Qırğız Respublikasının Prezidenti Azərbaycanda

Qırğız Respublikasının Prezidenti Azərbaycanda

21.04.2022 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, Azərbaycan Respublikasına rəsmi səfərə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 20-də rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Qırğız Respublikasının Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarovu qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Qırğız Respublikasının Prezidentinə raport verdi.

Prezident Sadır Japarov Azərbaycan əsgərlərini salamladı.

Prezident İlham Əliyev və Prezident Sadır Japarov fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Qırğız Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Azərbaycan nümayəndə heyəti Qırğızıstan Prezidentinə, Qırğızıstan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

Azərbaycan və Qırğızıstan prezidentlərinin təkbətək görüşü olub

Aprelin 20-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə təkbətək görüşü olub.

Qırğızıstan Prezidentini salamlayan Azərbaycan Prezidenti İlham Əliyev dedi:

-Hörmətli cənab Prezident, Sizi Azərbaycanda salamlamağa şadam. Bizim ölkəmizə xoş gəlmisiniz. Əminəm ki, səfər çox səmərəli olacaq, yaxşı nəticələr verəcək. Biz bütün sahələrdə fəal qarşılıqlı əlaqə saxlamaq əzmindəyik. Əminəm ki, Sizin səfəriniz bizim münasibətlərimizin daha da möhkəmlənməsinə xidmət edəcək, çoxlu sənədlər imzalanacaq. Əlbəttə, hesab edirəm ki, həmin sənədlərdən ən əsası Strateji Tərəfdaşlıq haqqında Bəyannamədir. Bu, bizim münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə çatdıracaq. Biz buna görə çox şadıq. Münasibətlərimizin möhkəm təməli var. Bu, xalqlarımızın qardaşlıq əlaqələridir. Bu gün biz dövlətlərarası münasibətləri belə bir möhkəm təməl üzərində, bu prinsiplər əsasında qururuq.

Gələn il biz diplomatik münasibətlər qurulmasının 30 illiyini qeyd edəcəyik. Bu, böyük tarixdir, çox iş görülüb, lakin hələ çox iş görülməlidir. Əminəm ki, həm beynəlxalq qurumlarda əməkdaşlıq çərçivəsində, həm də ikitərəfli formatda yeni nailiyyətlər, yeni nəticələr olacaq. Bu gün biz qarşılıqlı iqtisadi fəaliyyət, nəqliyyat, ölkələrimiz arasında əmtəə dövriyyəsinin artırılması və əlbəttə, müasir dünyada xüsusi diqqət tələb edən regional təhlükəsizlik məsələləri barədə ətraflı danışacağıq. Düşünürəm ki, bu məsələlərə dair fikir mübadiləsi də çox faydalı olacaq.

Sizi bir daha salamlamaq istəyirəm. Təşəkkür edirəm ki, Azərbaycana rəsmi səfər barədə dəvətimi qəbul etmisiniz. Ölkəmizdə vaxtınızın yaxşı və xoş keçməsini arzu edirəm.

Qırğızıstan Prezidenti Sadır Japarov dedi:

-Sağ olun, hörmətli İlham Heydər oğlu. İlk növbədə, məni Azərbaycan Respublikasına rəsmi səfərə dəvət etdiyinizə görə Sizə səmimi qəlbdən minnətdaram. Qonaqpərvərliyə və səmimi qəbula görə təşəkkürümü bildirirəm.

Vurğulamaq lazımdır ki, Qırğızıstan-Azərbaycan münasibətlərinin əsası beynəlxalq miqyaslı tarixi şəxsiyyət, Sizin atanız, möhtərəm Heydər Əliyev tərəfindən qoyulub. O vaxtdan bizim aramızda, Qırğızıstan ilə Azərbaycan arasında çox yaxşı münasibətlər var. Biz azərbaycanlı qardaşlarımızla əməkdaşlığa həmişə hazırıq. İcazə verin, qonaqpərvərliyə və Sizinlə görüşmək imkanı yaratdığınıza görə bir daha təşəkkürümü bildirim. Sağ olun.

Prezident İlham Əliyev: Sağ olun.

Azərbaycan və Qırğızıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib

Aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun geniş tərkibdə görüşü keçirilib.

Görüşdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev dedi:

-Hörmətli cənab Prezident, hörmətli qonaqlar. Sizi Azərbaycanda bir daha salamlayıram. Bu gün bizim ikitərəfli münasibətlərdə çox əlamətdar gündür – Qırğızıstan Prezidenti Azərbaycanda rəsmi səfərdədir. Biz Sizi salamlamağa və münasibətlərimizin inkişaf perspektivlərini müzakirə etmək imkanına görə çox şadıq.

Cənab Prezidentlə biz ikitərəfli gündəlik, regional məsələlər barədə fikir mübadiləsi aparmışıq və bu səfərdən istifadə edərək maksimum nəticəyə nail olmaq əzmindəyik. Bu gün çoxlu sənədlər imzalanacaq. Bu barədə biz artıq danışmışıq. Bizim münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatır. Bu, çox əlamətdar hadisədir, çünki qarşılıqlı fəaliyyətdə olduğumuz 29 il ərzində biz, əlbəttə, bir sıra istiqamətlər üzrə fəal işləmişik, lakin münasibətlərimiz bu səviyyədə olmayıb. Strateji tərəfdaşlıq həm böyük üstünlüklər, həm də böyük məsuliyyət deməkdir. Əminəm ki, gələcəkdə də həmişə, beynəlxalq qurumlarda da bir-birimizi dəstəkləyəcək, ikitərəfli planda fəal işləyəcəyik.

Bu gün biz investisiya layihələri ilə bağlı çox məsələləri müzakirə etdik. Bu gün geniş tərkibdə görüşdə bu barədə daha ətraflı danışacağıq – nəqliyyat infrastrukturu ilə bağlı məsələlər, bizim nəqliyyat imkanlarımızı birləşdirməyin mümkünlüyü. Biz Qırğızıstanda və Azərbaycanda həyata keçirilmiş layihələr və onları qarşılıqlı faydalı şəkildə necə əlaqələndirməyin mümkün olması barədə fikir mübadiləsi aparmışıq. Kənd təsərrüfatında əməkdaşlığın inkişafı ilə bağlı məsələləri də müzakirə etmişik. Burada da böyük perspektivlər var. Yəni, məsələlərin əhatə dairəsi genişdir.

Əminəm ki, biz səfərin yekunlarına əsasən əldə edilmiş razılaşmaların reallaşması üçün konkret proqram müəyyən edəcəyik. Əlbəttə, düşünürəm ki, lap yaxın vaxtlarda hökumətlərarası komissiyanın iclasını keçirmək lazım olacaq. Həmin komissiya sonuncu dəfə üç il bundan əvvəl iclas keçirib. Fikrimcə, səfərin yekunlarına əsasən prezidentlərin verəcəyi tapşırıqlar da məhz həmin hökumətlərarası komissiyanın iclası çərçivəsində nəzərdən keçirilməlidir.

Beləliklə, hörmətli cənab Prezident, Sizi bir daha ürəkdən salamlayıram. Xoş gəlmisiniz. Azərbaycanda vaxtınızın yaxşı və xoş keçməsini arzu edirəm.

X X X

Qırğızıstan Prezidenti Sadır Japarov dedi:

-Sağ olun, hörmətli İlham Heydər oğlu. Hörmətli nümayəndə heyətinin üzvləri.

İlk növbədə, məni Azərbaycan Respublikasına rəsmi səfərə dəvət etdiyinizə görə Sizə səmimi qəlbdən minnətdaram. Azərbaycanlı qardaşlarımız tərəfindən ənənəvi qonaqpərvərliyə və səmimi qəbula görə bizim nümayəndə heyəti adından təşəkkürümü bildirirəm. Fikrimcə, rəmzi haldır ki, bizim bugünkü görüşümüz Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında Dostluq və Əməkdaşlıq Haqqında Müqavilənin 25 illiyi və Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlər qurulmasının 30-cu ildönümü ərəfəsində keçirilir. Vurğulamaq lazımdır ki, Qırğızıstan-Azərbaycan qarşılıqlı münasibətlərinin əsası beynəlxalq miqyaslı tarixi şəxsiyyət, Azərbaycanın ümummilli lideri möhtərəm Heydər Əliyev tərəfindən qoyulub.

