Murtuz Ələsgərov-Heydər Əliyevin ən yaxın silahdaşlarından biri,  dövlətçilik tariximizdə böyük xidmətləri olan ictimai-siyasi xadim

Murtuz Ələsgərov-Heydər Əliyevin ən yaxın silahdaşlarından biri, dövlətçilik tariximizdə böyük xidmətləri olan ictimai-siyasi xadim

30.09.2022 Off By Füzuli İsmayılov

Ulu öndər Heydər Əliyevin ən yaxın silahdaşlarından, “91-lər” hərəkatının fəallarından olan Milli Murtuz Ələsgərov görkəmli dövlət xadimi, xalqımızın yaddaşında və parlament tariximizdə özünəməxsus yer tutmuşdur.

Murtuz Ələsgərov müstəqil Azərbaycanın dövlətçilik tarixində böyük xidmətləri olan ictimai-siyasi xadim idi. O, milli parlamentin formalaşmasında əvəzsiz rol oynayıb. Eyni zamanda, hüquq elmləri üzrə zəngin bilik və təcrübəyə malik alim, ölkəmizdə beynəlxalq hüququn öyrənilməsində təməl qoyan bir alim olmuşdur. Azərbaycan dövlətçiliyinin qurulmasına və inkişafına dəyərli töhfələr vermiş görkəmli şəxsiyyətlər arasında Murtuz Ələsgərovun özünəməxsus yeri var. Onun adı ulu öndər Heydər Əliyevin ən yaxın silahdaşlarından biri kimi unudulmur, hörmətlə xatırlanır.

       1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə gərgin ictimai-siyasi proseslər cərəyan edirdi. Ovaxtkı ölkə rəhbərliyinin səriştəsizliyi, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin başlaması, xarici müdaxilələr respublikanı böyük fəlakətlərlə üz-üzə qoymuşdu. Həmin dövr üçün olduqca təhlükəli bir məqamda Azərbaycan xalqı, ölkənin qabaqcıl ziyalıları müdriklik göstərərək dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevi hakimiyyətə dəvət etdilər. O zaman Heydər Əliyev və onun yaxın tərəfdarları daim təzyiqlərlə üzləşir, təqiblərə məruz qalırdılar. Azərbaycanın düşmənləri Heydər Əliyev şəxsiyyətindən açıq-aşkar çəkinir, onun yenidən hakimiyyətə gəlməsinin qarşısını almağa çalışırdılar. Amma xalqın güclü iradəsi bütün təhdidlərin qarşısını aldı və Heydər Əliyev Azərbaycanda hakimiyyətə dəvət olundu. Murtuz Ələsgərov həmin dövrdə və ondan sonrakı illərdə ümummilli lider Heydər Əliyevin sadiq silahdaşlarından birinə çevrildi.

“Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktının müəlliflərindən biri olan Murtuz Ələsgərov hər zaman əqidəsinə sadiqliyi ilə seçilirdiən. O, xalqımızın çətin anlarında, taleyüklü məsələlərin həllində dərin zəkasını, bilik və bacarığını ortaya qoyub, milli mənafeyin müdafiəsinə qalxıb. 1990-cı illərin əvvəllərində Azərbaycanın ağır günlərində ölkəmizin tanınmış vətənpərvər ziyalıları dahi siyasətçi Heydər Əliyevin müdrikliyinə, uzaqgörənliyinə, vətənpərvərliyinə və qətiyyətinə güvənərək, ondan xalqa yol göstərməsini, xilaskarlıq missiyasını yerinə yetirməsini xahiş edərək, böyüklük göstərmək üşün ona müraciətlər edirdi. Hər kəs inanırdı ki, xalqımızı tarixin bu çətin sınağından çıxara biləcək yeganə şəxsiyyət Heydər Əliyevdir. Ulu Öndərə ünvanlanan müraciətə imza atanlar arasında Murtuz Ələsgərovun adı birincilər sırasında idi. Hələ Heydər Əliyev Naxçıvanda olarkən dəfələrlə onun görüşünə getmiş, taleyüklü məsələlərlə bağlı fikir mübadiləsi aparmışdı. Zamanın ağır imtahanlarından şərəflə çıxan Murtuz Ələsgərov Ulu Öndərin sədaqətli silahdaşlarından biri olaraq ömrünün sonunadək bu missiyasını ləyaqətlə yerinə yetirdi.

      1928-ci il sentyabrın 20-də də Gəncə şəhərində anadan olan Murtuz Ələsgərov 1945-ci ildə respublikanın ən mötəbər ali təhsil ocağı olan Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olur və 1950-ci ildə bu fakültəni fərqlənmə diplomu ilə bitirərək hüquq elmini daha dərindən mənimsəmək məqsədilə Moskvaya gedir. SSRİ Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun aspiranturasına qəbul olunaraq beynəlxalq hüquq sahəsində elmi araşdırmalara başlayır. Vətənə qayıdaraq Azərbaycan Dövlət Universitetində əvvəlcə dövlət hüquq kafedrasında baş müəllim və dosent kimi çalışır. Sonradan universitetin beynəlxalq hüquq kafedrasının müdiri vəzifəsinə seçilir və 8 il bu kafedraya rəhbərlik edir.

