MTN işində ŞOK DETALLAR ÜZƏ ÇIXDI

29.12.2021 Off By Füzuli İsmayılov

“10 ildən çoxdur bizə qarşı quldurluq edənlərin cəzalandırılacağı günü gözləyirik”
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesində uzun fasilə yaranıb. Səbəb hakim Elbəy Allahverdiyevin məzuniyyətə çıxmasıdır. İş üzrə proses 2021-ci ilin oktyabrında başlayıb. İndiyədək iş üzrə 5 zərərçəkən dindirilib. Sonuncu prosesdə iş üzrə zərərçəkən Əhməd Mirzəyev sərbəst ifadə verib, ona qarşı 2010-cu ildə MTN-də Mövlam Şıxəliyevin başçılığı altında törədilən cinayət barədə danışıb.

Əhməd Mirzəyevin sözlərindən bəlli olub ki, ona qarşı cinayət 2010-cu ildən 2015-ci ilə – MTN-dəki məlum əməliyyata qədər davam edib.

Zərərçəkən 5 il ərzində MTN-də üzləşdiyi cinayətlər barədə “Yeni Müsavat”a videomüsahibə verib. Əhməd Mirzəyev xüsusən qeyd edib ki, Mövlam Şıxəliyev həbsindən sonra belə onu təhdid etməkdən çəkinmir. Mövlam Şıxəliyev qohumu Əlizamin vasitəsi ilə ona hədə mesajı çatdırıb:

Əhməd Mirzəyev

“Əlizamin işçim, “Santemax” MMC-də çalışan Yasər Məmmədovla görüşüb. Ona deyib ki, Mövlam Şıxəliyev bu məsələni belə qoymayacaq. Mövlam Şıxəliyevin “içəri”də olmasından arxayın olmayın, bizim hər yerdə adamlarımız var. Əhməd Mirzəyev məhkəmədəki ifadəsinə görə cavab verəcək” –Əlizamin işçim Yasər Məmmədova hədəni bu şəkildə çatdırıb. Bu bizim üçün böyük bir təhdiddir. Mövlam Şıxəliyevin sürücüsü olan Əlizamin bu sözləri deyirsə, deməli bu adamın bildiyi bir şeylər var”.

Zərərçəkən deyir ki, Rusiyada qazandığı pullar hesabına Azərbaycanda öz biznesini qurarkən nə vaxtsa, belə bir mütəşəkkil cinayətkar quldur dəstə ilə üz-üzə qalacağını heç ağlına gətirməyib:

“2009-cu ildə Azərbyacanda “Santemax” MMC-ni təsis etdim. “Santemax” MMC-nin fəaliyyəti kafel-metlax, santexnika və digər tikinti materiallarının pərakəndə satışından ibarət olub. 2010-cu ilin fevral ayının sonları mart ayının əvvəllərində Gürcüstanda yaşayan tələbə yoldaşım Lento zəng elədi, hədiyyə göndərdiyini, hədiyyənin yanında qızıldan keçi heykəli olduğunu da dedi. Bir neçə gün sonra mənə zəng gəldi ki, hədiyyə avtovağzaldadır. Sürücü Arifi yolladım, gedib hədiyyəni götürdü. Lento demişdi ki, daş baltadan ibarət hədiyyəni mənə yollayır. Qızıldan keçini isə Zaur adlı şəxsə vermək lazımdır. Zaura zəng vurdum, onun üçün keçi fiquru gəldiyini dedim, Arifə verib Zaura yaşadıgı ünvana yolladım. Arif 2-3 saat keçəndən sonra zəng elədi, dedi ki, Zaurun evində olanda ora MTN-in Antiterror Mərkəzinin işçiləri basqın ediblər. Evdə axtarış aparıblar, MTN əməkdaşları ondan baltanı da alıblar. Arifin zəngindən təxminən 2-3 saat sonra Zaura zəng elədim. Təbriz küçəsində yerləşən “Məxməri” kafesində görüş təyin etdim. Görüşəndə Zaurdan nə baş verdiyini soruşdum. Zaur həmin baltanın qiymətini təyin etməyə gələn şəxsin yəqin MTN-in adamı olduğunu və MTN-in əməkdaşlarının həmin baltanı götürdüklərini bildirdi. Ertəsi gün səhər vaxtı mənə özümü MTN-in Antiterror Mərkəzinin əməkdaşı kimi təqdim edən Mamay Qulubəyov adlı şəxs zəng etdi. Məni MTN-ə çağırdı. Həmin gün saat 11 radələrində MTN-ə getdim. Orada özünü Mamay kimi təqdim edən şəxs məndən izahat aldı, məni videoya çəkirdilər. Həmin videoçəkiliş zamanı mənə çoxlu sayda qızıl əşyalar, qoyun və ya keçi fiquru, həmçinin balta təqdim olundu. Qətiyyətlə dedim ki, həmin qızıl əşyalar mənə aid deyil.

Əsəbiləşmişdim, hətta hədiyyə olunmuş baltanın da mənə aid olmadığını dedim. Mamay dedi ki, bu işi burada bağlayaq, nə qədər pul verə bilərsən? Mən də 5 min manatımın olduğunu dedim. O getdi və yarım saat sonra gəlib dedi ki, heç nə lazım deyil, hələlik gedə bilərəm. 27 mart 2010-cu il tarixdə Mamay yenidən zəng elədi, məni MTN-ə çağırdı. Komendaturada qeydiyyata alınmadan birbaşa İstintaq Baş İdarəsinin rəisi Mövlam Şixəliyevin otağına apardılar. Mövlam Şıxəliyev mənimlə danışanda dedi ki, düzgün ifadə ver. Təhsin Ağayevi çağırdı və izahatımı almağı ona tapşırdı. Təhsin Ağayevlə onun otağına gəldik. Danışıqlarından belə başa düşdüm ki, Təhsin Ağayev və Mövlam Şıxəliyev mənim hansı bizneslə məşğul olduğumu araşdırıb, tam bilirlər. Təhsin Ağayev “sənin nə bizneslə məşğul olduğunu biz bilirik, sən pul vermədən buradan çıxa bilməyəcəksən, 1-cinin göstərişidir, onun nəzarətində olan işdir, 500 min manat verməlisən”. Bunlar birinci deyəndə Eldar Mahmudovu nəzərdə tuturdular və pulun da ona çatacağını dedi. Mən də Təhsin Ağayevə dedim ki, məndə 500 min yoxdur. 2 gün MTN-də saxladılar. Sonra isə məhkəməyə aparıb barəmdə həbs-qətimkan tədbiri qərarı aldılar.

Mən Azərbyacanda belə bir işin baş tutacağına inanmırdım. Amma o zaman baş prokuror Zakir Qaralovla onun 1-ci müavini Rüstəm Usubov Eldar Mahmudovun, Mövlam Şıxəliyevin mənə qarşı cinayətlərinə şərik olmaqdan çəkinmədilər. Mövlam Şıxəliyevin barəmdə həbs qəti-imkan tədbiri ilə bağlı vəsatəti təqdimata çevirib məhkəməyə göndərdilər.

Mənə qaçaqmalçılıq ittihamı verdilər. Təhsin Ağayevə dedim ki, mən evimdə otura-otura necə qaçaqmalçılıq etmişəm?

Həbsdə olduğum müddətdə demək olar ki, hər gün Təhsin Ağayev məni otağına gətizdirirdi, azadlığa çıxmağım üçün 500 min manat tələb edirdi. Əks halda, hədələyirdi və ən azından qaçaqmalçılığa görə 8 il azadlıqdan məhrum olunacağımı deyirdi. Sonradan Təhsin Ağayev 500 min dollar(o zaman 1 dollar 78 qəpik idi – E.M) müqabilində məni həbsdən azad edəcəyinə söz verdi. Mən çıxılmaz vəziyyətdə qaldığımdan onun təklifi ilə razılaşdım. Başqa nə edə bilərdim? Vəkil belə tutmadım. Çünki onlar MTN-i öz şəxsi bizneslərinə çevirmişilər, şəxsi zindanları, şəxsi quldurları vardı. Ona görə də rahat razılaşdım. Çünki çarə ona qalmışdı ki, pulu tapıb rahat verim”.

Əhməd Mirzəyev deyir ki, həbsdə ola-ola əmlakını “Azəriqazbank”a girov qoyublar:

“Həmin bank onların idi. Nə istəyirdilər, onu da edirdilər. Əmlakımı “Azəriqazbank”a girov qoyub 300 min manat götürdülər. Üstünə də 75 min manat qoyub həmin pulu vəkil Təhsin Ağayevin göndərdiyi adama çatdırdı. Ümumilikdə 375 min manat pulu ona verdi. Heç bir günahım olmaya-olmaya 21 gün MTN-də təcridxanada saxlanılmışdım. Təcridxanada qeyri-insani, qəddar rəftarla üz-üzə qalmışdım.

Pul Təhsin Ağayevə çatandan sonra məni azad etdilər. Bundan sonra Təhsin Ağayev məndən əlavə 10 min dollar da aldı. Soruşdum ki, bu pulu niyə istəyirsən? Dedi ki, işi elə yazacağıq ki, məhkəmədə rahat keçsin. Mənə zəng edib dedi ki, pulu MTN-nin yanına gətir. Mən də 10 min dolları cibimə qoyub dediyi yerə getdim. Orada Təhsin Ağayevin, MTN-in İstintaq Baş İdarəsinin rəis müavini olan birinin nə durumda olmasını görmək lazım idi. Tülkü oğurluğa gəlirmiş kimi addımlayır, hər saniyə sağa, sola boylanır, əyilib-büzülüb arxaya baxırdı. Əli, ayağı, adımı deyəndə səsi belə əsirdi. Məndən 10 min dolları alıb cəld qoltuğuna basdı. “Əhməd heç kim görmür ki, heç kim yoxdur ki” deyib qaçan Təhsin Ağayevi görsəydiz, vallah nifrət edərdiz ki, bu boyda MTN-in İstintaq Baş İdarəsinin rəis müavini tülkü kimi qaçır ki, birdən bunu tutarlar. Fikirləşib ki, birdən buna tələ qurmuşam. Amma həmin vaxt mən heç nə edə bilməzdim. İndi də özünü tülkülüyə vurub, güya xəstədir. O da Mövlam Şıxəliyevin yanında oturmalıdır.

