HƏMİŞƏ QƏLBİMİZDƏSƏN ŞƏHİDİM!

HƏMİŞƏ QƏLBİMİZDƏSƏN ŞƏHİDİM!

01.08.2022 Off By Füzuli İsmayılov

Keçdiyiniz hər gün tarixə dönür. Tarixə yazılan günlərin hamısı yaddaqalan olmur. Elə günlər var ki, onlar unudulub gedir, elələri də var ki, onlar heç vaxt unudulmur, yaddan çıxmır. Belə günləri unudulmaz edən qəhrəmanlardandır şəhidlər. Çünkü, bu dünyada hamımıza bəxş olunan bir ömür payı var. Ömür yolu müəyyən müddət sonra başa vuracağıq.

Bu mənada insanın dünya həyatına ən gözəl şəkildə əlvida deməyinin adıdır şəhid olmaq. Allah, Vətən və millət yolunda öz istəyi ilə canından keçməyə razı olan insanların fəth elədiyi ən yüksək, şərəfli zirvədir şəhid olmaq. Xalq tərəfindən qərinələr , əsirlər keçməyinə baxmayaraq əsla unudulmayan insanlardır şəhidlər. Tarix boyu millətləri zəfərdən-zəfərə aparan səbəb də Vətənə xidmət-etmək və Şəhid olmaq arzusu olmuşdur. Canlarından keçməklə xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb qanı ilə yazanlardır şəhidlər. Məhz onların canı və qanı hesabına qazandıqları azadlıq və müstəqillik Xalq tərəfindən heç vaxt unudulmur. Ona görə ki, şəhidlər xalqın ünvanı olub, kimliyini, qoruyan insanlardır. Şəhidlər bir Xalq qəhrəmanı olaraq zəncirləri qıraraq, zülmləri yararaq , Xalqı işıqlı sabaha aparan, ölümləri ilə ölməzlik qazanan əbədiyyətə qovuşan şəxslərdəndir şəhidlər.Belə qəhrəman şəhidlərdən biri də QURBANZADƏ AYXAN FAZİL OĞLUDUR!Qurbanzadə Ayxan Fariz oğlu 25 iyul 1998-ci il tarixində Azərbaycanın Lənkəran rayonu Şağlaküçə kəndində anadan olmuşdur.Ayxan Qurbanzadə 2020-ci ilin iyul ayında hərbi xidmətə yollanmışdır. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşmışdır. Ayxan Qurbanzadə Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, oktyabrın 26-da Füzuli rayonu istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olmuşdur.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayxan Qurbanzadə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayxan Qurbanzadə ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dekabrın 18-də 2020-ci il tarixli sərəncamı ilə əsgər Ayxan Qurbanzadə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş və “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların müqəddəs ruhları qarşısında baş əyirik! Allah Qazilərmizə şəfa versin. Allah ordumuzu qorusun.

Hamlet Abbasov,

Hacıqabul rayonu R. Abdullayev adına Qubalıbaloğlan kənd tam orta məktəbin riyaziyyat müəllimi

Share