İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında təkbətək görüş olub

İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında təkbətək görüş olub

22.02.2022 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 22-də Rusiya dövlətinin başçısı ilə təkbətək görüşü olub.

Görüşdə dövlət başçıları çıxış etdilər.

Rusiya Prezidenti Vladimir PUTİN dedi:

-Salam. Təəssüf ki, pandemiya bizim normal ünsiyyət saxlamağımıza və görüşməyimizə imkan vermir. Bu da müəyyən dərəcədə narahatlıq doğurur, lakin hər halda Sizi görməyə çox şadam. Sağ olun ki, təklifimi qəbul etdiniz.

Sizin səfəriniz ikitərəfli münasibətlərimizdə əlamətdar hadisə – diplomatik münasibətlərimizin yaradılmasının 30 illiyi ərəfəsində keçir. Bu gün biz Qarşılıqlı müttəfiqlik əlaqələri haqqında Bəyannamə imzalayacağıq. Tamamilə aşkardır ki, bu, bizim münasibətlərimizin inkişafında yeni mərhələdir və şübhəsiz, bu, o cümlədən bütövlükdə hələ sona qədər nizamlanmamış, lakin həllində irəliləyiş əldə edilmiş Qarabağ münaqişəsinin tənzimlənməsinə nail olduqdan sonra mümkün olub.

Fikrimcə biz indiki həyatda hələ qarşıya çıxan problemlərə baxmayaraq, hər halda məmnun ola bilərik ki, hazırda olduğumuz səviyyəyə çatmışıq. Əlbəttə, bu barədə biz bu gün ətraflı danışacağıq. Lakin istənilən halda həm orada yaşayan bütün insanların təhlükəsizliyinin təmin edilməsi baxımından, həm də ticari-iqtisadi əlaqələrin inkişafı, nəqliyyat kommunikasiyalarının açılması baxımından artıq müəyyən razılaşmalar var.

Bilirəm ki, hələ mübahisələr var, üzərində işləniləsi məsələlər var. Lakin biz öz tərəfimizdən bu prosesin dinc vasitələrlə getməsi, sülh yolu ilə inkişaf etməsi və əlbəttə, bu prosesə cəlb edilmiş bütün tərəflərin razı qalmasına nail olmaq üçün əlimizdən gələni edəcəyik.

Yeri gəlmişkən, həm Rusiya Federasiyası, həm də bilirəm, Sizin digər qonşularınız bu məsələlərin, o cümlədən nəqliyyat kommunikasiyaları məsələlərinin həll edilməsində maraqlıdırlar, ona görə ki, bunda təkcə Azərbaycan və Ermənistan maraqlı deyil, – Rusiya da, təkrar edirəm, Sizin bütün başqa qonşular da maraqlıdırlar.

Ticari-iqtisadi əlaqələrə gəldikdə, onlar durmadan inkişaf edir. Pandemiyaya baxmayaraq, keçən il bizdə əmtəə dövriyyəsi 16 faizdən çox artıb və bu, çox yaxşı göstəricidir. Sizə təşəkkür edirik ki, Siz bizim qarşılıqlı fəaliyyətimizi dəstəkləyirsiniz. Bu baxımdan bizim çox ciddi planlarımız var. Bizim iqtisadi əlaqələrimiz yetərincə yaxşı şaxələndirilib və bu, irəliyə hərəkətin davam etməsi üçün yaxşı ilkin şərait yaradır.

Bizim üçün həssas və mənim fikrimcə Azərbaycan üçün də çox vacib olan humanitar məsələlərin həllini, ilk növbədə, rus dilinin inkişafını dəstəklədiyinizə görə Sizə təşəkkür edirik. Mən bilirəm ki, Azərbaycanın 300 məktəbində rus dili fəal öyrənilir, bu dil populyardır. Əlbəttə, biz bunu gələcəkdə də hər vasitə ilə dəstəkləyəcəyik.

Regional əlaqələr yetərincə səmərəli inkişaf edir.

Bir də, əlbəttə, fürsətdən, Sizin səfərinizdən istifadə edərək Sizi Ukrayna istiqamətində bizdə nələr baş verməsi barədə məlumatlandıracağam. Bilirsiniz ki, dünən Rusiya Donbasın iki xalq respublikasının suverenliyinin tanınması haqda qərar qəbul edib.

Bəri başdan demək istəyirəm, biz bu mövzuda – Rusiyanın imperiya sərhədləri daxilində imperiyanı bərpa etməyə hazırlaşması mövzusunda spekulyasiyaları görürük və demək olar ki, əvvəldən görürdük. Bu, əsla həqiqətə uyğun deyil.

