QƏHRƏMAN ŞƏHİDLƏRİMİZDƏN BİRİ- YASƏN YELMAR ÖĞLU ƏHMƏDOV!

QƏHRƏMAN ŞƏHİDLƏRİMİZDƏN BİRİ- YASƏN YELMAR ÖĞLU ƏHMƏDOV!

06.05.2022 Off By Füzuli İsmayılov

1992-ci ildə Qarabağın başının üstünü alan qara buludlar bizlərə nələr zülmlər, faciələr yaşatdı. Körpələrin sızıltısı, anaların fəryadı Xocalı soyqırımı. Baş vermiş bu dəhşətli faciənin qarşısını almaq üçün o gündən bəri igid oğullarımız əllərində silah düşmən qarşısında canlı polat sipərə çevrildilər. Belə qəhrəman döyüşçülərdən biri də Şəhid ƏHMƏDOV YASƏN YELMAR ÖĞLUDUR!

Yasən Yelmar oğlu Əhmədov 1974-cü il sentyabrın 16-da Ağdam rayonunun Kosalar kəndində anadan olub. 1981-1991-ci illərdə Eyvazxanlı kənd tam orta məktəbində təhsil alıb. Yasən Əhmədov 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı atası Yelmar Əhmədovun xidmətdə olduğu Ağdam rayonunun “N” saylı hərbi hissəsinin özünümüdafiə batalyonunda xidmətə başladı. 1993-cü ildə Ağdam Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağrıldı və 1994-cü ildə Müdafiə Nazirliyinin əmrinə əsasən “baş çavuş” hərbi rütbəsi alaraq motoatıcı bölüyün komandiri vəzifəsinə təyin olundu. 1993-2002-ci illərdə “N” saylı hərbi hissədə müxtəlif xidmətlərdə olan Yasən Əhmədov, 2002-ci ildə ehtiyata buraxılıb. 2004-2006-cı illərdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsində təsərrüfat işləri üzrə rəis müavini vəzifəsində olan Yasən Əhmədov, 2006-cı ildə yenidən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başladı və təyinata əsasən Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmətini davam etdirdi. 2017-ci ildən Gəncədə yerləşən “N” saylı hərbi hissədə xidmət edirdi. Azərbaycan Ordusunun baş giziri olan Yasən Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Yasən Əhmədov oktyabrın 9-da Talış döyüşləri zamanı ağır yaralanıb və Hərbi Hospitala aparılıb. 14 gün Koma vəziyyətində qaldığdan sonra oktyabrın 23-də şəhidlik zirvəsinə ucalmışdır. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Ailəli idi, iki övladı Vətənə əmanətdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Şəhid Əhmədov Yasən Yelmar oğlu Azərbaycan Respublikasının Prezidenti, Ali Baş komandan tərəfindən “Vətən uğrunda”,”Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə”, “Vətənə xidmətə görə” orden və medallarla təltif edilmişdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların müqəddəs ruhları qarşısında baş əyirik!

Hamlet Abbasov,

Hacıqabul rayon R. Abdullayev adına Qubalıbalaoğlan kənd tam orta məktəbin riyaziyyat müəllimi

Share