Aynur Sabitova: “Penitensiar Xidmət üzrə noyabrın 5-dən dekabrın 1-dək 1787 məhkuma Amnistiya aktı tətbiq edilib”
05.12.2021Bu ilin dekabrın 3-də çoxsaylı media nümayəndələrinin iştirakı ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin bir sıra Cəzaçəkmə Müəssisələrində “8 Noyabr – Zəfər Günü münasibəti ilə Amnistiya elan edilməsi haqqında” qərarın icrası həyata keçirilmişdir.
Mətbuat nümayəndələrinə açıqlamasında Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib ki, Penitensiar Xidmət üzrə, Zəfər gününün birinci ildönümü ərəfəsində “8 Noyabr – Zəfər Günü münasibəti ilə Amnistiya elan edilməsi haqqında” qərarın icrası çərçivəsində dekabrın 1-dək 1787 nəfər məhkum haqqında Amnistiya aktı tərtib edilib: Onlardan 34 nəfəri qadın, 2 nəfəri yetkinlik yaşına çatmayan, 60 nəfəri isə 60 yaşlı məhkumlardır. Artıq 1391 nəfər məhkum azad edilib. Onlardan 1023 nəfər cəzaçəkmə müəssisələrindən, 368 nəfər isə MəntəqəTipli Cəzaçəkmə Müəssisəsindən evlərinə yola salınıb. 359 nəfər məhkum müalicəyə yönləndirilib, müalicə tədbirləri bitdikdən sonra azadlığa buraxılacaq. 64 nəfər məhkumun isə cəzası 6 ay azaldılıb”.
Ədliyyə Nazirliyinin, Penitensiar Xidmətin, Baş Prokurorluğun, İctimai Şuranın və Media nümayəndələrinin iştirakı ilə dekabrın 3-də Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsindən 9, 15 saylı Cəzaçəkmə Müəssisəsindən 7, 2 saylı Cəzaçəkmə Müəssisəsindən 7, 17 saylı Cəzaçəkmə Müəssisəsində Amnistiya aktının 49 nəfərə şamil edilərək onlardan 15 məhkum və 16 saylı Cəzaçəkmə Müəssisəsindən 14 məhkum azadlığa buraxılıb. Qeyd edək ki,16 saylı Cəzaçəkmə Müəssisəsində Amnitsiya aktı ilə ümumilikdə dekabrın 3-dək 186 nəfər azad olunub. 3 il cəza alan 423 nəfərin cəzası isə 6 ay azaldılacaq.
Qeyd edək ki, Amnistiya aktı 4 ay müddətində davam etdiriləcək.
Füzuli Əfqanoğlu,
“HAKİMİYYƏT” qəzeti





















