“ASAN Könüllüləri” Təşkilatının fəaliyyətə başlamasının 8 illiyi qeyd olunub
23.12.2021Dekabrın 23-də “ASAN Könüllüləri” Təşkilatının “Könüldən 8 il” tədbiri gerçəkləşib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, “ASAN Könüllüləri Gənclər Təşkilatı” İctimai Birliyinin fəaliyyətə başlamasının 8 ili ilə bağlı təşkil olunan tədbirdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, gənclər və idman naziri Fərid Qayıbov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova, tərəfdaş qurumların nümayəndələri, digər könüllü təşkilatlarının rəhbərləri və ASAN könüllüləri iştirak ediblər.







Qonaqlar Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində reallaşdırılan müxtəlif tədbirlərdən, dövlət proqramlarından bəhs ediblər. Eyni zamanda, “ASAN Könüllüləri” Təşkilatı tərəfindən müxtəlif, o cümlədən vətənpərvərlik, karyera, şəxsi inkişaf və s. istiqamətlərdə reallaşdırılan layihələrdən, könüllülərə dəstək proqramlarından söz açılıb. Vurğulanıb ki, könüllülər “ASAN xidmət”in fəaliyyətə başladığı ilk gündən etibarən bu konsepsiyanın bir komponentidir. Həmin prosesə 28 mindən çox könüllü gənc qoşulub.
Sonra Təşkilatın 8 illik fəaliyyətini əks etdirən videoçarxlar nümayiş olunub və “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramının rəqs nömrələri göstərilib.
Həmçinin tərəfdaş qurumlar təltif edilib.
Qeyd edək ki, 2013-cü il dekabrın 19-dan fəaliyyətə başlayan “ASAN Könüllüləri” Təşkilatı bu günə qədər 100 minədək şəxsi əhatə edən 750-dən çox yerli və beynəlxalq layihə, 5 mindən çox təlim, tədbir reallaşdırıb.
“HAKİMİYYƏT” qəzeti









