Zəfər Günü münasibətilə Amnistiya aktının icrası başa çatdırıldı
12.03.2022Ədliyyə Nazirliyində martın 11-də ötən il 8 Noyabr – Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya Aktının icrasına kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə həsr olunan mətbuat konfransı keçirildi. Tədbirdə nazirliyin məsul vəzifəli şəxsləri – İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova, Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov, Probasiya Xidmətinin rəis müavini Musa Hümbətov, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının sədri Elmar Rəhimov, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvləri -“Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əlməmməd Nuriyev və “Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi” İctimai Birliyinin sədri Səadət Bənənyarlı iştirak edirdilər.
Nazirliyin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova çıxışında Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclis tərəfindən noyabrın 5-də qəbul olunmuş Zəfər Günü münasibətilə Amnistiya aktının icrası dörd ay ərzində başa çatdırıldığını bildirdi.
“Ulu öndər Heydər Əliyevin memarı olduğu müasir müstəqil dövlətçilik tariximiz çoxsaylı xoşməramlı addımlarla, hər kəsin rəğbətini qazanan humanizm nümunələri ilə zəngindir. Ölkədə insan hüquq və azadlıqlarının qorunması, eyni zamanda, cinayət törədən şəxslərin yenidən cəmiyyətə inteqrasiyası istiqamətində atılan addımların miqyası çox böyükdür. Məhz Heydər Əliyevin humanizminin nəticəsi olaraq ölkəmizdə ölüm hökmü aradan qaldırılıb və Azərbaycanın adı Şərqdə bu cəzanı ləğv edən ilk ölkə kimi tarixə düşüb. Əvvəlcə ölüm hökmü üzərində moratorium qoyulub, 1998-ci ildə isə bu cəza tamamilə ləğv edilib. Humanizm siyasətinin vacib istiqamətlərindən biri cinayət törətmiş, cinayətini etiraf etmiş və peşman olmuş şəxslərin əfv edilməsi, bağışlanmasıdır. Heydər Əliyevin həyata keçirdiyi humanizm siyasəti nəticəsində əfv və amnistiya təsisatları yaradılıb. 1995-2003-cü illərdə qəbul olunmuş 7 amnistiya aktı 77 mindən çox insana şamil edilib. İmzalanmış 32 əfv fərmanı ilə 3100-dən çox məhkum bağışlanıb,”- deyə ötən illərin bu sahədə statistik rəqəmlərini açıqlayan Aynur Sabitova qeyd edib ki, son 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə böyük tərəqqiyə nail olub, dünya birliyində yerini möhkəmləndirib. Eyni zamanda, ulu öndər Heydər Əliyevin humanizm ənənələrinə və siyasətinə sadiqlik Prezident İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edib. Ümummilli Liderin əsasını möhkəm təməllər üzərində qoyduğu humanizm siyasətini uğurla həyata keçirən Prezident İlham Əliyev əfvetmə institutunun çevik və işlək mexanizm əsasında fəaliyyətini təmin edib, hər zaman mərhəmət, insanpərvərlik və humanizm məfkurəsindən çıxış edərək, cinayət törətmiş şəxslərin bağışlanması ənənəsini yaşadıb, inkişaf etdirib. Törətdiyi cinayət əməlindən peşmançılıq keçirən, azad cəmiyyətə və normal həyata qovuşmaq istəyən məhkumların əfvlə bağlı müraciətlərini hər zaman həssaslıqla nəzərə alan dövlətimizin başçısı bayram və əlamətdar günlərdə əfv sərəncamları imzalayıb. Azərbaycan Prezidentinin son 18 ildə imzaladığı 35 əfv sərəncamı ümumilikdə 5672 nəfərə tətbiq olunub. “Heydər Əliyev Fondunun prezidenti, respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ötən dövrdə qəbul edilmiş 4 Amnistiya aktı 40 min 412 insana şamil olunub. Bu da cinayət törətmiş şəxslərin islah olunmasına və cəmiyyətə yenidən inteqrasiyasına xidmət edib”, – deyə Aynur Sabitova vurğulayıb.
