Polis acizlik göstərir, yoxsa qanunlarımız?
18.06.2022Son vaxtlar həm saytımızda, həm də “Hakimiyyət” qəzetində Azərbaycan Polisinin uğurlu fəaliyyətindən kifayət qədər yazsaq da, bəzi hallarda polisin baş verən hadisələrə barmaqarası münasibəti, tanışlıq və digər məqamlara görə hadisələrə düzgün reaksiya verməməsi halları da nəzərəçarpacaq dərəcədə artmaqdadır. Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis bölməsinin təhqiqatçılarının təbirincə desək, ölüm, ciddi bədən xəsarəti yoxdursa, polislik burada heçnə yoxdur. Qanunlar imkan vermir ki, torpaqları qanunsuz zəbt edən, şəhərin mərkəzində dağ yamaclarını traktorla qazıb həm insanlara, həm ətraf mühitə, həm də gələcək nəsillərə təhlükə yaradanlar məsuliyyətə cəlb edilsin(?!). Bir sözlə, polis Qaradağ rayonu ərazisində Laçın qaçqınlarının Lökbatan qəsəbəsinin Səbail rayonu, Badamdar qəsəbəsi ilə birləşən, Badamdar qəbiristanlığı ətrafındakı özbaşına tikililərin, dağ yamacının amansızcasına qazılaraq həm mərkəzi, həm də daxili yollara təhlükə yaradanlarla, 110 KV-luq yüksək gərginlikli elektrik dirəklərinin altında qanunsuz tikintilər aparmasına, dövlətin çəkdiyi yolları qazaraq həmin yerlərdə evlərin tikilməsinə qarşı mübarizədə acizdir. Bunu həm bölmənin təhqiqatçıları, həm də idarənin müstəntiqləri aşikar etiraf edir. Bəs çıxış yolu nədir? hansı qanunlar qəbul edilməlidir ki, polis bu acizlikdən xilas ola bilsin?. Bu haqda həm mütəxəssislərin, həm də DİN-in fikirlərini oxucularımıza təqdim edəcəyik.
Füzuli Əfqanoğlu,
“HAKİMİYYƏT” qəzeti










