Şəhidlərimiz gənclərimizə örnəkdir – Səbail rayonunda Şəhidlərin məzarı ziyarət olundu
24.03.2022Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir. Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Onları yaşatmaq, tanıtmaq, hər şəhid ailəsinə hörmətlə yanaşmaq hamımızın vətəndaşlıq borcudur.
Hakimiyyet.info.az xəbər verir ki, martın 23-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, Yeni Azərbaycan Partiyası(YAP) Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, rayonun hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhid ailələrinin üzvləri və rayon ictimaiyyətinin nümayəndələri, din xadimləri tərəfindən Şəhidlik zirvəsinə ucalan Murad Qurbanov və Cavidan İbrahimlinin doğum günü münasibətilə məzarları ziyarət edilib.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhidlərin məzarları önünə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub.









Şəhidlərin ailə üzvləri Prezidenti İlham Əliyevin onlara göstərilən isti münasibətdən, onların sosial müdafiəsinin gücləndirilməsi, rifah halının yaxşılaşdırılması məqsədilə imzaladığı fərman və sərəncamlardan məmnunluq ifadə edərək dövlətimizin Başçısına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Vətən müharibəsinin ilk günlərindən düşmənə qarşı mübarizəyə qoşulan Murad Qurbanov oktyabrın 11-də, Cavidan İbrahimli isə oktyabrın 24-də Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olaraq Şəhidlik zirvəsinə ucalıblar.
Döyüşlərdə göstərdikləri qəhrəmanlığa görə ölümlərindən sonra Qurbanov Murad Asif oğlu Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə”, İbrahimli Cavidan Nizami oğlu “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunublar.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov Badamdar qəsəbəsindəki Şəhidlərin məzarları önündə geniş nitq söyləyərək öncə şəhidlərin ailə üzvlərinə başsağlığı vermiş, bir daha dövlətin, ictimaiyyətin Şəhidlərimizin xatirəsini əziz tutaraq onların yanında olmasından, sevgiylə, qürurla anılmasından danışaraq ailə şəhidlərin ailə üzvlərinə ehtiramını bildirmişdir. Vuqar Zeynalov ölkəmizdə hər bir şəhid ailəsinin bundan sonra da dövlət qayğısı ilə əhatə olunacağını qeyd edərək bildirmişdir ki: “44 günlük Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi və 30 ilə yaxın düşmən tapdağı altında qalmış torpaqlarımız işğaldan azad edildi. Biz bu qələbəni, bu xoşbəxtliyi, bu qüruru bizə yaşadan Ali Baş Komandan cənab İlham Əliyevə, şəhidlərimizə və qəhrəman hərbçilərimizə borcluyuq”.
Rayon rəhbərinin çıxışından sonra ilahiyyatçı-din xadimi, ilahiyyat elmləri doktoru, İşərişəhər “Cümə” məscidinin axundu Hacı Surxay Məmmədli, rayonun ictimaiyyət nümayəndələri də çıxışlarında şəhidlərimizə olan ehtiram və məhəbbətdən danışdılar. Şəhidlərin ailə üzvləri çıxışlarında rayon rəhbərliyinə, İcra Hakimiyyətinin Başçısı Vüqar Zeynalova tədbirin təşkilinə görə minnətdarlığını ifadə etdilər.
Tədbirin sonunda Səbail Rayon İcra Hakimiyyəti Başçısının rəhbərliyi ilə Badamdar qəsəbəsindəki Mərasim evində Şəhidlərin xatirəsinə ehsan verildi.
Füzuli Əfqanoğlu,
“HAKİMİYYƏT” qəzeti