Bundan sonra barəmdə iş qaçaqmalçılıq maddəsi ilə baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərildi. Hakim Əfqan Hacıyev məndən 100 min manat istəyib 100 min dollar aldı və şərti cəza verməklə azad etdi.

Zərərçəkənin sözlərindən məlum olur ki, bundan sonra da Mövlam Şıxəliyev ondan əl çəkməyib. Hər dəfə zəng vurub ondan hədiyyə, santexnika, mal-material, ən müxtəlif işlər görməsini tələb edib:

“Bir gün zəng eləyib dedi ki, təzə “Vertu” telefonlar çıxıb, ondan al gətir. Çox rahatlıqla deyirdi. Əmr formasında deyirdi. Bu dostluq deyildi. Bu adamlar nə qədər vicdansız, haqsız, Allahsız adamdırlar ki… 21 gün MTN-də çəkdiyim əziyyət, 500 min dollar verdiyim pul, üstündən 1 həftə keçməmiş onun müavini Təhsin Ağayev mənə deyir ki, bəs sən bizə hörmət eləmirsən? Mövlam Şıxəliyev zəng edib deyirdi ki, bəs mənim ad günümdür, mənə niyə hədiyyə almamısan? Mən də ona dedim ki, sənə “Canali”dən kostyum alaram.

O da dedi ki, yox, mən “Ricci”dən geyinirəm, kostyumu oradan alacağam, sən də get pulunu ödə. 3 gün sonra “Ricci”dən zəng elədilər ki, sizin 25 min dollar borcunuz var. Ora getdim, satıcıdan soruşdum ki, buradan nə qədər kostyum alıblar ki? Çek istədim. Dedi ki, verə bilmərəm. Danışığından başa düşdüm ki, Mövlam Şıxəliyev oradan pul alıb gedib, həmin pulu da mənə ödətdirirlər. Bu orta səviyyəli dələduzun əməli idi ki, onu da Mövlam Şıxəliyev etmişdi. Bundan başqa təsisçilərindən olduğum “Slavyanka”dan ofisinə, evlərinə, iş yerlərinə su göndərməyimi tapşırmışdı. 5 il onun dediyini etdim, sonra da müflis olduğumdan oradakı payımı digər təsisçilərə ötürdüm. Mövlam Şıxəliyev zəng edirdi, deyirdi ki, Novxanıda villanı tikəndə yük maşınları qonşunun bağında yeri dağıdıblar. Ora aparıb beton tökdür, üstündən də daş vurdur. Məcbur qalıb edirdim. Dediklərini etməli idim, başqa yolum yox idi. Zəng edib deyirdi ki, restoranıma aparıb yerə daş vurdur. Ən bahalı daşı seçib deyirdilər ki, pulunu ver, hələ ustaların da, fəhlələrin də pulunu mənə ödətdirirdilər”.

Əhməd Mirzəyev deyir ki, haqq-ədalətin bərpa olunacağına əmindir:

“10 ildən artıqdır ki, bizlərə qarşı quldurluq etmiş şəxslərin cəzalandırılacağı günü gözləyirik. Prezidentimizə, dövlətimizə inanırıq. Əminik ki, bizlərə qarşı cinayət etmiş Mövlam Şıxəliyev və onun havadarları cəzalandırılacaq. Bizlərə dəymiş maddi və mənəvi ziyan tam şəkildə ödəniləcək”.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsində müttəhimlər kürsüsünə Mövlam Şıxəliyevlə yanaşı? MTN-in şöbə rəisi vəzifəsində işləmiş Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini olmuş Yasin Məmmədov və şöbə rəisinin müavini postunu tutmuş Sahib Ələkbərov çıxarılıblar. İttihama görə, Mövlam Şixəliyev və digər 3 nəfər – istintaq idarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov mütəşəkkil cinayətkar dəstə halında 14 milyon 292 min manat, 5 milyon 77 min manat məbləğində isə özgə əmlakını hədə-qorxu ilə ələ keçirib. Mövlam Şıxəliyevə qarşı Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham irəli sürülüb. Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilsələr də, ibtidai istintaq, sonradan məhkəmə dövründə də həbs olunmayıblar. İş üzrə 32 zərərçəkən və dünyasının dəyişmiş 4 zərərçəkənin hüquqi varisi var.

“HAKİMİYYƏT” qəzeti

Share