşkəsən rayonuna səfəri çərçivəsində “AzerGold” QSC-nin “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsinin fəaliyyəti ilə tanış olub.

Dövlətimizin başçısına “Çovdar” qızıl mədənində görülən işlər barədə məlumat verildi.

Bildirildi ki, “Çovdar” qızıl mədənində hasilat işlərinə 2016-cı ildən başlanıb, bu mədəndə böyük yenidənqurma və infrastruktur işləri həyata keçirilib. Bu günədək 259 min unsiya qızıl istehsal edilib, növbəti illərdə isə əlavə 338 min unsiya qızılın istehsalı planlaşdırılır.

“AzerGold” QSC təkcə “Çovdar” yatağının istismarı nəticəsində ölkənin qeyri-neft məhsulları ixracatçıları arasında lider mövqeyə yüksəlib, qızıl və gümüş ixracından ölkə iqtisadiyyatına xarici valyutada 640 milyon manata yaxın vəsait cəlb edilib. İndiyədək ümumilikdə 245 min unsiyadan çox qızıl və 434 min unsiyadan çox gümüş ixrac edilib. Artıq “AzerGold” qızıl layihələrinin icrası üzrə büdcədən asılılığın tam surətdə aradan qaldırılmasına nail olub. Cəmiyyət tədavülə istiqraz buraxan ilk milli dağ-mədən şirkəti kimi də tarixə düşüb. Cəmiyyətin metal ehtiyatları 24 dəfə artıb.

Məlumat verildi ki, 2017-ci ildə “Ağyoxuş-1” və “Ağyoxuş-2” qızıl yataqları, 2018-ci ildə isə “Mərəh” qızıl yatağı kəşf edilib. Bu ildən etibarən bir sıra yataqların istismara verilməsi planlaşdırılır. Mürəkkəb və çoxmərhələli emal prosesin yekunu olaraq mədəndən çıxarılan süxurlardan qızıl və gümüş qarışıqlı xəlitələr istehsal edilir. İstehsal olunan xəlitələr İsveçrəyə saflaşdırılma üçün göndərilir. Saflaşdırıldıqdan sonra 999.9 əyarda qızıl və gümüş külçələr beynəlxalq birjalarda satışa çıxarılır.

Daha sonra “Made in Azerbaijan” nişanı ilə Azərbaycan qızılı və gümüşündən hazırlanan 5, 10 və 20 qramlıq sikkələr, eləcə də qızıl külçələr nümayiş etdirildi. Üzərində Heydər Əliyev Mərkəzi, Qarabağ xalçası və Qobustan qayaüstü rəsmləri təsvir olunan sikkə və külçələr istehsal edilib. Heydər Əliyev Mərkəzi ilə birgə təşkil edilən “Qarabağ inciləri” sikkə dizaynı müsabiqəsinin nəticələrinə əsasən, daha iki dizaynda qızıl sikkələr istehsal olunub. Qızıl sikkələrin üzərində Qarabağın qədim memarlıq inciləri, tarixi abidələri, Şuşa şəhəri təsvir edilib.

Onu da qeyd edək ki, “Mərəh” “AzerGold”un istismarına başladığı üçüncü qızıl mədənidir. Layihənin icra müddəti iki ildir.

Qeyd edək ki, 2020-ci ildən “AzerGold”un fəaliyyət sahəsi genişləndirilib. Ölkə ərazisində qara metal filizi yataqlarının işlənilməsi və idarə edilməsi də Cəmiyyətə həvalə olunub. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətə başlayıb. Bu layihənin başlıca hədəfi qısa müddət ərzində dəmir filiz yataqlarının istismara verilməsi və metal qırıntılarını əvəzləyən, həmçinin daha keyfiyyətli metallurgiya məhsullarının istehsalı üçün xammala tələbin təmin edilməsidir.

Prezident İlham Əliyev “Mərəh” qızıl mədənində süxurların ilk partlayış prosesini izlədi.

 

“Daşkəsən şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi başa çatıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Daşkəsənə səfəri çərçivəsində layihə üzrə görülən işlərlə tanış olub.

Qeyd edək ki, Daşkəsən şəhərinin mərkəzləşdirilmiş içməli su təchizatı sistemi 1950-1960-cı illərdə yaradılmışdı. Mövcud su və kanalizasiya xətləri şəhəri tam əhatə etmirdi və istismara yararsız vəziyyətə düşmüşdü. “Azərsu” şəhər sakinlərinin yalnız 43 faizinə xidmət göstərirdi. Şəhər əhalisi içməli suyu qrafiklə alırdı, sakinlərin qalan hissəsi isə tələbatını fərdi qaydada ödəyirdi.

Azərbaycan Hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən bu layihə isə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Daşkəsən şəhərində 12 min nəfərin içməli və tullantı su xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Daşkəsən şəhərini, həmçinin ətraf kəndləri keyfiyyətli içməli su ilə təmin etmək üçün Qarainək bulaqları və Gurbulaq su mənbəyində 5 suqəbuledici qurğu inşa edilib. Mənbədən şəhərə 20 kilometrdən çox uzunluğu olan magistral su kəməri çəkilib, 2030 ünvana birləşmə verilərək sayğaclar quraşdırılıb. Hazırda yeni yaradılmış su təchizatı sistemi ilə şəhərin 10 mindən artıq sakini fasiləsiz içməli su ilə təmin edilir. Layihə çərçivəsində Daşkəsən şəhərində 11,5 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi də qurulub. Daşkəsən Sukanal Sahəsi üçün müasir tipli inzibati bina tikilib. Yeni yaradılmış infrastruktur hesabına rayonun Alunitdağ qəsəbəsinə də içməli suyun verilməsi təmin edilib.

 

Füzuli Əfqanoğlu,

“Hakimiyyet.com”

Share