Hörmətli İlham Heydər oğlu, icazə verin, varisliyi qoruyub saxladığınıza görə Sizə minnətdarlığımı bildirim. Bu varislik sayəsində bizim münasibətlərimiz bu gün də uğurla inkişaf edir. Hesab edirəm ki, bizim müasir Qırğızıstan-Azərbaycan münasibətlərinin qurduğumuz etibarlı təməli olmasaydı, qarşılıqlı əlaqələrimizin fəallığı mümkün olmazdı. Bu, xalqlarımız arasında dərin tarixi və mənəvi əlaqələrdir. Bu baxımdan məmnunluqla qeyd edirik ki, iki ölkə arasında hər hansı siyasi ziddiyyət yoxdur. Buna görə biz bu əlverişli şəraitdən istifadə etməyə və qurucu səylərimizi birləşdirərək iki ölkənin qardaş xalqları naminə əməkdaşlığımızı genişləndirməyə borcluyuq.

Bu gün dünyada baş verən dərin dəyişikliklər bizə yeni tipli münasibətlər qurmaq üçün tarixi şans verir. Bu münasibətlərin əsası ləyaqət və şərəf kimi əzəli türk dəyərləridir.

Hörmətli İlham Heydər oğlu, Sizin fikrinizə şərikəm ki, bizim ticari-iqtisadi sahədə əməli əməkdaşlıq üçün geniş imkanlarımız var. Bu gün biz iqtisadiyyatımızın liberallaşdırılmasına yönəlmiş addımlar atırıq. İnvestisiya qanunvericiliyi təkmilləşdirilir, bununla əlaqədar Qırğız Respublikasının digər ölkələrlə investisiya əməkdaşlığı fəallaşır. Odur ki, biz Azərbaycanın biznes dairələrini bizim ölkədə investisiya imkanlarını fəal öyrənməyə və azad iqtisadi zonaların, güzəştli vergi və gömrük rejimlərinin öyrənilməsinə diqqəti artırmağa dəvət edirik. Şübhəsiz, bu, ölkələrimiz arasında işgüzar əməkdaşlığın fəallaşmasına kömək edəcək.

Fəal mədəni-humanitar əməkdaşlıq vasitəsilə ölkələrimizin xalqlarının qarşılıqlı zənginləşməsini qeyd etməyə şadam. Mədəniyyət xadimləri müntəzəm mübadilələr edir, xalqlarımız arasında əsl dostluq körpülərinin möhkəmlənməsinə kömək edirlər. Bundan əlavə, ölkələrimiz BMT, ATƏT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, MDB və Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli formatda sıx qarşılıqlı fəaliyyət göstərir. Qırğızıstan Şanxay Əməkdaşlıq Təşkilatında Azərbaycanın statusunun müşahidəçi səviyyəsinə qədər artırılmasını hərtərəfli dəstəkləyir.

Hörmətli İlham Heydər oğlu, bu gün bizim qarşılıqlı münasibətlərimizin keyfiyyətcə yeni səviyyəyə çatdırılması üçün hər cür şərait yaranıb. Bununla əlaqədar, Qırğızıstanın iki dövlət arasında strateji tərəfdaşlıq münasibətləri qurulması barədə təşəbbüsünü dəstəklədiyinizə görə Sizə səmimi qəlbdən təşəkkür edirəm. Əminəm ki, bu gün yaradılan dövlətlərarası şura hökmən ölkələrimiz arasında əməkdaşlığın daha da genişlənməsinə və möhkəmlənməsinə şərait yaradacaq.

