Xarici sərmayənin böyük həcmdə qeyri-neft sektoruna qoyulması Azərbaycanın əsas prioritetlərindən biridir
18.03.2022Dövlət başçısı cənab İlham Əliyev Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edib
Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının cari ilin mart ayının 15-də Gülüstan sarayında təməlqoyma mərasimi keçirilib. Bu stansiya ölkəmizin enerjiyə artan tələbatını ödəyəcək və Azərbaycanın ixrac imkanlarını genişləndirəcək.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mərasimdə iştirak edib. Dövlət Başçısı bildirib ki, Azərbaycan xarici tərəfdaşlar qarşısında üzərinə düşən bütün öhdəliklərini yerinə yetirir. Xarici sərmayənin Azərbaycana böyük həcmdə qeyri-neft sektoruna qoyulması əsas prioritetlərimizdən biridir. Uzun illər neft-qaz sahəsinə 10 milyardlarla dollar sərmayə qoyulubdur. Bu, imkan verdi ki, enerji sahəsində istədiyimizə nail olaq. Ölkəmizdə elektrik enerjisinin ixracı nöqteyi-nəzərdən böyük potensial var. Azərbaycan dörd qonşu ölkəyə ixracı artıq təmin edib. Gələcəkdə ölkəmiz digər bazarlara da elektrik enerjisi ilə çıxacaq. Bunu nəzərə alaraq, hər bir yeni stansiyanın inşa olunması ixrac imkanlarımızı da artırır.
Cari ilin əvvəlindən energetika sahəsində çox önəmli addımlar atılıbdır. Yanvar ayında bu sahədə məşhur olan, Səudiyyə Ərəbistanını təmsil edən “ACWA Power” şirkəti ilə 240 meqavat gücündə Külək Elektrik Stansiyasının təməli qoyuldu. Fevral ayında “Azərenerji” tərəfindən inşa edilmiş 385 meqavat gücündə elektrik stansiyasının açılışı oldu. 2023-cü ildə əlavə güclər Azərbaycanın ümumi sisteminə daxil ediləcək və bu işin başlanğıc hissəsidir.
İşğaldan azad edilmiş ərazilər böyük potensiala malikdirlər. Artıq dəqiq hesablamalar aparılıb və günəş, külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər. İlkin addımlar da atılır, BP şirkəti ilə generasiya gücü 200 meqavatdan çox olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir. Digər böyük şirkətlər bu bölgəyə maraq göstərirlər. Qısa müddət ərzində görülmüş işlər Azərbaycanın iqtisadi potensialından xəbər verir. Keçən il 4 su elektrik stansiyası bərpa olunub. Onların ümumi generasiya gücü 20 meqavatdır. Cari il isə 5 su elektrik stansiyasının yenidən qurulması planlaşdırılır və bu stansiyaların generasiya gücü 27 meqavat olacaqdır. Bu stansiyaların ancaq Kəlbəcər və Laçın rayonlarında sayı 30-dan çox olacaqdır və bu, su elektrik stansiyalarıdır. Günəş və külək elektrik stansiyalarının yaradılması üçün daha böyük potensial var. Bütün infrastruktur yaradılıb, daxili xətlər müasirləşdirilib, bir çox yarımstansiyalar inşa olunub, o cümlədən azad edilmiş torpaqlarda cəmi bir il ərzində 7 yarımstansiya yaradılıbdır.
Vaqif Mirzəyev,
Göygöl Telekommunikasiya qovşağının rəisi











