Meksikanın nüfuzlu “Uno mas Uno” qəzetində Azərbaycanın müstəqillik tarixindən bəhs edilib

Meksikanın nüfuzlu “Uno mas Uno” qəzetində Azərbaycanın müstəqillik tarixindən bəhs edilib

14.06.2022 Off By Füzuli İsmayılov

Meksikanın nüfuzlu mətbu orqanlarından olan “Uno mas Uno” qəzetində Azərbaycanın müstəqillik tarixi və ölkələrimiz arasındakı münasibətlərdən bəhs edən məqalə dərc edilib.

Bu ölkənin Azərbaycandakı səfirliyindən bildiriblər ki, tanınmış meksikalı jurnalist Federiko Lamontun müəllifi olduğu məqalədə Azərbaycanın Müstəqillik Günü, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü və Şuşa şəhərinin təməlinin qoyulmasının 270 illik yubileyi münasibətilə Mexiko şəhərində keçirilmiş təntənəli tədbir geniş işıqlandırılıb.

Məqalədə Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbovun çıxışına istinad edilərək tariximizin ən parlaq və əlamətdar səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi qısa dövrdə dövlət quruculuğu və xalqın rifahının yaxşılaşdırılması istiqamətində demokratik dəyərlərə söykənən mütərəqqi addımlar atdığı, bu xüsusda millət, irq, din və sosial statusundan asılı olmayaraq, bütün vətəndaşlara bərabər hüquqlar təmin etdiyi, eləcə də qadınlara seçki hüququ verən ilk ölkələrdən olması barədə məlumat verilib.

Sonra qonşu Ermənistanın təcavüzünə baxmayaraq, Azərbaycanın ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə bütün sahələrdə mühüm uğurlara imza atdığı, bu gün Prezident İlham Əliyevin hərtərəfli siyasi və iqtisadi strategiyası sayəsində regionun ən aparıcı ölkəsinə çevrildiyi və dünyada nüfuzunu getdikcə daha da artırdığı qeyd olunub.

Yazıda, həmçinin ölkəmizin BMT və Qoşulmama Hərəkatı kimi mötəbər beynəlxalq təşkilatlarda fəal rolundan bəhs edilib. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi üçün bir sıra beynəlxalq təşəbbüslərlə çıxış etdiyi, ölkəmizin təşəbbüsü ilə Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində koronavirusla mübarizəyə həsr edilmiş xüsusi sessiyasının keçirildiyi qeyd olunub.

Məqalədə 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar, habelə işğaldan azad olunan ərazilərimizdə həyata keçirilən bərpa-quruculuq işləri, sülhün bərqərar olması istiqamətində atılan addımlar barədə məlumat verilib. Bu il 270 illik yubileyi qeyd olunan, ölkəmizin mədəniyyət paytaxtı Şuşada Azərbaycan hökuməti tərəfindən aparılan yenidənqurma işləri, bu qədim şəhərdə keçirilən çoxsaylı beynəlxalq mədəni tədbirlərdən bəhs edilib.

Həmçinin bu il Meksika-Azərbaycan diplomatik münasibətlərinin qurulmasının 30 illik yubileyinin qeyd olunduğu, bu müddətdə ölkələrimiz arasında həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb./AZƏRTAC

Share