Baş Prokuror: Bağlı qalmış 8 cinayət işinin açılması təmin olunub
24.01.2022Hakimiyyet.info.az xəbər verir ki,Azərbaycan Respublikası Baş Prokurorluğunun yanvarın 24-də keçirilən geniş kollegiya iclasında Baş prokuror Kamran Əliyev ötən ilin yekunları barədə çıxışı zamanı bildirib ki, 2021-ci ildə Baş Prokurorluğun İstintaq idarəsində 328 cinayət işinin ibtidai istintaqı aparılmaqla 120 şəxs barəsində 96 cinayət işinin istintaqı yekunlaşdırılıb. Bunlardan 24 şəxs barəsində 17 iş – qəsdən adamöldürmə faktları ilə bağlı olub.
İstintaq idarəsində ibtidai istintaqı tamamlanan cinayət işləri üzrə 67 milyon 165 min manat məbləğində maddi ziyanın ödənilməsi təmin edilib. Əvvəlki illərdən bağlı qalmış cinayət işlərinin açılması məqsədi ilə Baş Prokurorluğun İstintaq idarəsində prokurorluq,daxili işlər orqanları və dövlət təhlükəsizliyi xidmətinin əməkdaşlarından ibarət xüsusi istintaq qrupu yaradılmış və birgə fəaliyyət nəticəsində 2000-2021-ci illərdə qeydə alınmaqla bağlı qalmış 8 cinayət işinin açılması təmin olunub.
Bu istiqamətdə fəaliyyət davam etdirilir.
“HAKİMİYYƏT” qəzeti











