DAYIOĞLUNUN 10 İL ƏVVƏLKİ CİNAYƏTİ AÇILDI

DAYIOĞLUNUN 10 İL ƏVVƏLKİ CİNAYƏTİ AÇILDI

12.02.2022 Off By Füzuli İsmayılov

Baş prokurorluğun Mətbuat Xidmətindən Hakimiyyet.info.az-a verilən məlumatda bildirilir ki, prokurorluq və polis orqanları tərəfindən əvvəlki illərdə törədilərək bağlı qalmış cinayətlərin açılması istiqamətində işlər davam etdirilir.

Abşeron rayonu, Saray qəsəbə sakini Bayramov Ceyhun Yunis oğlunun 21.06.2012-ci il tarixdə Xəzər dənizinin Sumqayıt şəhəri Novxanı çimərliyinə aid hissəsində dənizdə çimərkən boğulub ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq Qubadlı rayon prokurorluğunda ibtidai istintaq aparılmış, istintaqla cinayəti törətmiş şəxs və ya şəxslər müəyyən edilmədiyindən iş üzrə icraat 19.06.2014-cü il tarixli qərarla dayandırılmışdır.
Bağlı qalmış cinayət işlərinin açılması istiqamətində görülən istintaq-əməliyyat tədbirləri ilə 10 il əvvəl törədilmiş cinayətin üstü açılaraq Ceyhun Bayramovun dayısı oğlu Fuad Qasımov tərəfindən qəsdən öldürülməsi müəyyən edilmişdir.
Fuad Qasımov 08.02.2022-ci il tarixdə rayon prokurorluğunda dindirilərkən qeyd edilən tarixdə bibisi oğlu Ceyhun Bayramov ilə dənizdə çimərkən onu boğaraq öldürdüyünü etiraf etmişdir.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Fuad Qasımov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir

“HAKİMİYYƏT” qəzeti

Share