İran parlamentinin üzvü: Azərbaycan İran üçün xüsusilə əhəmiyyətli olmaqla yanaşı, dost və qardaş dövlətdir

İran parlamentinin üzvü: Azərbaycan İran üçün xüsusilə əhəmiyyətli olmaqla yanaşı, dost və qardaş dövlətdir

11.12.2021 Off By Füzuli İsmayılov

Azərbaycan İran üçün xüsusilə əhəmiyyətli olmaqla yanaşı, dost və qardaş dövlətdir.

Bu sözləri İran İslam Şurası Məclisinin üzvü Mahmud Abbaszadə deyib. O bildirib ki, İran üçün Azərbaycanı heç bir dövlət əvəz edə bilməz. Hər iki dövlət dostluq və qardaşlıq münasibətlərini davam etdirərək xalqların mənafelərini qorumalıdırlar. İran hər zaman Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşıb. “Biz çox şadıq ki, Azərbaycan Ordusu uzun müddət işğalda qalan ərazilərini Prezident İlham Əliyevin rəhbərliyi ilə azad etdi. Azərbaycan xalqının sevinci bizim də sevincimizdir”, – deyən deputat bildirib ki, Azərbaycanın Zəfəri yeni reallıqlar yaradıb. Bu reallıqlar hər iki dövlətə fayda gətirəcək.

Deputat qeyd edib ki, İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei birmənalı şəkildə Qarabağın Azərbaycana məxsus olduğunu bəyan edib və onun azadlığı uğrunda həlak olanların şəhid olduğunu bildirib.

İran parlamentinin nümayəndəsi nəzərə çatdırdı ki, Prezident İbrahim Rəisi qonşularla əlaqələrin inkişafına xüsusi diqqət yetirir. Qonşularımız arasında Azərbaycanın xüsusi yer tutması da təsadüfi xarakter daşımır. İran və Azərbaycan xalqları müştərək tarixə, mədəniyyətə, dinə və adət-ənənələrə malikdir. Bu amillər bütün sahələr üzrə əməkdaşlıq əlaqələrinin artmasına zəmin yaradır.

M.Abbaszadə qeyd edib ki, İran və Azərbaycan prezidentlərinin Aşqabaddakı görüşü və qaz mübadiləsi haqqında imzalanan saziş iqtisadi sahədə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin daha da artırılması üçün böyük potensialın olduğunu göstərdi. Bu potensialdan istifadə edərək münasibətləri daha da yaxınlaşdırmaq zəruridir. /AZƏRTAC

 “HAKİMİYYƏT” qəzeti

Share