Lənkəranda məktəbliyə qarşı zorakılıq araşdırılır
19.07.2022Baş Prokurorluğun Mətbuat xidmətindən Hakimiyyet.info.az-a
Bəzi sosial şəbəkə və media səhifələrində Lənkəran rayon İcra Hakimiyyətinin başçısının müavini Rəsilə Əliyeva və V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktoru Yeganə Əsgərova tərəfindən həmin məktəbin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi ilə bağlı məlumatlar yayılmışdır.
Bildiririk ki, qeyd edilən faktla bağlı dərhal Lənkəran rayon prokurorluğunda araşdırma başlanmış, hadisənin şahidi olmuş şəxslərin izahatları alınmış, məhkəmə-tibb ekspertizası təyin edilmiş və digər prosessual hərəkətlər yerinə yetirilmişdir
Araşdırma zamanı müəyyən edilmişdir ki, Rəsilə Arifqızı 14 iyul 2022-ci il tarixdə saat 09 radələrində qeyd edilən təhsil müəssisəsinin şagirdi Günel Əliyevanı (şərti olaraq) öz xidməti sürücüsü vasitəsilə attestat verilməsi bəhanəsi ilə yaşadığı evə gətizdirmiş, bundan sonra məktəbin direktoru Yeganə Əskərovanın da iştirakı ilə vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq yetkinlik yaşına çatmadığını nəzərə almadan G.Əliyevanın iradəsinə zidd olaraq mobil telefonunu əlindən alıb şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərməklə sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuşdur.
Eyni zamanda, keçirilmiş məhkəmə-tibb ekspertizasının rəyinə əsasən Günel Əliyevanın bədəni üzərində dərəcələri təyin edilməyən xəsarətlər aşkar edilmişdir.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanmışdır.
Eyni zamanda, icra başçısının müavini Rəsilə Arifqızı və məktəb direktoru Yeganə Əskərovanın barələrində qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün Lənkəran rayon İcra Hakimiyyəti və Lənkəran-Astara Regional Təhsil İdarəsinə müvafiq təqdimatlar göndərilmişdir.
İstintaq zamanı bütün xüsusatların tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir











