Müharibələr amansızdır… ŞƏHİD ELYAR VƏLİYEV

Müharibələr amansızdır… ŞƏHİD ELYAR VƏLİYEV

25.08.2022 Off By Füzuli İsmayılov

Müharibələr amansızdır
Ataları-anaları oğullsuz,
Bacıları qardaşsız,
Gəlinləri ərsiz,
Körpələri atasız qoyur…
Vətənin azadlığı üçün böyüyən oğullar bir anda Vətənə qurban getməyə hazır olurlar.
Vətən üçün Şəhid Verdik Can verdik
Cansız qalan torpağa canımızı qurban verdik.
Təki Vətən Sağ olsun.
Təki Vətən ayaqda dursun.
Vətənin azadlığı üçün canlarını qurban verən
1000-lərlə qəhrəman şəhidlərmizdən biri də

VƏLİYEV ELYAR ARİF OĞLUDUR!

Elyar Vəliyev 1991-ci il oktyabrın 17-də Qobustan rayonunun Sədəfli kəndində doğulub. Vəliyevlər ailəsinin ilki olan Elyar kənd orta məktəbini bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətini başa vurduqdan sonra hərbçi olmaq qərarına gəlib. 2010-cu ildə Xüsusi Təyinatlı Qüvvələrin tərkibinə daxil olub və burada öz şücaəti ilə komandir heyətinin rəğbətini qazanıb.

Vətən Müharibəsi başlayanda Elyar artıq 10 il idi ki, Xüsusi Təyinatlı Qüvvələrin giziri idi. O, Vətən Müharibəsinə kimi 2016-cı ilin aprel döyüşlərinin və 2020-ci ilin Tovuz döyüşlərinin iştirakçısı olmuşdu. Sentyabrın 27-dən başlayan Vətən Müharibəsində Füzulinin, Cəbrayılın və Qubadlının azadlığı uğrunda döyüşüb.

Görünür, müharibə gənc Elyarın taleyinə yazılıbmış. Döyüşçü yoldaşları onun qorxmaz, cəsur və Vətən eşqi ilə alışıb yanan bir dost kimi xatırlayırlar. Elyar Vətən Müharibəsinin gedişatında bir neçə dəfə hərbçi yoldaşlarını ölümdən xilas edib. Belə döyüşlərin birində Elyar Vəliyev və digər hərbçi yoldaşları Füzuli rayonunun Horadiz kəndi yaxınlığında düşmənin 200-ə yaxın canlı qüvvəsini məhv ediblər. Həmin gecə onların xüsusi şücaəti sayəsində düşmənin 12 tankı və xeyli sayda hərbi sursatı darmadağın edilib, bir neçəsi texnikası ələ keçirilib.

Daha sonra Cəbrayıl istiqamətindəki döyüşlərə yollanan Elyarın növbəti tapşırığı içərisində düşmənin yüksək rütbəli zabitləri olan hərbi nəqliyyat vasitələrini partlatmaq olub. Tapşırıq uğurla yerinə yetirilib. Elyar düşmənin UAZ markalı avtomobilini partladaraq biri polkovnik olmaqla bir neçə erməni zabitini məhv edib.

Döyüş başlayan gündən bir an belə gözlərini yummayan, qorxu hissinin nə olduğunu unudan Elyarın son döyüşü Xocavənd rayonunun Qırmızı Bazar adlanan ərazisində olub.Yanındakı hərbçi yoldaşları şəhid olandan sonra döyüş meydanında tək qalan qəhrəmanımızın döyüş sursatı tükənib. Bu zaman xain düşmənin snayper gülləsi gizir Elyar Vəliyevin ürəyinə sancılıb. Tale elə gətirib ki, ömrünün 29-cu payızını yaşayan gizir Elyar Vəliyev doğum günündən iki gün sonra ən uca zirvəni – Şəhidlik məqamını fəth edib.

Atası Arif Vəliyev onu xaraktercə sərt, xasiyyətcə mülayim bir övlad kimi xatırlayır: “Xüsusi təyinatlı dəstənin giziri olan Elyar Vəliyev 2016 və 2020-ci illərdə 3 döyüşdə iştirak edib, çoxlu sayda yaralı döyüş yoldaşlarını xilas edib. Vətən Müharibəsi zamanı düşmənin 12 tankını, 200-ə yaxın canlı qüvvəsini məhv edib, bir yaralı erməni əsgərini əsir götürüb. Cəbrayılın azad edilməsi zamanı bir hərbi avtomobili partladıblar, yüksək rütbəli zabitləri məhv ediblər. Bir “KamAZ” dolu erməni əsgərini məhv ediblər. Elyar erməni qərargahını ələ keçirib və erməni polkovniki məhv edib. Gülləsi başa çatanadək döyüşüblər”.

