XARI BÜLBÜLƏ CAN VERƏN ŞƏHİD QANIDIR!
04.05.202244 günlük Vətən müharibəsində tarixi səlnaməmizi cani ilə qazanıb qanı ilə yazan qəhraman Şəhidlərimizdən biri də Ağstafa rayon sakini ƏLİZADƏ XƏYAL NƏSRƏDDİN oğludur. Əlizadə Xəyal Nəsrəddin oğlu 02.06.1995 ci ildə Ağstafa rayonu Vurğun qəsəbəsində anadan olmuşdur. 2002-ci ildə Ağstafa rayon Vurğun qəsəbəsində H.Əzizov adına tam orta məktəbin 1-ci sinfinə daxil olur. Orta məktəbdə oxuyarkən idmana maraq göstərərək idmanla məşğul olmuş, müxtəlif idman növlərini öyrənmişdir. Məktəb illərində fəallığı ilə seçilən Şəhidimiz məktəbi idman yarışlarında books üzrə layiqincə təmsil etmişdir. Müəllimlərin sevimli, tərbiyəli, nümunəvi şagirdi olan Əlizadə Xəyal 2013-cü ildə həmin məktəbi 11-ci sinfini bitirərək məzun olmuşdur. 2013-cü il 5 oktyabrda Ağstafa rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və Lənkəranda “N” saylı hərbi hissədə xidmətə başlamışdır. Hərbi xidmətdə olan zaman nümunəvi hərbi xidmət göstərdiyinə görə “Qumbara atan” vəzifəsinə təyin edilib. 2015-ci ildə xidmətini başa vurduqdan sonraur bir müddət idmanla məşğul olmuş və sonra “Abu Life”-ın Ağstafa filialında satıcı işləyib. Xəyalı tanıyanlar onun necə cəsarətli, mərd və qorxmaz olduğunu yaxşı bilirdilər.
Xəyalın tərcümeyi-halı bu qədər qısa amma igidliyi misilsizdir. İkinci Qarabağ müharibəsi başlayan ilk gündən könüllü olaraq Tərtər rayonu istiqamətində döyüşlərə qatılan Xəyal amansız düşmənə qarşı şücaətlə döyüşürdü. Bir an belə gözünü qırpmayan Xəyal hamıdan öndə gedir, düşmənin həmlələrinə layiqli cavab verirdi. Qızğın döyüşlər zamanı sağ ayağından və kürəyindən qəlpə yarası alır. Yaralanmasına baxmayaraq tibbi müayinədən imtina edərək, yenidən döyüşünü davam etdirir. Döyüş yoldaşları israr etsələr də , Xəyal geri dönmür və yenidən döyüşə qatılır. Şəhidlik zirvəsinə addım-addım yaxınlaşan Xəyal Tərtər rayonu, Suqovuşanın, Füzuli rayonunun və Şuşa şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşur. Qorxmadan, cəsarətlə vuruşaraq Şuşaya qədər şərəfli bir döyüş yolu keçir Xəyal. İkinci dəfə namərd gülləsinə tuş gələn Xəyal 2020-ci il noyabrın 8-da Azərbaycanın dilbər guşələrindən biri olan müqəddəs Şuşa şəhərinin azadlığı uğrunda gedən qanlı döyüşlərdə xüsusi igidlik göstərərək qəhramancasına Şəhid olur. Noyabrın 10-da yaşadığı Vurğun kənd qəsəbə qəbiristanlığında dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi görə Ali Baş komandan tərəfindən “Vətən uğrunda”,”Suqovşanın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyirik!
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Hamlet Abbasov,
Hacıqabul rayon R.Abdullayev adına Qubalıbaloğlan kənd tam orta məktəbin riyaziyyat müəllimi