Sovet İttifaqı dağılandan sonra Rusiya bütün yeni geosiyasi reallıqları etiraf etdi və Sizin də bildiyiniz kimi, postsovet məkanında yaranmış bütün ölkələrlə, müstəqil dövlətlərlə bizim qarşılıqlı əlaqələrimizin möhkəmləndirilməsi üzərində fəal iş aparır. Hətta məsələn, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi kimi kəskin, çox kəskin vəziyyətlərdə də biz həmişə çox səliqəli hərəkət etmişik, bu prosesə cəlb edilmiş bütün dövlətlərin maraqlarını nəzərə almışıq və həmişə qarşılıqlı məqbul həllərə nail olmağa çalışmışıq.

Təəssüf ki, Ukraynada dövlət çevrilişindən sonra biz Ukrayna ilə qarşılıqlı əlaqələrin bu səviyyəsini və keyfiyyətini görmürük, əvvəlki səviyyə yox olub. Vurğulamaq istəyirəm, məhz dövlət çevrilişindən və bu çevrilişi edənlər tərəfindən hakimiyyətin qanunsuz ələ keçirilməsindən sonra.

İndicə, Sizinlə görüşdən əvvəl Qazaxıstan Prezidenti ilə söhbət edirdim. Fikrimcə, bu, Rusiyanın qonşularımızın suverenliyini yalnız dəstəklədiyini, onu hər vasitə ilə möhkəmləndirdiyini göstərən ikinci çox yaxşı nümunədir. Qazaxıstan nümunəsi də bizim məhz bu cür siyasətimizə dəlalət edir, onu təsdiq edir.

Bildiyiniz kimi, biz beynəlxalq terrorizmin xarici təcavüzü ilə əlaqədar Qazaxıstan rəhbərliyinin xahişi ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Qazaxıstanı dəstəklədik. Bu problem aradan qalxan kimi Qazaxıstan rəhbərliyinin xahişi ilə biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının kontingenti çərçivəsində özümüzün bütün silahlı qüvvələrimizi oradan çıxartıq və bütün istiqamətlər üzrə Qazaxıstan ilə əməkdaşlığı davam etdiririk. Şübhəsiz, bu iş həm Rusiyanın, həm də Qazaxıstanın xeyrinədir və Qazaxıstanın suverenliyini möhkəmlədir.

Biz bundan sonra da bütün qonşularımızla münasibətdə bu cür hərəkət etmək niyyətindəyik. Təkrar edirəm, Ukrayna ilə bağlı vəziyyət başqadır. Bu, onunla bağlıdır ki, təəssüflər olsun, üçüncü ölkələr tərəfindən bu ölkənin ərazisindən Rusiya Federasiyasına qarşı təhdidlər yaratmaq üçün istifadə edilir. Məsələ yalnız bundadır.

İndi bizim hər şey barədə daha ətraflı söhbət etmək imkanımız olacaq. Mən təfərrüat barədə Sizi məlumatlandıracağam.

İstənilən halda demək istəyirəm ki, Sizi görməyə çox şadam.

Xoş gəlmisiniz.

XXX

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

– Çox sağ olun, hörmətli Vladimir Vladimiroviç. İlk növbədə, Rusiyaya rəsmi səfərə dəvət etdiyinizə görə sağ olun. Şadam ki, bizim əlaqələrimiz müntəzəm xarakter daşıyır. Sizinlə noyabrın sonunda görüşmüşdük, o vaxtdan üç aydan az keçib. Bu gün də mən Rusiya Federasiyasındayam. Bütün bunlar ona dəlalət edir ki, bizim münasibətlərimiz çox dinamik şəkildə inkişaf edir. Biz daim əlaqə saxlayırıq, zəngləşirik. Əlbəttə, şəxsi görüşlərimiz həmişə xüsusi əhəmiyyət kəsb edir, xüsusən ona görə ki, Siz qeyd etdiyiniz kimi, ölkələrimiz arasında ən mühüm sənədin imzalanması ərəfəsində. Rəmzi haldır ki, bu görüş, Siz qeyd etdiyiniz kimi, ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi ərəfəsində keçir. Fikrimcə, bu sənəd ölkələrimiz, qarşılıqlı əlaqələrimiz, həmçinin regional təhlükəsizlik üçün birmənalı olaraq çox müsbət əhəmiyyət kəsb edəcəkdir. Biz ölkələrimiz arasında yaranmış dostluq, mehriban qonşuluq münasibətlərini çox yüksək qiymətləndirir, onları möhkəmləndiririk. Qarşılıqlı müttəfiqlik haqqında Bəyannamənin imzalanması son illərdə bizim necə fəal işlədiyimizi və qarşılıqlı əməkdaşlığın potensialını artırmağımızı çox yaxşı illüstrasiya edir. Bu, sadəcə sözlər, sadəcə niyyətlər deyil, həm də konkret işlər olub. Bəyannamə yetərincə genişdir. Onun 40-dan çox bəndi var. Bizim qarşılıqlı fəaliyyətimizin ən mühüm sahələrini əhatə edir və artıq dediyim kimi, bizim ikitərəfli münasibətlərin gələcəyi üçün çox böyük əhəmiyyət kəsb edəcəkdir.