Bizim böyük yazıçımız Çingiz Aytmatov deyirdi: “Okeana bənzəyən “Manas” eposu əsrlərin dərinliyindən gələn qırğız mənəvi irsinin parlaq zirvəsidir. Bu, dünya miqyaslı ən iri eposdur, onun aparıcı mövzusu isə birlikdir. Onun dəyərləri bizim şüurumuzda dərin kök salıb, buna görə də biz birliyi, şərəfi, ədaləti dərindən qiymətləndirir və ona ehtiram bəsləyirik”. Biz bu dəyərlər əsasında azərbaycanlı qardaşlarımızla səmərəli işə hazırıq və inanırıq ki, birlikdə daha yaxşı dünya qurulmasına öz töhfəmizi verəcəyik. Bundan ötrü bizim hər cür ilkin şəraitimiz var. “Manas” eposunun 1000 illik yubileyi ilə bağlı şənliklərdə möhtərəm Heydər Əliyev demişdi: “Biz bir-birimizi qəlbən hiss edir və başa düşürük”.

İcazə verin, qonaqpərvərliyə və Sizinlə geniş tərkibdə görüşmək imkanına görə bir daha səmimi təşəkkürümü bildirim. Çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 20-də Bakıda geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub.

“Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyənnamə”ni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov imzaladılar.

“Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında Memorandum”u Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov imzaladılar.

“Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Qırğız Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlıq haqqında Memorandum”u Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov və Qırğız Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Almazbek Akmataliyev imzaladılar.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə Qırğız Respublikası İctimai Teleradio Yayımları Korporasiyası arasında əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov və Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev imzaladılar.

“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Qırğız Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov və Qırğız Respublikasının kənd təsərrüfatı naziri Askarbek Canibekov imzaladılar.

“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Qırğız Respublikası İqtisadiyyat və Kommersiya Nazirliyi yanında Antiinhisar Tənzimlənməsi Xidməti arasında əməkdaşlıq haqqında Memorandum”u Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Qırğız Respublikasının iqtisadiyyat və kommersiya naziri Daniyar Amangeldiyev imzaladılar.

“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qırğız Respublikasının Rəqəmsal İnkişaf Nazirliyi arasında rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın inkişafı haqqında Memorandum”u Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Qırğız Respublikasının rəqəmsal inkişaf naziri Talantbek İmanov imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında hava əlaqəsi haqqında Saziş”i Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Qırğız Respublikasının nəqliyyat və kommunikasiya naziri Erkinbek Osoyev imzaladılar.

“Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi ilə Qırğız Respublikasının Nazirlər Kabineti yanında Əqli Mülkiyyət və İnnovasiya Dövlət Agentliyi arasında əqli mülkiyyətin qorunması sahəsində anlaşma və əməkdaşlıq haqqında Memorandum”u Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayev imzaladılar.

“Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Qırğız Respublikasının Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayev imzaladılar.

Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər.

Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı

-Hörmətli cənab Prezident, hörmətli qonaqlar.

Cənab Prezident, Sizi Azərbaycanda bir daha səmimi qəlbdən salamlayıram. Şadam ki, Siz mənim dəvətimi qəbul edib ölkəmizə rəsmi səfərə gəlmisiniz. Biz Sizinlə ötən ilin sonunda görüşmüşük. Bizim ilk görüşümüzdə mən Sizi Azərbaycana səfərə dəvət etdim. Şadam ki, qısa vaxtdan sonra, – heç 6 ay keçməmiş, – Siz Azərbaycana gəlmisiniz. Biz buna dostluğumuzun və qardaşlıq münasibətlərimizin əlaməti kimi baxırıq. Bu gün Qırğızıstan Prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində biz ikitərəfli qarşılıqlı fəaliyyətin geniş spektrini gözdən keçirdik, əməkdaşlığımızın gündəliyindəki məsələlərə ətraflı nəzər saldıq. Həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə münasibətlərimizi intensivləşdirmək əzmində olduğumuzu bildirdik. Biz dost və qardaş dövlətlərik. Bu gün bizim münasibətlərimiz keyfiyyətcə yeni səviyyəyə çatıb. On sənəd imzalanıb, mən onların arasında ikisini – Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandumu xüsusi vurğulamaq istərdim. Hər iki sənəd bizim münasibətlərin xarakterini və formasını əsasən qabaqcadan müəyyən edəcək. Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və bizi məhz strateji xarakterli əməkdaşlığa kökləyir. Biz Dövlətlərarası Şura çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələləri, həm də regional və beynəlxalq problemləri daha effektli və fəal surətdə müntəzəm müzakirə edəcəyik.

