BADAMDAR QƏSƏBƏSİNDƏ ŞƏHİDLƏRƏ EHTİRAM
25.04.2022Bakının Səbail rayonunda rəhbərliyin tapşırığı ilə torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş döyüşçülərimizə böyük ehtiramın hər yerdə şahidi oluruq. Rayonun ən böyük yaşayış məntəqələrindən olan Badamdar qəsəbəsində aparılan abadlıq işlərinin əsas qayəsini məhz Qarabağ uğrunda canlarından keçmiş igidlərimizin xatirəsinin əbədiləşdirilməsi, onların yaşadıqları mənzillərin, oxuduqları məktəblərin, böyüdükləri məhəllənin təmiri, abadlaşdırılması dövlətin hər zaman vətəndaşına olan qayğısından xəbər verir. Yerli icra orqanlarının, rayon ictimaiyyətinin məhz bu sahədə səfərbərliyi ölkənin ümumi ictimai-siyasi ab-havasına çox müsbət təsir bağışlayır. Səbail Rayon İcra Hakimiyyətinin Başçısı Vüqar Zeynalovun istər I Qarabağ, istərsə də II Qarabağ savaşındakı şəhidlərimizin ailələrinə, yaxınlarına göstərdiyi münasibət insanlarda böyük vətənpərvərlik hissi aşılamaqla yanaşı, sosial ədalətin qorunmasına da məhəbbət bəxş edir. Məhz bu səbəbdən rayonda keçirilən tədbirlərin, şəhidlərin ev muzeylərinin yaradılması, ailə üzvlərinə qayğıyla yanaşma, məzarlarının vaxtaşırı ziyarət olunması ölkə başçısının hər bir kənddə, qəsəbədə, rayonda olan həssas təbəqənin nümayəndələrinə xüsusi diqqətdən xəbər verir. Səbail rayon rəhbərliyinin Badamdar qəsəbəsində I və II Qarabağ savaşında həlak olmuş şəhidlərimizin yaşadıqları binaların qarşısında xatirə lövhəsinin-barelyefin vurulması nəinki rayon ictimaiyyətini, buraya gələn digər sakinləri də məmnun edir. Şəkillərdə gördüyünüz bu xatirə lövhələri rayon rəhbərliyinin həyata keşirdiyi nümunəvi işlərin yalnız bir hissəsini əks etdirir. Bizim əməkdaşlarımız da burada görülən işləri müntəzəm ictimaiyyətə çatdırmaqla insanlarda sevgi, şəfqət hissini ruhlandırır.
Füzuli Əfqanoğlu
“HAKİMİYYƏT” qəzeti















