Fatma Yıldırım: Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin xatirəsini daim uca tutur
12.12.2021Müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin əziz xatirəsini hər zaman böyük ehtiramla anırıq. Ümummilli Lider bəşəri dəyərlər zəminində xalqın müstəqillik məfkurəsini reallığa çevirməklə müasir dövlətçilik sistemimizin mükəmməl siyasi-ideoloji, iqtisadi və mənəvi dayaqlar sistemini yaradıb. Bu böyük şəxsiyyət bütöv bir tarixi mərhələnin yaradıcısı və nadir ictimai-siyasi fenomen idi.
Bunu Milli Məclisin deputatı Fatma Yıldırım deyib. Deputat bildirib ki, Azərbaycan xalqı ümummilli lideri Heydər Əliyevin xatirəsini daim uca tutur. Müasir Azərbaycanın memarı Heydər Əliyevin 1969-cu il iyulun 14-də hakimiyyətə gəlişi xalqımızın yaddaşına möhtəşəm tərəqqiyə dönüş anı, şərəfli bir tarixin başlanğıc günü kimi həkk olunub. 1969-1982-ci illərdə ölkənin sosial-iqtisadi göstəricilərinin təhlili göstərir ki, zəngin təcrübəyə, nadir istedada malik Heydər Əliyevin rəhbərliyi altında respublikada istehsalın həcmi və məhsuldarlıq sürətlə yüksəlib, böyük nailiyyətlər qazanılıb. Haqlı olaraq deyilir ki, o dövrdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə milli şüurun və milli özünüdərkin oyanışı baş verdi ki, bu da Azərbaycanı müstəqilliyə aparan yolun başlanğıcı idi. 1971-ci ildə Bakıda C.Naxçıvanski adına hərbi məktəbin yaradılması isə milli hərbi kadrların yetirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Biz Ulu Öndərimizin bu uzaqgörən addımının Qarabağ müharibəsi zamanı nə qədər böyük önəm daşıdığının şahidi olduq.
Deputatın sözlərinə görə, 1988-ci ildən başlanan və 1993-cü ilin ortalarına qədər baş verən proseslər göstərdi ki, ulu öndər Heydər Əliyevin hakimiyyətdə olmadığı müddətdə xalqımızın başına çox böyük müsibətlər gəldi, ermənilər tərəfindən torpaqlarımızın bir hissəsi işğal olundu, Azərbaycan məhv olmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə qaldı. Ona görə də, xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyev 1993-cü ilin iyun ayında ikinci dəfə hakimiyyətə gəldi. Çox ağır bir dövrdə dövlət idarəçilik sükanını öz əlinə alan Ulu Öndərimiz özünün cəsarəti, polad iradəsi, fədakarlığı nəticəsində bütün çətinlikləri qısa müddətdə dəf etdi, Azərbaycanı məhv olmaqda xilas etdi. Ona görə də, biz haqlı olaraq Heydər Əliyevi xalqımızın xilaskarı adlandırırıq.
“Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə ölkədə sabitlik təmin olundu, qanunsuz silahlı birləşmələr ləğv olundu, Azərbaycan tərəqqi yoluna çıxdı. Ulu Öndərimiz müstəqil Azərbaycan dövlətinin möhkəm təməlini, bünövrəsini yaratdı. Bu elə bir bünövrə oldu ki, dahi şəxsiyyətin özünün dediyi kimi ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi. 1993-cü ildən 2003-cü ilədək dahi liderimiz müstəqil dövlətimizin və xalqımızın inkişafı üçün ömrünü şam kimi əritdi. O hakimiyyəti dövründə xalqımızın tərəqqisi, ölkəmizin güclənərək beynəlxalq miqyasda öz layiqli yerini tutması üçün titanik fəaliyyət göstərdi”, – deyə F.Yıldırım qeyd edib.
Müstəqil Azərbaycanın məhz Heydər Əliyevin nurlu, parlaq zəkasının bəhrəsi olduğunu vurğulayan deputat söyləyib: “Heydər Əliyev irsi elə bir zəngin xəzinədir ki, bu irsin hər zaman öyrənilməsi həyati əhəmiyyət kəsb edir. Ulu Öndərimiz bu gün cismən aramızda olmasa da, hər zaman qəlbimizdədir. Ulu Öndərin yolunu layiqincə davam etdirən Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan güclü, qüdrətli, nüfuz sahibi olan dövlətə çevrilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində doğma Qarabağımızın 30 illik işğalına son qoyularaq ərazi bütövlüyümüz bərpa edildi.
Biz fəxr edirik ki, öz ərazi bütövlüyünü bərpa edən müstəqil, güclü Azərbaycan Respublikasının vətəndaşlarıyıq. İnanırıq ki, qalib Azərbaycan Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə daha böyük nailiyyətlərə, zəfərlərə imza atacaq. Qazanılan hər bir uğurun əsasında Ulu Öndərin ideyaları, Onun müəyyənləşdirdiyi işıqlı yol dayanır”./AZƏRTAC











