Nüsrət Kəsəmənli bizimlə talışca danışdı…

Nüsrət Kəsəmənli bizimlə talışca danışdı…

03.08.2022 Off By Füzuli İsmayılov

Mərhum şair Nüsrət Kəsəmənlinin “Bizim evdə biri vardı, biri yox” şerinə qulaq asarkən şairlə bağlı bir xatirəmi yada saldı: Səhv etmirəmsə, 80-ci illər idi. Dostum Həsənağa müəllim rayondan Bakıya-məni görməyə gəlmişdi. Görüşdük, gəzdik, bir yerdə çörək yemək üçün “Bakı” mehmanxanasının birinci mərtəbəsindəki restorana gəldik, oturub yemək və içki sifariş etdik. bir-iki qədəh içdikdən sonra kefimiz bərk açıldı…
Bu an restoranın giriş qapısında çox hörmət etdiyim mərhum şair Nüsrət Kəsəmənlini içəri girən gördük. Restoranın ortasında bizim əyləşdiyimiz stolu keşərkən, birdən geriyə dönüb bizim stola yaxınlaşdı. Salam verib ərklə yanımızda oturdu. Talış dilində səlis şəkildə bizdən keyf əhval, hansı kənddən olduğumuzu soruşdu. Dostum Həsənağa Qəniyev və mən donub qalmışdıq, Nüsrət Kəsəmənli və talış dili..? “Sizin yanınızdan keçərkən mənə çox əziz olan talış dilində danışıqlarınızı eşitdim, ona görə sizə yaxınlaşdım. Yəqin, dilinizi belə səlis bilməyim sizi çaşdırdı, hə?Bunun tarixçəsi var. Tələbə dostum lənkəranlı idi. İmkanlı ailə idilər. Məni nənəm böyüdüb. Çox imkansız olmuşuq. Tələbəlik illərində Lənkəranlı dostum (dostunun və kəndin adını, dedi, unutmuşam) mənə çox köməklik edib. Mən ondan cüssəli idim. Təzə kostyumlar, köynəklər, ayaqqabılar və s. alırdı, “əynimə böyükdür! Sən geyin görüm!” Başa düşürdüm ki, mənim ölçümə uyğun alıb, mən utanmayım deyə” əynimə böyük oldu” deyirdi… Tələbəlik dövründə bütün yay tətillərini onların evində, Lənkəranda keçirirdim, talış dilini və Talış xalqını onda öyrəndim və sevdim… Lənkəranlı dostumun və ailəsinin üzərimdə haqqı böyükdür, bunu heç vaxt unutmaram” dedi. Bizə nə kömək lazım olduğunu soruşdu. Təşəkkür etdik! Bizimlə bir qədəh içdikdən sonra, üzr istədi, həmin zalda onu gözləyən dostlarının stoluna yan aldı. Dostum Həsənağa və mən hələ də bu təəssuratdan ayıla bilmədiyimiz an, 10 nəfərdən ibarət dəstə restorana girdi, çoxu gənc aktyorlar idi. Başda Lütfü Məmmədbəyov, yanında gənc Məleykə Əsədova, adlarını unutduğum digər gənc aktyorlar yanımızdakı şifarişli stola yaxınlaşdılar.. Dostum Həsənağa müəllim və mən həmin gün çox şən əhvalda idik…

Müəllif: Sonradan dostlar yadıma saldı ki, Nüsrət Kəsəmənlinin xatirəsində xoş izlər buraxan həmyerlimiz, uzun müddət “Lənkəran” qəzetində şöbə müdiri, sonralar Milli Məclisdə işləmiş Lənkəranın Vilvan kəndindən olan mərhum jurnalist Kamal Rəhmanov olub. Allah hər ikisinə də rəhmət eləsin!

Share