       Beynəlxalq hüquq sahəsində ilk azərbaycanlı elmlər namizədi olan Murtuz Ələsgərov 1968-ci ildə Azərbaycan Dövlət Universitetində doktorluq dissertasiyası müdafiə edib və hüquq elmləri doktoru elmi dərəcəsi alıb. 1969-cu ildə isə ona beynəlxalq hüquq ixtisası üzrə professor elmi adı verilib.

        O, beynəlxalq hüquq sahəsində dünya miqyasında da tanınmış alimlərdən biri idi. Bu sahədə biliklərini daim genişləndirir, beynəlxalq konfranslarda, simpoziumlarda dərin məzmunlu məruzələrlə çıxış edirdi.

        Murtuz müəllimin onlarla dərslik və monoqrafiyası, 200-dən çox elmi əsəri çap olunub, onun rəhbərliyi ilə iyirmi nəfər namizədlik dissertasiyası müdafiə edib. Onların arasında Çin, Vyetnam, İraq, İran, Banqladeş və digər Afrika ölkələrinin vətəndaşları da var. Həyatının böyük hissəsi Bakı Dövlət Universiteti ilə bağlı olan Murtuz Ələsgərov 1993-1996-cı illərdə bu ali təhsil ocağının rektoru işləyib.

      Ulu öndər Heydər Əliyev Murtuz Ələsgərova bir peşəkar hüquqşünas kimi hər zaman böyük etimad göstərirdi. Təsadüfi deyildi ki, 1995-ci ildə Prezident Heydər Əliyevin sədrliyi ilə müasir dövrün tələblərinə uyğun, hüquqi demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunu təmin edən Konstitusiya layihəsinin hazırlanması məqsədilə yaradılan Komissiyanın üzvlərindən biri də Murtuz Ələsgərov idi.

    İşgüzarlığı və prinsipiallığı ilə seçilən Murtuz Ələsgərov elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, ölkəmizdə baş verən ictimai-siyasi proseslərdə də fəallıq nümayiş etdirir, insanları narahat edən məsələlərin ədalətli həllinə çalışırdı. O, 1990-cı illərin əvvəllərində Ulu Öndərin rəhbərliyi ilə yaradılan, bu gün regionun ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının formalaşdırılmasında və təşkilatlanmasında yaxından iştirak edib və uzun müddət partiyanın sədr müavini kimi fəaliyyət göstərib. Heydər Əliyev ideyalarının reallığa çevrilməsi üçün var qüvvəsini əsirgəməyib.

      Öz elmi, ictimai-siyasi fəaliyyəti ilə insanlar arasında nüfuz qazanmış, fəal ziyalı mövqeyinə malik professor Murtuz Ələsgərov 1995-ci ildə I çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Parlament fəaliyyəti dövründə ölkənin qanunvericilik bazasının yaradılmasında və möhkəmləndirilməsində yaxından iştirak edib. 1996-cı il oktyabrın 16-da Azərbaycan Respublikası Milli Məclisinin sədri seçilib və on ilə yaxın müddətdə bu vəzifəni layiqincə yerinə yetirib. O, respublikamızda qanunvericilik sisteminin konstitusion prinsiplər əsasında təkmilləşdirilməsinə önəmli töhfələr verib, həmçinin hüquqi dövlət quruculuğu sahəsində, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində mühüm xidmətlər göstərib.

Murtuz Ələsgərov həm elmi, həm də ictimai-siyasi fəaliyyətinə görə yüksək dövlət mükafatlarına layiq görülüb. “İstiqlal” ordeni, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, Müstəqil Dövlətlər Birliyinin “Sodrujestvo” ordeni, Rusiya Federasiyasının “Dostluq” ordeni ilə, digər fəxri adlar və mükafatlarla təltif edilib.

Xalqımız xoşbəxtdir ki, dünya siyasətinə Heydər Əliyev kimi dövlət xadimi bəxş edib. Biz də xoşbəxtik ki, bu dahinin müasiri olmuşuq, onunla bir dövrdə yaşamışıq, onun rəhbərliyi altında fəaliyyət göstərmişik, onun yaxın silahdaşı olmuşuq. Heydər Əliyev nadir şəxsiyyətlərdəndir ki, bütün mənalı ömrünü xalqına, dövlətinə və ölkəsinə həsr edib, millətinə hər zaman şöhrət və baş ucalığı gətirib. 
Murtuz ƏLƏSGƏROV
Azərbaycan Milli Məclisinin sabiq sədri