Beynəlxalq sahəyə gəlincə, deməliyəm ki, Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq həmişə bir-birini dəstəkləyir. Biz Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyi müddətinin uzadılmasında Qırğızıstanın dəstəyinə görə minnətdarıq. Biz BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO çərçivəsində həmişə bir-birimizi dəstəkləyirik.

Ticari-iqtisadi sahəyə gəlincə, bu gün bu məsələyə xüsusi diqqət yetirildi. Çünki əlbəttə, Prezidentlə fikir mübadiləsi apardıq ki, əmtəə dövriyyəsinin mövcud səviyyəsi bizi qane edə bilməz. Fikrimcə, nümayəndə heyətlərinin üzvlərinə verilən tapşırıqlar qarşılıqlı ticarətin həcmini qısa müddət ərzində artırmağa imkan verəcək.

Bu gün nəqliyyat infrastrukturu ilə və Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün səylərimizi necə birləşdirməklə bağlı məsələlər ətraflı müzakirə olundu. Azərbaycanda yüklərin bütün istiqamətlərə – həm Şimala, həm Cənuba, həm də Qərbə göndərilməsinə imkan verən müasir nəqliyyat infrastrukturu yaradılıb. Əlbəttə, bu imkanlar, bizim liman infrastrukturunun imkanları qırğız qardaşlarımızın sərəncamındadır.

Bu gün biz Qırğızıstanın investisiya imkanları barədə də ətraflı danışdıq. Bildiyimiz kimi, Qırğızıstan Prezidenti enerji infrastrukturu məsələləri ilə çox fəal məşğul olur. Fikrimcə, Qırğızıstan iqtisadiyyatının bu sektoru Azərbaycan şirkətlərinə maraqlı olardı. Bizim şirkətlərimizin müasir enerji müəssisələrinin, elektrik stansiyalarının, o cümlədən istilik elektrik stansiyalarının yaradılmasında müəyyən təcrübəsi var. Fikrimcə, burada səylərin birləşdirilməsinə və Azərbaycanın investisiya potensialına çox ehtiyac olardı.

Mən əminəm ki, bu və digər məsələlər bu gün cənab Prezidentin Azərbaycanın aparıcı şirkətləri ilə görüşü zamanı daha ətraflı müzakirə ediləcək. Dediyim kimi, Azərbaycan şirkətlərinin bu görüşə çox böyük marağı var. Bu, məhz onunla bağlıdır ki, Qırğızıstan Prezidentinin rəhbərliyi ilə həm xarici investisiyaların cəlb edilməsi, həm də əlverişli investisiya şəraitinin yaradılması üçün çox mükəmməl investisiya siyasəti həyata keçirilir. Bu, əlbəttə ki, Qırğızıstan Prezidentinin nəzərdə tutduğu bütün planların qısa müddət ərzində yerinə yetirilməsinə imkan verəcək.

