O, ƏBƏDİYYƏTƏ GÜLƏRƏK QOVUŞDU…

O, ƏBƏDİYYƏTƏ GÜLƏRƏK QOVUŞDU…

30.09.2022 Off By Füzuli İsmayılov

(DOST HAQQINDA XATİRƏ)

Onun yoxluğuna inanmasaq da, reallıqla barışmaq məcburiyyətindəyik. Deyirlər insanlar dünyaya ağlaya-ağlaya gəlir və öləndə də ağlayaraq dünyanı tərk edirlər. Ancaq hamının tanıdığı Osman Kazım oğlu Cəfərov bu fani dünyanı gülə-gülə tərk etdi. Kiminsə qəlbinə dəymədən, ailəsinə, övladlarına, gözəl nəvələrinə,dostlarına xoş xatirə dolu bir yaddaş kitabçası qoyaraq tərki dünya oldu. Uzun illər idi ki, bir-birimizi tanıyırdıq.

Ötən əsrin 90-cı illərin əvvəliydi, onunla mərhum dostumuz, DİO-nun polkovniki, Bayıl İstintaq Təcridxanasının rəisi Səyavuş Hüseynovun sayəsində tanış olmuşduq. Osman həmin vaxtlar Dövlət Gömrük Komitəsinin məsul vəzifələrinin birində çalışırdı. Mənim gənc olduğumu görəndə Səyavuş müəllimə zarafatla: Alə Səyavuş, sən hara, bu jurnalist hara? Sonra rusca: onlar ki, təhlükəlidir -deyib zarafatlaşdı.

İlk tanışlığımızdan münasibətlərimiz isinişdi. Tez-tez işdən sonra dostlarla birgə yemək süfrəsinə yığışırdıq. Bəzi məsələlərdən danışanda Osman müəllim: Adə vallah səni tutacaqlar, çox bilirsən, az danış –deyərək yarıciddi, yarızarafat mənə xəbərdarlıq edirdi.

Osman Cəfərov 1952-ci il fevralın 4-də Qazaxda anadan olmuşdu. Azərbaycan Politexnik İnstitutunu bitirdikdən sonra o zaman gəncliyi özündə birləşdirən, gənclərə siyasi rəhbərliyi həyata keçirən  Komsomol Təşkilatının Azərbaycanda ən fəallarından idi. Davamlı olaraq Osman Cəfərov Sovetlər dönəminin ali təhsil sisteminin əlçatmaz mərtəbələrindən olan Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi yanında İctimai Elmlər Akademiyasına hüquq təhsili almaq üçün göndərilmiş, oranı bitirdikdən sonra Bakıya qayıdıb müstəqil Azərbaycanın Gömrük sistemində çalışmağa başlamışdı. O, hüquq elmləri üzrə doktorluq dissertasiyasını Türkiyədə müdafiə etmişdi. Ulu öndərin hakimiyyətə qayıdışından sonra Osman Cəfərov bacarıqlı, savadlı kadr kimi Prezident Aparatına işə qəbul edilərək İnzibbati Orqanlarla İş şöbəsində uzun müddət işləmişdir.

Həmişə dostlarla vaxt keçirməyə üstünlük verən Osman Cəfərov artıq cismən bizimlə olmasa da, qəlbimizdə xatirəyə çevrilmiş bir iz qoyub. Səmimiyyəti, şirin zarafatı, gülərüzüylə yaddaşımıza həmişəlik həkk olub Osman Cəfərov. Bu günsə onun ölümündən qırx gün keçir…

Allah ruhunu şad eləsin, əziz dost!

Share