“Dünyaya Vətən ucalığından baxırıq!..”

“Dünyaya Vətən ucalığından baxırıq!..”

08.01.2022 Off By Füzuli İsmayılov

44 günlük Vətən müharibəsinə qədərki dövrə nəzər yetirsək, həm ulu öndər Heydər Əliyev, həm də Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ölkəmizin hərbi qüdrətinin artırılmasına xüsusi önəm verildiyindən və ordumuzun inkişafına yönəlik görülən saysız-hesabsız xidmətlərdən uzun-uzadı danışmaq olar.

Təməli ölkəmizin iqtisadi gücünə söykənən hərb siyasəti nəticəsində müasir standartlara cavab verən silah və texnikalar arsenalımıza daxil edildi, şəxsi heyətin hərbi hissədə gündəlik fəaliyyətinin yüksək səviyyədə təşkil edilməsi üçün arzuolunan şərait yaradıldı, hərbçilərin sosial rifahının yüksəldilməsi üçün böyük işlər görüldü. Həmçinin Ali Baş Komandanın tapşırığı ilə ordu rəhbərliyi tərəfindən aparılan islahatlar nəticəsində hərbi qulluqçuların döyüş vərdişlərinin artırılması, habelə, mənəvi-psixoloji hazırlığın yüksəldilməsi məqsədilə fəaliyyətlər planlı və mərhələli şəkildə həyata keçirildi. Bir sözlə, Azərbaycan Ordusunun qüdrətlənməsi üçün uzun yol qət edildi. Nəticədə ordumuz böyük uğurlara imza atmağı bacardı. Dünyanın güclü orduları sırasında qərarlaşan Şanlı Azərbaycan Ordusu ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardıqları uğurlu hərb siyasətinin təcəssümüdür. Bunun məntiqi nəticəsidir ki, Azərbaycan əsgərinin 44 günlük haqq savaşında qazandığı Böyük Qələbə Ali Baş Komandana sədaqətin, xalqa inamın qələbəsi oldu.
Müharibə başa çatsa da, hərb sahəsinin güclənməsi, ordumuzun döyüşaparma və ölkəmizin özünümüdafiə qabiliyyətinin artırılması məqsədilə fəaliyyətlər planlı şəkildə davam edir. Ezamiyyətimiz zamanı bunun bir daha şahidi olduq. Quru Qoşunlarının “N” Əməliyyat (Komando) hərbi hissəsində zabit Rüfət Quliyevlə görüşüb, bölmə tərəfindən yerinə yetiriləcək fəaliyyətlərlə bağlı məlumat aldıq: “Təlim planına əsasən şəxsi heyət “Həyəcan” siqnalı ilə qaldırıldıqdan sonra, zəruri təchizatı və təminatı çevik şəkildə götürərək komandirin növbəti tapşırığı ilə hərbi avtomobillərlə daimi dislokasiya məntəqəsini tərk etməklə şərti əməliyyat rayonunda cəmləşməlidir. Əldə edilən məlumata əsasən şərti düşmənin törədəcəyi təxribatın qarşısını alma, meşə daxilində və xüsusi salınmış maneələr zolağından hərəkət edərək terror qruplaşmalarına zərərvurma, onları ələkeçirmə və digər tapşırıqları icra edəcəklər. Bundan əlavə kəskin iqlim şəraitində və çətin relyefli ərazilərdə şərti düşmənin qurduğu pusquları dəf etmə və ərazinin kəşfi qaydalarını məşq edəcəklər”.
Zabitlə söhbətdən sonra bölmənin təlimini izlədik. Şəxsi heyətin çevik hərəkəti və tapşırıqları qüsursuz yerinə yetirməsi onların yüksək döyüş hazırlığına malik olduğunu göstərirdi. Fasilə müddətində komandolarla söhbətləşmək imkanı tapdıq. Baş gizir Səftər Niftalıyev bildirdi ki, komando olmaq insandan möhkəm iradə, səbir və fiziki dayanıqlılıq tələb edir. “Adı çəkilən keyfiyyətlərin vəhdəti peşəkarlıq və müvəffəqiyyətin açarıdır. Keçirilən kursu mənimsədikdən sonra fiziki və nəzəri məşqlərlə qazandığımız təcrübələrlə bu gün bir komando olaraq gələcəyin  bacarıqlı əsgərlərini yetişdiririk. Komando olmağın əsas şərtlərindən biri çətin relyefdə, istənilən hava şəraitində qarşıya qoyulan tapşırığı uğurla yerinə yetirə bilməkdir”.

