Məhkəmənin hökmündən prokurorluq apellyasiya protesti verib

Məhkəmənin hökmündən prokurorluq apellyasiya protesti verib

01.08.2022 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, Baş Prokurorluqdan daxil olan məlumatda bildirilir ki, bəzi sosial şəbəkə və media səhifələrində Azərbaycan Standartlaşdırma İnstitutunun Uyğunluğun Qiymətləndirilməsi Departamentinin sabiq direktor müavininə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə yüngül cəza verilməsi ilə bağlı informasiyalar yayılmışdır.
Belə ki, Departamentin sabiq direktor müavini Rafiq Əzizovun işlədiyi dövrdə vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar qanunsuz hərəkətə görə rüşvət almasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törətməsinə, bununla da dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən olunduğundan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə başlanmış cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
Qeyd edilən məhkəmənin 22 iyul 2022-ci il tarixli hökmü ilə Rafiq Əzizova 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və həmin cəza Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinə əsasən şərti hesab edilərək 2 il sınaq müddəti müəyyən edilmişdir.
İyulun 27-də dövlət ittihamçısı tərəfindən Cinayət Məcəlləsinin 70-ci maddəsinin əsassız tətbiq edilməsi əsası ilə apellyasiya protesti verilmişdir.

Share