“Şuşa İli” Azərbaycanın Vətən müharibəsindəki qələbəsini diplomatik müstəvidə daha da möhkəmləndirəcək – Sevil Mikayılova

“Şuşa İli” Azərbaycanın Vətən müharibəsindəki qələbəsini diplomatik müstəvidə daha da möhkəmləndirəcək – Sevil Mikayılova

07.01.2022 Off By Füzuli İsmayılov

2022-ci ilin “Şuşa İli” elan olunması Azərbaycanın Vətən müharibəsində qazandığı qələbəni siyasi və diplomatik müstəvidə daha da möhkəmləndirəcək.

Bunu Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova bildirib ki, Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində 2022-ci ili “Şuşa ili” elan etməsi bu ilin əhəmiyyətini, tarixiliyini daha da artırmış oldu:

“Azərbaycanın mədəniyyət paytaxtı Şuşa artıq həm də ölkəmizi tanıtma simvollarından birinə çevrilib. 2022-ci ilin “Şuşa İli” elan edilməsi işğaldan azad edilən ərazilərimizin bərpasında dövlətimizin qətiyyətini, qazandığımız qələbələri dünyaya göstərmək üçün yeni imkanlar açacaq.

Bu il Şuşanın bərpasına xüsusi diqqət ayrılacaq. Aparılan işlər də imkan verəcək ki, azad olunmuş ərazilərə əhalimiz, keçmiş məcburi köçkünlərimiz daha tez və təhlükəsiz şəkildə qayıtsın. 2022-ci ilin “Şuşa İli” elan edilməsi əhalinin həmin ərazilərə qayıtmasını sürətləndirəcək”, – deyə S.Mikayılova deyib.

Milli Məclisin deputatı həmçinin qeyd edib ki, 2022-ci il Qarabağa qayıdışın önəmli mərhələsinin başlanğıcı da olacaq. Bu il də Azərbaycan Vətən müharibəsində qazandığı qələbəni siyasi və diplomatik müstəvidə möhkəmləndirəcək, “Şuşa İli” həm də buna xidmət etmiş olacaq.

“Bütün dünya, Şuşaya gələn qonaqlar, xarici diplomatlar, siyasətçilər həm Şuşanın Azərbaycan tarixinin önəmli bir hissəsi olmasının şahidi olacaqlar, həm də Azərbaycan Ordusunun necə şanlı qələbə qazandığını, hansı şücaət göstərərək torpaqlarımızı azad etdiyini anlayacaqlar”, – millət vəkili bildirib.

S.Mikayılova qeyd edib ki, Şuşanın tarixi hissəsinin qoruq elan edilməsi hələ 1977-ci ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə baş tutub:

“Hələ 1977-ci ildən Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. 28 illik işğal dövründən sonra yenidən Şuşa şəhərinin tarixi, mədəni, siyasi, strateji dəyəri özünə qaytarılır. Şuşada görülən bərpa və quruculuq işləri, dövlət başçısının Şuşaya silsilə səfərləri, görülən işlərə birbaşa özünün nəzarət etməsi də Şuşa şəhərinin tarixi, siyasi əhəmiyyətini bir daha ortaya qoyur”, – deyə S.Mikayılova vurğulayıb./Trend

“HAKİMİYYƏT” qəzeti

Share