Anası Səmayə Vəliyevanın sözlərinə görə, Elyarın qardaşı da hərbçidir: “İki oğlum var. Hər ikisi hərbçidir, müharibədə iştirak edib. Sonuncu dəfə oktyabrın 18-də Elyarla telefonla danışmışdıq. Ayın 19-da şəhid olub”.
Rahilə Qaralovanın “Ağlama şəhid anası”na həsir etdiyi şeri

Vətənin dar günü önə atılan,
İntiqam hissilə oda qatılan
Qan töküb,can verib,yanıb çatılam
Ölümün üzünə gülən, anası!
Məğrur ol, ağlama şəhid anası!

Sən Təbriz, Mübariz anasısan bil,
Dözümlə Vətənə yanasısan bil,
Dərdini, düşməndən danasısan bil,
Qüruru göylərə dəyən,anası
Məğrur ol, ağlama şəhid anası!

Bu döyüş yoludu, yanıb vay-demə!
Oğluna,qızına qayıt hay demə!
Nə üçün gedirsən balam,tay demə…

Bayraqdan libaslı geyən,anası
Məğrur ol,ağlama şəhid anası!

Qaralmış göylərdən bulud çəkilir,
Torpağa Şəhidin qanı tökülür,
Minlərlə düşmənin beli bükülür,
Ey Vətən torpağını sevən anası!
Məğrur ol, ağlama şəhid anası!

Hər evin başına bayraq tapılmaz,
Hər ada şəhidlik adı asılmaz,
Hər kəsə bu qədər uca baxılmaz,
Sən düşmən qəddini əyən anası!
Məğrur ol, ağlama şəhid anası!

Vətən Şəhidi Elyar öz canını, qanını, nəfəsini, Qarabağ torpağına qurban verərək vətən qəhrəmanı kimi Ölümüylə-ölməzliyi və əbədiyaşarlığı qazanaraq Vətən qəhrəmanı kimi Əbədiyyətə qovuşdu. Onun qəhrəmanlıq səlnaməsi gənc nəslin üçün Vətənpərvərlik, vətənsevərlik Məktəbidir. Qərinələr illər keçsədə Qəhrəman şəhidlərmizin müqəddəs ruhları həmişə hörmətlə ehtiramla yad ediləcək. Gələcək nəsillər onların göstərdiyi igidliylərindən fəxrlə danışacaqlar.

Elyarın dəfələrlə həyatlarını xilas etdiyi hərbçi yoldaşları bu gün onu ehtiramla yad edirlər. Şəhidimizlə çiyin-çiyə döyüşən Səxavət Salmanov bildirir ki, peşəkar döyüşçü olan Elyar sanki hərbçi olmaq üçün doğulmuşdu: “Elyar Vəliyevlə uzun müddət xüsusi təyinatlılar qrupunda birgə xidmət etmişik. Elyar Vəliyevin sayəsində Aprel və Tovuz döyüşlərində çoxlu yaralılarımızın həyat xilas olunub. O, döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirirdi. Mən döyüşlərin birində yaralanmışdım. Elyar Vəliyevin mənə vaxtında tibbi yardım göstərməsəydi, çoxlu qan itirəcəkdim və şəhidlik zirvəsinə ucalacaqıdım. Bu gün onun sayəsində mən yaşayıram. Elyar Vəliyevin əhatəsində olan 50 nəfərlik dəstə 600 nəfərlik erməni ordusunun tamamilə məhv edilib.
“Şəhidin idman müəllimi Sərhad Quliyev onunla fəxr edir:” Mən ona əlbəyaxa döyüşün sirlərini öyrənmişəm. O,idman sahəsində göstərdiyi gücü torpaqlarımızın işğaldan azad olunmasında da göstərdi. O, əsl qəhrəman idi.
Şəhid Elyar Vəliyev ailəli idi və beş övladı var. Şəhidimizin anası deyir ki,müharibəyə yollananda Elyarın son sözü o olub ki, övladlarım üçün,onların xoşbəxt gələcəyi naminə döyüşə getməliyəm.
Bu gün Elyar başda olmaqla bütün şəhidlərimizin övladları atalarının qalib etdiyi bu Vətəndə rahat şəkildə böyüyüb boya-başa çatacaq və şəhid atalarının ruhlarını şad edəcəklər.
Şəhid Elyar Arif oğlu Vəliyev
Vətənə şərəfli xidmətinə görə şəhidlik zirvəsinə ucaldılan sonra.

Ali Baş komandan tərəfindən
“Vətən uğrunda” medalı
“Vətən Müharibəsi Qəhramanı”
Fəxri adı ilə təltif olunmuşdur.

Əziz Xatirəsinin əbədiləşdirilməsi məqsədilə onun adı Qobustan rayonunun mərkəzi küçələrindən birinə verilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin
Onların müqəddəs ruhları qarşısında baş əyirik!

Hamlet Abbasov

Hacıqabul rayonu R. Abdullayev adına Qubalıbaloğlan kənd tam orta məktəbin riyaziyyat müəllimi

Share