 “…Oktyabrın 25-də muxtar respublikanın Ali Məclisinin fövqəladə sessiyası işinə başladı. Deputatlar Xalq Cəbhəsinin silahlı qüvvələrinin üç gün ərzində tərk-silah olunması barədə qərar qəbul etdilər. Elə həmin gün “Naxçıvan” qəzetində Murtuz Ələsgərovun kəskin bir məqaləsi dərc olundu. O, Azərbaycan daxili işlər nazirini tənqid etmişdi. Hüquqşünas alim qeyd edirdi ki, Naxçıvandakı hadisələr əsl terrorizmdir. Əks tərəfin cavabı özünü çox gözlətmədi. Bu hadisə Bakıda iş gününün sonuna yaxın baş verdi. Ələsgərov ADU-nun hüquq fakültəsindəki işlərini yekunlaşdırıb köhnə “Moskviç”inə yaxınlaşdı. O, sonralar bu hadisələri xatırlayarkən qeyd edirdi ki, iki nəfər naməlum oğlan kafedranın qarşısında vurnuxaraq onun nə vaxt işdən çıxacağı ilə maraqlanırmış.

– Mən onları görməmişdim. Evimə gəlib maşını saxladım, mağazadan çörək alıb yuxarı qalxmaq istəyirdim ki, üstümə düşdülər. Əvvəlcə elə bildim ki, yeniyetmələrdir, xuliqanlıq edirlər, ya da zarafatlaşırlar. Amma sonra gördüm ki, hücum edənlərin əlində bıçaq var. Onlardan biri mənim üzümdən bir neçə zərbə endirdi, digəri isə linglə ayağıma vurdu və mən yerə yıxıldım. Yaralarımdan qan axırdı. Qonşulardan biri milis çağırdı, biri ailəmə xəbər verdi. Həkim çağırıb məni xəstəxanaya apardılar. Murtuz müəllim xəstəxanada altı ay yatmalı oldu.

Hücum barədə eşidən kimi Heydər Əliyev Naxçıvandan zəng vurdu:

-Murtuz müəllim, təəssüf edirəm ki, mənə görə təzyiqə məruz qaldınız.

-Heydər Əliyevi müdafiə edərkən xəsarət almaq şərəfdir, -deyə Murtuz Ələsgərov cavab verdi…”

1996-cı il oktyabrın 16-da Azərbaycan Respublikası Milli Məclisinin sədri seçilən Murtuz Ələsgərov öz işgüzarlığı və prinsipiallığı ilə ümummilli lider Heydər Əliyevin etimadının doğrulmaq istiqamətində bütün səylərini səfərbər edərək çalışmışdır. Murtuz Ələsgərovun bu mötəbər kürsüdə 1996-2005-ci illəri əhatə edən fəaliyyəti dövründə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində müstəsna xidmətləri olmuşdur. Murtuz Ələsgərov Milli Məclisin həm deputatı, həm də sədri olarkən Azərbaycan dövlətinin hüquqi bazasının möhkəm təməllər üzərində bərqərar olması və 1918-ci ildə əsası qoyulan Azərbaycan Parlamenti ənənələrinin daha da möhkəmlənməsi istiqamətində misilsiz fəaliyyət göstərmişdir. 2012-ci ildə dünyasını dəyişən görkəmli şəxsiyyətlə bizi yalnız onun fiziki yoxluğu ayırır.

    Hər il sentyabrın 20-də doğum günü qeyd edilən  tanınmış ictimai-siyasi və dövlət xadimi, Əməkdar hüquqşünas, professor Murtuz Nəcəf oğlu Ələsgərov Azərbaycanın və Azərbaycan xalqının parlaq gələcəyinə inanan işıqlı ziyalılardan biri idi. Onun sovet dövründə yazdığı bütün əsərlərində də (bəzən aşkar, bəzən gizli şəkildə) Azərbaycan xalqının öz müqəddaratına, taleyinə sahib olacağına inamı aydın görünür. Əslində, müasir müstəqil Azərbaycanın sələfi, müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə xalqımızın gələcək taleyinin, istiqlal yolunun xəritəsi yaradılmışdır.

Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Məlahət İBRAHİMQIZI yazırdı:

“Əziz Murtuz müəllim! Ruhunuz rahat olsun! Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə gündən-günə güclənən Azərbaycan tezliklə Böyük zəfərə imza atacaqdır! Xalqımız bugün Ali Baş Komandanın rəhbərliyi ilə işğal altındakı torpaqlarımızı qarış-qarış azad edərək, inamla irəli gedir. Bu yol Lələtəpədən, Günnütdən keçən Zəfər yoludur. Bu yol Cocuq Mərcanlıdan, Şuşaya, Xankəndinə, Laçına…. aparan qələbə yoludur! Bu yol çox uzundur, onun hüdudları zaman-zaman İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə itirilmiş dədə-baba ocaqlarımızdakı yurd yerlərindən keçir!..
Allah Sizə rəhmət eləsin, Murtuz müəllim…”

Bəli, arzular, istəklər reallığa çevrildi, ruhun şad olsun, Murtuz müəllim!

Füzuli Əfqanoğlu,

“HAKİMİYYƏT” qəzetinin baş redaktoru
 

Share