Səftərlə söhbət əsnasında öyrəndim ki, müsahibim 44 günlük Vətən müharibəsində iştirak edib. “Düşmənə olan nifrət mənim hərb sənətinə sevgimə təkan verən amildir. Böyüyəndə hərbçi (xüsusilə kəşfiyyatçı və xüsusi təyinatlı) olmaq istəmişəm, 2010-cu ildə Ağsu rayonundan həqiqi hərbi xidmətə çağırılmışam, arzusunda olduğum bölmədə xidmət keçmişəm və bu gün də arzusunda olduğum yerdəyəm. 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə yüksəkliyi istiqamətində döyüşlərdə, o cümlədən 2020-ci ilin Vətən müharibəsində Cəbrayıl, Xocavənd və Şuşa rayonları istiqamətində gedən əməliyyatlarda iştirak etmişəm. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə qeyd etdiyim rayonların azad edilməsinə görə medallarla təltif olunmuşam. Böyük Zəfər tarixinin bir parçası olmaq mənə qürur verir. Şəhidlərimizin şəhadəti mübarək olsun, qazilərimizə Allah şəfa versin”.
Təlim fəaliyyəti başa çatdıqdan sonra baş gizir Niftalıyevlə birlikdə şəxsi heyətlə tanış olduq. Əsgər Abbas İsayev də Vətən müharibəsi iştirakçısıdır. Müvafiq sərəncamlara əsasən “Döyüşdə fərqlənməyə görə”, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının azad olunmasına görə medalları ilə təltif edilib. “Doğma Qarabağımızın azad olunması tarixi əbədi tarixdir. Hər birimizin ömür boyu qürur duyacağımız tarixi zəfərdə canı ilə pay sahibi olan şəhidlərimizi ehtiramla anır, qazilərimizə şəfa diləyirəm. Biz də döyüşlərdə böyük ruh yüksəkliyi ilə iştirak etdik. Döyüşün ilk anlarında çox şeyi dərindən bəlkə də anlamırdım, çünki içimdə həyəcan hissi ilə sevinc hissi bir-birinə qarışmışdı. Yalnız anlamışdım ki, qələbəyə aparan yolun başlanğıcı bu gündür. Komandirlərimizin bizə böyük ruh yüksəkliyi ilə qələbənin uzaqda olmadığını söyləməsi bu gün kimi yadımdadır. O an bildim ki, artıq zaman yetişib və ədalətin bərpası üçün düşməni torpaqlarımızdan qovmalı, ona sarsıdıcı zərbələr vurmalıyıq. Hər kəs irəli getmək, tarixi ərazilərimizdən düşməni təmizləmək haqqında düşünürdü. Xalqımızın bizə olan inamını döyüşlər vaxtı hər an öz üzərimizdə hiss edirdik. Qələbəyə olan inamımızı kükrədən əsas səbəblərdən biri də məhz bizə olan etimadı layiqincə doğrultmaq istəyi idi. Bu gün bütün dünya Azərbaycan əsgərinin gücünü bilir. Üzərimizə düşən əsas vəzifə hərbi biliklərimizi tələb olunan səviyyədə saxlamaq, döyüş hazırlığımızı təkmilləşdirmək, qarşıya qoyulan tapşırıqların öhdəsindən bundan sonra da uğurla gəlməkdir”.
“Üçrəngli bayrağımız bu gün işğaldan azad olunan ərazilərimizdə dalğalanır. Azərbaycan əsgəri olaraq tarixi torpaqlarımızı düşməndən təmizləyib Vətən torpaqlarına birləşdirmişik və ən müqəddəs arzumuza çatmışıq”, – deyə söhbətə başlayan əsgər Rüstəm Ələkbərov da 44 günlük haqq savaşımızda iştirak edən əsgərlərimizdəndir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə  “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına  görə” medalları ilə təltif olunan əsgər, həmçinin bildirdi ki, Vətənə layiqli övlad olmaq üçün canından keçməyi bacarmalısan. “Qələbəyə gedən yolda komandirlərimizlə çiyin-çiyinə vaxtından, relyefindən, iqlimdən və hava şəraitindən asılı olmayaraq düşmənə qarşı əməliyyatlarda iştirak edirdik. Yaşımın az olmasına baxmayaraq, müharibə mənə çox şeyi öyrətdi. Vətənin nə demək olduğunu o zaman anlayırsan ki, gözünə düşməni məğlub edib torpaqları geri qaytarmaqdan başqa heç nə görünmür. Qazanılan qələbə ilə şəhidlərimizin qisasını da aldıq, atalarımızdan bizə əmanət qalan torpaqlarımızı da düşməndən azad etdik”.
Təlimdə fəal iştirak edən digər hərbi qulluqçular – əsgərlər Seymur Nəsibov və Elmar Süleymanovla həmsöhbət olduq. Onlar da qalib ordunun sıralarında, təcrübəli komandirlərlə birlikdə müqəddəs amala xidmət etməkdən qürur duyurlar. Günümüzün müasir tələblərinə uyğun qurulan ordumuzda keçirilən müxtəlif miqyaslı təlimlərin vacibliyindən danışan əsgərlərimiz, həmçinin qeyd etdilər ki, təlimdə əldə etdikləri praktiki və nəzəri biliklər sayəsində Vətən müdafiəçisi olaraq qarşıya qoyulan istənilən tapşırığın öhdəsindən gəlmək gücünə malik cəsur əsgər kimi yetişirlər.
Vətəni qorumaq ən ümdə vəzifədir. Vətəni qorumaq, onu gələcək nəslə tam şəkildə ötürməkdir, Vətəni qorumaq bayrağını zirvələrdə tutmaqdır, Vətəni qorumaq xalqını sevməkdir, onu layiqincə təmsil etməkdir. Vətən torpağının hər qarışında Vətəni qoruyaraq şəhid olanların, yaralananların qanı var  və bundan sonra da Vətəni göz bəbəyi kimi qoruyacağıq. Axı dünyaya Vətən ucalığından baxırıq!..

Fuad CƏFƏROV ,

“Azərbaycan Ordusu” qəzeti

Share