44 günlük müharibənin QƏLƏBƏ əzmi- Müharibədə həkim şücaəti
25.01.2022İkinci Qarabağ müharibəsinin başlayıb bitməsindən artıq 2-ci ilə yaxın vaxt ötür. 44 günlük müharibə ərzində Azərbaycan 30 ilə yaxın işğal altında olan ərazilərini azad edib, Cəbrayıla, Füzuliyə, Qubadlıya, Ağdama, Şuşaya, Hadruda, Xocəvəndə, Kəlbəcərə, Xocalıya bayrağımızı sancıb, Zəfər günü yazdıq.
Vətən müharibəsində hərbçilrmizlə yanaşı, tibb işçiləri də misilsiz qəhrəmanlıq və şücaət göstərərək öz adlarını şərəfli tariximizə yazdı. Müharibə zamanı 159 hərbi tibb işçisi yaralanmış, 42 tibb işçisi isə xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olmuşdur. Həlak olmuş tibb işçilərindən 9-u həkim, 7-si feldşer, 26-sı sanitardır.
Haqqında söhbət açacağımız insan, Vətən qarşısında vəzifə borcunu şərəflə yerinə yetirən həkimlərdən biri- İkinci Qarabağ savaşında yaralılarımızın həyatda qalması ilə savaşan həkim-cərrah Əşrəf Qafarovdur. Biz burada doktor Əşrəf Qafarovun tərcüməyi-halından deyil, məhz Zəfər müharibəsində göstərdiyi şücaətdən, xilas etdiyi döyüşçülərdən eşitdiklərimizi yazmaqla, 44 günlük savaşda həkimlərimizin fədakar əməyini qiymətləndirmək əzmindəyik. Həyatda qalmalarına bütün gücünü sərf edərək həkim bacarığını, biliyin sərf etmiş həkim Əşrəf Qafarov haqqında döyüşçülərimizdən biri-kapitan Çingiz İlham oğlu Həsənov belə danışır:


E P İ Z O D L A R
–Döyüşlərin başladığı ilk gündən mən bölük komandiri kimi əsgərlərimizlə birgə Tərtərdə Suqovşan istiqamətində gedən qızğın döyüşlərdə iştirak etmişəm. Döyüşlərin ilk günlərində, sentyabrın 29-da ayağımdan yaralansam da, döyüşdən ayrılmadım. Ancaq sentyabrın 30-da düşmənin ağır artilleriyalardan açdığı atəş nəticəsində sol qolumdan ağır yalandım və öncə Tərtər mərkəzi xəstəxanasına, sonra Bərdəyə və oktyabrın 1-də Yevlaxa təxliyyə olundum. Əşrəf həkimi də orada tanıdım. O, bütün həkim, tibb və sanitar heyətilə birlikdə mənim və digər yaralırımızın başı üstündən qəti ayrılmırdı. Mənim qolum ambutasiya olunandan sonra çox böyük stress keçirirdim, ancaq Əşrəf həkim o qədər məni, mənim kimi digər yaralı döyüşçülərimizi belə vəziyyətdən xilas edirdi ki… Hətta bir əsgər yoldaşımızın aldığı yaradan çölə tökülən bağırsaqlarının Əşrəf həkimin sayəsində əməliyyat edilərək bərpa olunması və nəticədə həmin əsgərin sağ qalmasını görəndə həkimlərimizin müharibə vaxtı misilsiz xidmətlərini qeyd etməmək onların haqqını itirməkdir,- desəm yanılmaram. Mən Əşrəf həkimin digər həkim yoldaşları ilə bizə göstərdiyi münasibəti heç nə ilə müqayisə etmirəm. Bizim həyatda sağ qalmağımıza ilk öncə Allah, sonra da həkimlər səbəb olub. Ali Baş Komandanın iradəsi, Ordumuzun şücaəti, xalqımızın məhəbbəti, həkimlərimizin zəhmət və bacarığı Zəfərimizi təmin edən amilllər oldu. Mən indi də Əşrəf həkimlə əlaqə saxlayır, onunla dostluq münasibətlərimi davam etdirirəm. Çünki mənim cəmiyyətə yenidən sağlam bədəndə, sağlam ruhda, qayıtmağımda bu insanın böyük zəhməti var!
Davam edəcəyik…
Füzuli Əfqanoğlu
“HAKİMİYYƏT” qəzeti,












