Öldürülən qadının üzərində zorakılıq əlamətləri aşkarlanıb

Öldürülən qadının üzərində zorakılıq əlamətləri aşkarlanıb

07.02.2022 Off By Füzuli İsmayılov

Baş Prokurorluğun Mətbuat xidmətindən Hakimiyyet.info.az-ın sorğusuna cavab olaraq bildirilib ki, fevralın 7-i Qaradağ rayonu ərazisində yaşadığı evdə 1983-cü il təvəllüdlü Qənəət Fərmanovanın üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkar edilməklə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür.

Məhkəmə-tibb ekspertinin iştirakı ilə meyit müayinə olunarkən üzərində kəsici alətlə yetirilməyə xarakterik olan çoxsaylı xəsarətlər aşkar edilmişdir.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Aparılmış istintaqla müəyyən edilmişdir ki, zərərçəkmişin tanışı 1979-cu il təvəllüdlü Asəf Cəfərzadə şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Qənəət Fərmanovaya bıçaqla çoxsaylı xəsarətlər yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Asəf Cəfərzadə saxlanılmışdır.
Hazırda cinayət işi üzrə istintaq davam edir.

“HAKİMİYYƏT” qəzeti

Share