Biz, əlbəttə, ticari-iqtisadi münasibətlər məsələləri ilə yanaşı, kənd təsərrüfatı ilə bağlı məsələləri də müzakirə etdik. Burada müvafiq nazirlərə konkret tapşırıqlar verdik. Fikrimcə, Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti prezidentlərin tapşırıqlarının əməli surətdə yerinə yetirilməsi məqsədilə yerində iş aparmaq üçün yaxın vaxtlarda Qırğızıstana səfər edəcək. Əlbəttə, bizi birləşdirən humanitar sahə, bizim mədəni irsimiz, bizim ortaq tarixi, mənəvi köklərimizdir. Bütün bunlar bizim dövlətlərarası münasibətlərdə həmişə mövcud olmuş və olacaq amildir. Biz Azərbaycanın qədim Şuşa şəhərinin gələn il türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünü dəstəklədiyinə görə Qırğızıstana təşəkkür edirik. Biz bütün türk dövlətlərinin, o cümlədən Qırğızıstanın bu qərarını çox yüksək dəyərləndiririk. Şuşa şəhərinin bərpası üzrə planlarımız fəal icra olunur və icra olunacaq. Bu səbəbdən türk dünyasının mədəniyyət paytaxtı adını daşımaq kimi yüksək şərəf bizim üzərimizə qədim, gözəl şəhərimizi daha fəal bərpa etmək öhdəliyi qoyur.

Başqa sözlə desək, bu gün müzakirə etdiyimiz bütün məsələlərə dair, – nümayəndə heyətinin üzvləri hələ dünən ünsiyyətdə olublar, – aramızda tam qarşılıqlı anlaşma var və biz imzalanmış sənədlərdə bunu təsbit etmişik. Təbii ki, bir daha qeyd etmək istəyirəm, bu sənədlər arasında ən əsası Strateji Tərəfdaşlıq haqqında Bəyannamədir. Biz bundan sonra da bütün məsələlərdə bir-birimizi dəstəkləyəcək, əməkdaşlıq edəcək və müvafiq strukturlarımızın fəaliyyətində konkret nəticələrə nail olacağıq.

Mən Qırğızıstan Prezidentinə dəvətimi qəbul edib, bu gün ölkəmizdə səfərdə olduğuna görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Bir daha xoş gəlmisiniz.

X X X

Sonra Qırğızıstan Prezidenti Sadır Japarov bəyanatla çıxış etdi.

Prezident Sadır Japarovun bəyanatı

-Sağ olun, hörmətli İlham Heydər oğlu.

Hörmətli kütləvi informasiya vasitələrinin nümayəndələri, hörmətli xanımlar və cənablar.

İlk növbədə, icazə verin, səmimi qəbul və ənənəvi qonaqpərvərliyə görə Azərbaycan Respublikasının Prezidenti, hörmətli cənab İlham Heydər oğlu Əliyevə və bütün Azərbaycan xalqına Qırğız Respublikasının nümayəndə heyəti adından dərin minnətdarlığımı bildirim. Çox rəmzi haldır ki, mənim Azərbaycan Respublikasına ilk rəsmi səfərim qardaş ölkələrimiz arasında Dostluq və Əməkdaşlıq Haqqında Müqavilənin 25 illiyi və diplomatik münasibətlər qurulmasının 30-cu ildönümü ərəfəsində keçir.

Biz indicə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələlərinə dair məzmunlu danışıqlar apardıq, beynəlxalq və regional mövzulara dair fikir mübadiləsi etdik. Danışıqlar dövlətlərimiz arasında qardaşlıq münasibətlərini səciyyələndirən tam qarşılıqlı anlaşma, səmimiyyət və etimad şəraitində keçdi. Biz dostluq əlaqələrinin fəallaşması və genişlənməsi kursunun dəyişməzliyini təsdiq etdik. Bu gün biz Qırğızıstan ilə Azərbaycan arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdırdıq. İndicə müvafiq Bəyannaməni imzaladıq. Bu, tarixi xarakterli mühüm sənəddir və tamamilə aşkardır ki, bizim münasibətlərimizin inkişafında yeni mərhələyə hər iki tərəfin səyləri sayəsində çatmışıq. Bizim hədəfimiz beynəlxalq məkanlarda fəal qarşılıqlı əlaqə, siyasi dialoqun möhkəmlənməsi, daha sıx iqtisadi əlaqələr yaradılması və inkişaf etdirilməsi, iri investisiya layihələrinin birgə həyata keçirilməsi, habelə humanitar əməkdaşlığın daha da genişləndirilməsidir. Əlbəttə, bu, etibarlı təməl, xalqlarımız arasında dərin tarixi və mənəvi əlaqələr olmadan mümkün olmazdı.

