“Prezident kuboku-2022” turnirinin ilk günü Suqovuşandan başlanır

“Prezident kuboku-2022” turnirinin ilk günü Suqovuşandan başlanır

06.05.2022 Off By Füzuli İsmayılov

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş avarçəkmə üzrə “Prezident kuboku-2022” turnirində iştirak edən komandaların mayın 5-də rəsmi paradı olub.

Mingəçevirin mərkəzində Azərbaycan, Türkiyə, Gürcüstan, Moldova və Özbəkistan komandalarının iştirakı ilə parad təşkil edilib. Sakinlərin maraqla qarşıladığı paradın sonunda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, turnirdə iştirak edən xarici federasiyaların rəhbərləri və idman ictimaiyyətinin nümayəndələri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.

Reqatanın açılış mərasimi və ilk yarış günü Suqovuşanda olacaq. Azərbaycan ilə yanaşı, Türkiyə, Gürcüstan, Moldova və Özbəkistandan 100-dən artıq avarçəkənin qatıldığı turnirdə idmançılar mayın 6-da Suqovuşan su anbarında kayak və kanoe növlərində mübarizə aparacaqlar. Mayın 7-də Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində akademik avarçəkmə üzrə qaliblər müəyyənləşəcək.

“Prezident kuboku-2022” turnirinə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən su üzərində 3D effektli şou və atəşfəşanlıqla yekun vurulacaq.

Share