“Dövlətimizin humanist siyasətinin növbəti təzahürü”mövzusunda Ədliyyə Nazirliyində KİV-lərin iştirakı ilə keçirilən dəyirmi masa
11.11.2021
Bu günədək Azərbaycanda 67 əfvetmə haqqında Sərəncam imzalanıb ki, bu da 8774 nəfərə şamil edilib. Prezident İlham Əliyev tərəfindən indiyədək 35 əfv Sərəncamı imzalanıb. Bu sərəncamlarla 5672 nəfər əfv edilib.
Bunu bu gün Ədliyyə Nazirliyində keçirilən “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü” mövzusunda dəyirmi masada çıxış edən Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib.
O bildirib ki, indiyədək həyata keçirilən 11 amnistiya aktı 117 min 770 şəxsə şamil edilib.
Dəyirmi masada çıxış edən Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin rəis müavini Elçin Nəsibov bildirib ki, Amnistiya aktının imzalandığı günün ertəsi – noyabrın 6-da Penitensiar Xidmət üzrə 36 məhkum azadlığa buraxılıb.
E.Nəsibov bildirib: “Zəfər Günü münasibətilə imzalanan amnistiya aktının fərqi ondan ibarətdir ki, bu akt qanuni qüvvəyə minməmiş hökmlərə və istintaq mərhələsində olan işlərə də aid ediləcək. Akta əsasən, amnistiya ilk dəfə ağır cinayət törədilməsinə görə verilmiş cəza müddətinin çəkilməmiş hissəsi altı aya qədər olan şəxslərə də şamil ediləcək”.
Bunu Zəfər Günü münasibətilə elan olunmuş amnistiya aktına həsr edilmiş “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü” mövzusunda KİV-lərin iştirakı ilə təşkil olunan dəyirmi masada çıxış edən Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov deyib.

M.Ələkbərov qeyd edib ki, bu günədək ümumilikdə Penitensiar Xidmət üzrə 101 məhkuma amnistiya aktı şamil olunub. Amnistiya aktının şamil olunduğu məhkumlar arasında 70 qadın var. Amnistiya aktı 6 yeniyetməyə də şamil ediləcək. Onların yarısının cəzası azaldılacaq, yarısı isə azadlığa buraxılacaq.
Hazırkı amnistiya aktı genişmiqyaslı olması ilə digərlərindən seçilir. Bu amnistiya aktı Penitensiar Xidmət üzrə 5800 məhkuma, Probasiya Xidməti üzrə isə 8800 nəfərə şamil edilib. Amnistiya aktının icrası onun şamil edildiyi 17 min nəfərdən 15 minə yaxını üzrə ədliyyə orqanları tərəfindən təmin olunacaq.
Amnistiya aktının 4 bölmə və 45 hissədən ibarət olduğunu vurğulayan M.Ələkbərov bildirib ki, birinci bölmədə amnistiyanın şamil edildiyi şəxslərin siyahısı yer alıb. İkinci bölmədə tətbiq edilən məhdudiyyətlər, üçüncü və dördüncü bölmələrdə isə müvafiq olaraq aktın qüvvəyə minməsi və icra prosesi ilə bağlı məlumatlar göstərilir.
“Azadlığa buraxılacaq məhkumların cəmiyyətə adaptasiya ilə bağlı tədbirlər görülüb. Amnistiya ilə azadlığa buraxılacaq məhkumların cəmiyyətə adaptasiya ilə bağlı aidiyyəti qurumlar tərəfindən də işlər görülür. Həmin məhkumlar reabilitasiya və adaptasiya prosesi çərçivəsində müraciət edərək zəruri yardımlar ala bilərlər. Hər bir məhkum dövlət tərəfindən diqqət mərkəzində saxlanılır”.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin təşkilat nəzarət idarəsinin rəisi Vüqar Abışov “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü” mövzusunda KİV-lərin iştirakı ilə keçirilən dəyirmi masada çıxışında bildirib ki, Amnistiya aktının qəbul edildiyi gündən aidiyyəti üzrə komissiya və işçi qrupu yaradılıb. Amnistiyanın şamil ediləcəyi məhkumların siyahısının baş idarəyə təqdim olunması üçün onların şəxsi işləri, əvvəlki məhkumluqları ilə bağlı məlumatlar öyrənilir.
Məlumatların informasiya bazasından istifadə edilərək yoxlanıldığını vurğulayan V.Abışov bildirib: “Amnistiya aktının şamil olunduğu, lakin tətbiq edilmədiyi məhkum ola bilməz. Eyni zamanda, Ədliyyə nazirinin əmri ilə Penitensiar Xidmətin və ədliyyə orqanları əməkdaşlarının birgə fəaliyyəti ilə ciddi nəzarət həyata keçirilir. Penitensiar müəssisələr üzrə bu günədək 100-dən çox məhkum azad edilib. Cəza müddəti azaldılan məhkumlarla bağlı isə prokurorluğa müraciət edilib”.
Amnistiya aktının icrası üçün dörd aylıq müddətin göstərilməsinə baxmayaraq, bu prosesin daha qısa müddətdə icra olunacağını deyən Ədliyyə Nazirliyi yanında İctimai komitənin üzvü, “Konstitusiya Araşdırmaları” Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, amnistiya aktının imzalanmasından dərhal sonra 100-dən çox şəxs azadlığa buraxılıb. Amnistiyanın icrası daha tez – bir ay müddətində də yekunlaşa bilər. Amnistiya aktlarının tətbiqində sui-istifadə halları ola bilməz. Bu məsələdə Ədliyyə Nazirliyi tərəfindən çox ciddi nəzarət var. Bu proses müddətində monitorinqlər aparılacaq və ictimaiyyətə mütəmadi məlumat veriləcək.
Füzuli Əfqanoğlu,
“Hakimiyyət” qəzeti