Bütövlükdə ölkələrimiz arasında siyasi münasibətlər son illərdə həmişə çox müsbət inkişaf edir. Hazırda bu münasibətlər ən yüksək səviyyəyə çatır. Ticari-iqtisadi əlaqələrdə yaxşı dinamika olması barədə Sizin fikrinizə şərik olduğumu bildirmək istərdim. Bizim əmtəə dövriyyəsinin həcmi artıq 3 milyard dolları aşıb və Sizin qeyd etdiyiniz kimi 16 faiz artıb. Bu ildə də artım perspektivi var, yanvar ayının göstəriciləri buna dəlalət edir. Biz çoxsaylı konkret layihələri həyata keçiririk. Əlbəttə, bu gün bu barədə də danışacağıq, humanitar sahədə gördüyümüz işləri yüksək qiymətləndirdiyinizə görə sağ olun.

Təşəkkür edirəm ki, Siz bunu həmişə vurğulayırsınız, bizim səylərimizi qiymətləndirirsiniz və düzgün olaraq qeyd etdiyiniz kimi, bu, həm Rusiya üçün, həm də Azərbaycan üçün vacibdir. Məktəblər məsələsinə gəldikdə, bir qədər dəqiqləşdirmək istərdim. Azərbaycanda təhsilin rus dilində olduğu 340-a yaxın məktəb var, bu məktəblərdə 140 mindən çox uşaq təhsil alır. Azərbaycanda 15 mindən çox vətəndaş ali məktəblərdə rus dili bölmələrində oxuyur. Mənim fikrimcə, bu, bizim münasibətlərimizin və gələcək əlaqələrimizin çox mühüm əsasıdır, ona görə ki, rus dili keçmiş Sovet İttifaqı ölkələrini həmişə birləşdirirdi və əlbəttə, rus dilini bilmədən gələcək nəsillərin əlaqələrini nizamlamaq çox çətin olar. Buna görə də, dediyim kimi, bu, həyatımızda çox mühüm amildir.

Əlbəttə, Siz qeyd etdiyiniz kimi, bu gün bizim regionda vəziyyət, münaqişədən sonrakı vəziyyət barədə danışacağıq. Rusiya Federasiyası Azərbaycan ilə Ermənistan arasında müharibənin dayandırılmasında və münaqişənin nizamlanmasının qaynar mərhələdən siyasi diplomatik sahəyə keçirilməsində çox mühüm rol oynayıb. 2020-ci ilin noyabrında Sizin fəal iştirakınızla imzalanmış üçtərəfli Bəyanat bu çoxillik münaqişəni nizamlamağımıza imkan verdi. Bu gün yeni vəziyyət yaranıb, regionda bugünkü geosiyasi reallıqlar dünya birliyi tərəfindən qəbul edilib. Rusiya Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması, nəqliyyat kommunikasiyalarının açılması, normal qonşuluq münasibətlərinin qurulması üçün imkanlar yaradılması işində çox mühüm, mən deyərdim əsas rol oynayır. Biz bu rolu çox yüksək qiymətləndiririk. Ümidvarıq ki, erməni tərəfi də bizim kimi, öz tərəfindən 2020-ci ilin noyabrında imzalanmış Bəyanatın bütün bəndlərini yerinə yetirəcək.

Beləliklə, gündəliyimiz çox genişdir, bu səfər xüsusi səfərdir. Mən Prezident kimi 48-ci dəfədir ki, Rusiyadayam. Lakin bu, xüsusi haldır. Bu gün biz tarixi xarakterli çox mühüm sənəd imzalayacağıq. Dəvətə görə bir daha təşəkkür edirəm.

Prezident Vladimir Putin: Sağ olun.

Share