Bu gün biz Dövlətlərarası Şuranı da təsis etdik. Onun iclaslarında ölkələrimiz arasında münasibətlərin inkişafının ən mühüm məsələlərinə baxılacaq. Bütövlükdə cəmi on mühüm sənəd və saziş, o cümlədən kənd təsərrüfatı, informasiya texnologiyaları, aviasiya nəqliyyatı, antiinhisar nizamlama və intellektual mülkiyyətin qorunması kimi sahələrdə əməkdaşlıq haqqında sənədlər imzalanıb. Ticari-iqtisadi sahədə praktiki əməkdaşlıq üçün geniş imkanlarımız var. Bu gün biz öz iqtisadiyyatımızın liberallaşdırılmasına yönəlmiş addımlar atırıq. İnvestisiya qanunvericiliyi təkmilləşdirilir, bununla əlaqədar Qırğız Respublikasının bir çox ölkələrlə investisiya əməkdaşlığı fəallaşır. Ona görə də biz Azərbaycanın biznes dairələrini ölkəmizdə investisiya imkanlarını fəal öyrənməyə dəvət edirik.

Bunu qeyd etməyə şadam ki, xalqlarımız fəal mədəni-humanitar əməkdaşlıq vasitəsilə qarşılıqlı surətdə zənginləşir. Mədəniyyət xadimləri müntəzəm mübadilələr edir, xalqlarımız arasında əsl dostluq körpülərinin möhkəmlənməsinə şərait yaradırlar. Biz Azərbaycan ilə həm ikitərəfli əlaqələrin möhkəmlənməsində, həm də çoxtərəfli əməkdaşlığın genişlənməsində maraqlıyıq. Məlum olduğu kimi, ölkələrimiz BMT, Türk Dövlətləri Təşkilatı, MDB, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində sıx qarşılıqlı əlaqə saxlayır. Qırğızıstan öz tərəfindən Şanxay Əməkdaşlıq Təşkilatında Azərbaycanın statusunun müşahidəçi səviyyəsinə qədər artırılmasını hərtərəfli dəstəkləyir.

Hörmətli xanımlar və cənablar, bu gün dünyada baş verən dərin dəyişikliklər bizə yeni tipli münasibətlər qurmaq, onları daha humanist etmək, ləyaqət və şərəf kimi əzəli türk dəyərlərini əsas götürmək üçün tarixi şans verir. Türk məkanında bu yeni münasibətlər yeni dövrün dövlətlərarası qarşılıqlı münasibətlərinin nümunəsi olmalıdır. Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevin bizim baxışlarımıza şərik olmasını və onları tamamilə dəstəkləməsini dərk etmək mənə böyük məmnunluq verir.

Mürəkkəb dövrlərdə güclü liderlər tələb olunur. Öz ölkəsini daha güclü, dünyanı isə daha yaxşı etmək üçün məsuliyyət onların üzərinə düşür. Buna görə də fürsətdən istifadə edib Prezident Əliyevə səmimi qəlbdən hər bir işində uğurlar, Azərbaycan xalqının rifahı və ümumbəşəri dəyərlər naminə ali məqsədlərə çatmaq üçün tükənməz enerji arzu etmək istərdim. Biz bu dəyərlər əsasında azərbaycanlı qardaşlarımızla səmərəli işə hazırıq və inanırıq ki, birlikdə bütün çətinlikləri aradan qaldıracaq, daha yaxşı dünya qurulmasına öz töhfəmizi verəcəyik. Bunun üçün bizim hər cür şəraitimiz var.

Diqqətinizə görə təşəkkür edirəm

İlham Əliyev və xanımı Mehriban Əliyevanın adından Prezident Sadır Japarov və xanımı Ayqul Japarovanın şərəfinə rəsmi ziyafət verilib

Aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın adından Qırğız Respublikasının Prezidenti Sadır Japarov və xanımı Ayqul Japarovanın şərəfinə rəsmi ziyafət verilib.

Share