Vətən müharibəsində böyük Qələbəmizi təmin edən Müzəffər Ali Baş Komandanın təşəbbüsü ilə 2021-ci il noyabrın 5-də qəbul edilmiş Zəfər Amnistiyası da Prezident İlham Əliyevin humanist siyasətinin növbəti təzahürüdür. Amnistiya aktının icrası prosesində ədliyyə orqanlarının üzərinə düşən mühüm vəzifələrin vaxtında icrasını təmin etmək məqsədilə noyabrın 5-də Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən əmr imzalanıb və Amnistiya aktının mütəşəkkil qaydada icra olunması üçün Monitorinq qrupu yaradılıb. Amnistiya aktının icrası ilə bağlı Ədliyyə Nazirliyi üzrə daxil olmuş şikayətlərin nəzarətə götürülərək araşdırıldığı bildirilib. Aktın icrası martın 5-də başa çatdırılıb.
Həmçinin qeyd olunub ki, vaxtından əvvəl şərti azadetmə institutu da effektiv fəaliyyət göstərir. Bununla əlaqədar yaradılan xüsusi komissiyanın işində vətəndaş cəmiyyətinin nümayəndələri də fəal iştirak edirlər. Pandemiya şəraitinə baxmayaraq, komissiya fəaliyyətini intensiv davam etdirib, işlərə videokonfrans formatında baxılması təmin olunub. Komissiya tərəfindən məhkumların islah prosesinə qədəm qoyması, o cümlədən davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti ətraflı araşdırılır, fərdi qaydada söhbətlər aparılır. Həmçinin məhkumlarla zərərçəkmiş şəxslər arasında barışığa nail olunması, onların sosial adaptasiyası məsələlərinin həllində vətəndaş cəmiyyətinin nümayəndələri ilə birgə əməli kömək göstərilir. Məhkumların cəmiyyətə reinteqrasiyasına böyük töhfə verən bu humanist institutun tətbiqi onların ailələrinə və yaxınlarına yüksək sevinc hissi bəxş etməklə yanaşı, cəza çəkən digər məhkumların səmərəli islah olunmasına müsbət təsir göstərir, onları qanunazidd hərəkətlərdən çəkinməyə sövq edir, haqqa, ədalətə inamlarını daha da artırır.
Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov məlumat verib ki, son iki ildə nazirliyin Penitensiar Xidmətində yaradılmış xüsusi komissiya tərəfindən sənədlərin məhkəmələrə göndərilməsi nəticəsində 3560 məhkum cəzasının çəkilməmiş hissəsindən azad edilib. Komissiyanın fəaliyyəti nəticəsində 840 məhkum məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb. İki mindən çox təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs-qətimkan tədbiri məhkəmələr tərəfindən dəyişdirilib.
Malik Ələkbərov çıxışında bildirib ki, ölkədə 2000-ci ildən indiyədək Cinayət Məcəlləsinə minə yaxın dəyişiklik edilib. Ölkə rəhbərinin tapşırığı ilə cəzaların icrasına da 200-dən artıq dəyişiklik olunub.
“Amnistiya aktı 15 min 450 nəfərə şamil edilib. Onlardan 8626 nəfər cəzadan tam azad edilib, 6490 nəfərin cəza müddəti azaldılıb. Amnistiya aktı tətbiq edilənlərin 86 nəfəri Vətən müharibəsi iştirakçısı olub. Amnistiya aktı ilə 1200 nəfər məhkum pul cərimə cəzasından azad edilib. Cərimələrin miqdarı ümumilikdə 1 milyon 500 min manat olub. Amnistiya aktı 735 qadına şamil edilib ki, onların 45-i yetkinlik yaşına çatmayan, 491 nəfəri 60 yaşına çatmış, 83-ü isə əcnəbi vətəndaşdır”, – deyə Malik Ələkbərov bildirib.
Ədliyyə Nazirliyi Probasiya Xidmətinin rəis müavini Musa Hümbətov Amnistiya aktının Probasiya Xidməti üzrə 8575 məhkuma tətbiq edilərək onlardan 5738 nəfər cəzadan azad olunduğunu, 2837 nəfərin isə cəza müddətinin azaldığını deyib.
Tədbirdə iştirak edən Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının sədri Elmar Rəhimov, eləcə də vətəndaş cəmiyyətinin nümayəndələri – “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əlməmməd Nuriyev, “Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi” İctimai Birliyinin sədri Səadət Bənənyarlı aidiyyəti ədliyyə orqanları və müvafiq məhkəmələr tərəfindən Amnistiya aktının nəticələrindən, icra və əhəmiyyətindən danışıblar.
Füzuli Əfqanoğlu,
“HAKİMİYYƏT” qəzeti



















