Ermənistan Kəlbəcərdə niyə gərginlik yaradır? – Növbəti məkrli plan

Ermənistan Kəlbəcərdə niyə gərginlik yaradır? – Növbəti məkrli plan

12.01.2022 Off By Füzuli İsmayılov

Ermənistan silahlı qüvvələri yanvarın 11-i günorta saatlarından etibarən Kəlbəcər rayonu istiqamətində təxribatlara başlayıblar. Təxribat nəticəsində 1 hərbi qulluqçumuz şəhid olub, düşməninsə 3 əsgəri məhv edilib. Erməni telegram kanalları əlavə olaraq 5 yaralılarının olduğunu bildirilər.

Təxribatların Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstana dəvət olunmasından sonra baş verməsi xüsusi diqqət çəkir.

Ermənistan KİV-lərində təxribatlar Azərbaycanın üzərinə atılır, KTMT-yə yenidən müraciət etməyin vacibliyi qabardılır.

Ekspertlər düşünür ki, Ermənistan Qazaxıstanda baş verənləri və KTMT-nin bu ölkəyə hərbi güc yollamasını fürsətə çevirmək istəyir. Məhz buna görə də sərhəddə təxribatlara əl atmaqla gərginliyi artırmağa çalışır. Əsas məqsədi isə KTMT-nin ölkəyə gəlişini təmin etmək, delimitasiya və demarkasiya işlərini ləngitmək, düşdüyü acınacaqlı vəziyyətdən yeni çıxış yolları tapmaqdır.

Hazırda təşkilatın sədri olan Ermənistanın Baş naziri Nikol Paşinyanın Qazaxıstana əsgər göndərmək prosesindəki canfəşanlığı da bununla əlaqələndirilir.

Onu da xatırladaq ki, 44 günlük müharibə dövründə Ermənistan buna dəfələrlə cəhd etsə də, KTMT ölkələri bütün müraciətləri geri çevirmişdi.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov da düşünür ki, Ermənistanın gərginliyi artırmaq cəhdinin bir neçə səbəbi ola bilər, ancaq ən güclü versiya bölgəyə yeni qüvvələri cəlb etməyə çalışmasıdır: “Ermənilər bəlkə də Qazaxıstanda hadisələrindən sonra öz köhnə istəklərini həyata keçirmək niyyətinə düşüblər. Bu da ondan ibarətdir ki, hərbi potensialı qat-qat Azərbaycandan zəif olduğunu bildiyinə görə, hansısa üçüncü qüvvəni müşahidəçi qismində sərhədə cəlb etsinlər. Və bununla da özlərini sığortalamaq istəyirlər. Belə olan halda da həmin qüvvələrin arxasında öz təxribat siyasətlərinə davam etsinlər”.

Tofiq Zülfüqarov onu da bildirdi ki, ordumuz bu cür təxribatlara qarşı İsrailsayağı taktika seçib. Yəni ki, bir itkinin əvəzinə 3-5 düşmən məhv edilir. Beləcə düşmənə həm artıqlaması ilə cavab verilir və həm də Azərbaycan istənilə istiqamətdə dağıdıcı zərbələr endirmək imkanında olduğunu növbəti dəfə isbat edir.

Hərbi ekspert Ədalət Verdiyev isə bildirdi ki, əvvəllər təxribatlar Baş nazir Paşinyanın Avropa görüşləri ərəfəsində baş verirdisə, indi Qazaxıstanda sülhməramlı funksiyasına cəlb olunduqdan sonra baş verdi. O əlavə etdi ki, görünür, ermənilər 44 günlük müharibədə hələ də doğru-dürüst nəticə çıxara bilməyib və anlamalıdırlar ki, atəşkəsin pozulması onlar üçün ərazi itkisi ilə nəticələnəcək: “Hesab edirəm ki, atdığımız addımların dozasını bir az da artırmalıyıq. Çünki, Ermənistan ordusu təhqir olunmasa özünü yaxşı hiss etmir. Fəaliyyətlərimizdə bunu nəzərə almalıyıq. Digər tərəfdən düşmən mövqelərdən bizə atəş açılırsa, həmin mövqe dərhal azad edilməlidir. İstənilən halda həm Basarkeçər, həm Qarakilsə, həm də Şəmşəddil rayonları tarixi Azərbaycan torpaqlarıdır. 30 il ərzində Ermənistan bizim sərhədləri tanımadısa, və bu prosesi süni şəkildə uzadırsa, o zaman biz də həmin mövqeləri rahatlıqla azad edib, sərhədlərin təyin olunmasına qədər nəzarətimizdə saxlamalıyıq.”

Ermənilərin təxribatlardan istifadə edərək KTMT-nin bölgəyə gətirilməsi niyyətlərinə gəlincə isə Ədalət Verdiyev bildirdi ki, təşkilat bu məsələ ilə bağlı Ermənistanın müraciətinə baxmaqdan 7 dəfə imtina edib: “NATO-nu, ATƏT-i, siyahıda kimin adı var idisə, hamısını çağırdılar. Kimsə gəlmədi. Bütün təşkilatlar Ermənistana məsləhət bildilər ki, gedin sərhədlərin demarkasiyasına başlayın. Amma rəsmi İrəvan bu prosesi uzadır. Bilirlər ki, bu prosesin sonunda Azərbaycanın ərazi bütövlüyünün tanınması var, bu da Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul etməyi şərtləndirir. Buna görə də Ermənistan hakimiyyəti bu prosesi uzatmaqla məşğuldur. Bu da bizim quruculuq fəaliyyətlərimizə mane olur”.

Azərbaycan Müdafiə Nazirliyindən verilən son məlumata görə, Ermənistanla dövlət sərhədimizdəki bölmələr gücləndirilmiş iş rejiminə keçib. Qeyd edək ki, Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədindəki gərginlikdən narahatlığını bildirib. Bu barədə təşkilatın Cənubi Qafqaz və Gürcüs­tan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar “Twitter”də bildirib. Qeyd edilib ki, tərəflər üçün gərginliyin azaldılması və mövcud mexanizmlərdən, xüsusən də 2021-ci ilin noyabrında Aİ-nin himayəsi altında yaradılmış Müdafiə Nazirlikləri arasında “qaynar xət”dən tam istifadə edilməsi vacibdir.

Share