Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfər ediblər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfər ediblər

05.10.2022 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Ağdam rayonuna səfər ediblər.

Dövlətimizin başçısı yeni çəkilən Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlə tanış olub. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonunun Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, Ağdam rayonunun Xıdırlı və Kəngərli kəndlərinin, şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin, City Hotel Agdam mehmanxanasının təməlqoyma mərasimlərində iştirak ediblər.

Dövlətimizin başçısı və birinci xanım Pənahəli Xanın Sarayı və İmarət Kompleksində görüləcək işlərlə tanış olub, Xurşidbanu Natəvanın abidəsinin açılışında, Ağdam şəhərində keçmiş məcburi köçkünlər üçün inşa olunacaq 470 mənzildən ibarət yaşayış məhəlləsinin, şəhərin dəmir yolu və avtovağzal kompleksinin, rayonun Sarıcalı kəndinin təməlqoyma mərasimlərində iştirak ediblər.

İlham Əliyev Atçılıq Nəsilartırma Mərkəzinin təməlini qoyub.

Oktyabrın 4-də Ağdam rayonunun Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin təməlqoyma mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Dövlətimizin başçısı və birinci xanım atlara baxış keçirdilər.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Atçılıq Nəsilartırma Mərkəzi barədə məlumat verildi.

Qeyd olundu ki, mərkəzin konsepsiyası “Reflect Architechts” şirkəti tərəfindən hazırlanıb. Potensial böyümə hədəfi 30 hektar olan ərazinin 7 hektarında yerləşən mərkəzin tərkibində 120 baş at üçün xüsusi dizayn edilmiş tövlələr, nəsilartırma laboratoriyaları, baytarlıq klinikası və digər zəruri obyektlər yaradılacaq.

Diqqətə çatdırıldı ki, mərkəzdə 60-80 otaqlı mehmanxana, muzey, kafe, restoran və tribunalar nəzərdə tutulub. İstər peşəkar, istərsə də həvəskar çaparlar üçün xüsusi məşq zonaları, qaçış zolaqları və Çövkən yarışları üçün meydança layihələndirilib.

Prezident İlham Əliyev Atçılıq Nəsilartırma Mərkəzinin təməlini qoydu.

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdamın Xıdırlı kəndinin təməlqoyma mərasimində iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Ağdam rayonunun Xıdırlı kəndinin təməlqoyma mərasimində iştirak ediblər.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma kənddə görüləcək işlərlə bağlı məlumat verdi.

Kəndin tikintisi və inkişaf planı barədə videoçarx nümayiş olundu.

Prezident İlham Əliyev Xıdırlı kəndinin təməlini qoydu.

Bildirildi ki, Ağdam şəhərinin mərkəzindən 3 kilometr məsafədə yerləşən Xıdırlı kəndində 5990 nəfərin (1500 ailə) məskunlaşması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 418 hektardır. Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 160 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 2951 nəfərin köçürülməsi üçün 719 fərdi evin tikilməsi planlaşdırılır.

Vurğulandı ki, kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün də hər cür şərait yaradılacaq. Burada mədəniyyət və əyləncə mərkəzləri, dini, xidmət, kommersiya müəssisələri, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə ümumilikdə 2595 nəfərin işlə təmin olunması planlaşdırılır.

Qeyd edilib ki, Xıdırlıda tikinti işlərinə bu il oktyabrın 10-da başlanılacaq. Kənddə tikinti işlərinin 2024-cü il aprelin 10-da tamamlanması nəzərdə tutulur.

Prezident İlham Əliyev Ağdamın Kəngərli kəndinin təməlini qoyub

Oktyabrın 4-də Ağdam rayonunun Kəngərli kəndinin təməli qoyulub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma kənddə görüləcək işlərlə bağlı məlumat verdi.

Kəndin inkişaf planı barədə videoçarx nümayiş olundu.

Qeyd edildi ki, Ağdam şəhərindən 6 kilometr məsafədə yerləşən Kəngərli kəndində 2626 nəfərin (639 ailə) məskunlaşması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 177,2 hektardır. Burada məskunlaşacaq əhalinin sayı nəzərə alınaraq, yaşayış məhəllələrinin salınmasının birinci mərhələsi üçün 66,2 hektar torpaq sahəsinin ayrılması nəzərdə tutulur. Birinci mərhələdə 1279 nəfərin köçürülməsi üçün 290 fərdi evin inşa edilməsi planlaşdırılır.

Diqqətə çatdırıldı ki, kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılacaq. Burada mədəniyyət və əyləncə mərkəzləri, müxtəlif təyinatlı bir sıra müəssisələr, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə ümumilikdə 1182 nəfərin işlə təmin olunması nəzərdə tutulur.

Prezident İlham Əliyev Kəngərli kəndinin təməlini qoydu.

Bildirildi ki, kənddə tikinti işlərinin bu il oktyabrın 10-da başlanılması və 2024-cü il aprelin 10-da tamamlanması nəzərdə tutulur.

İlham Əliyev Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin təməlqoyma mərasimində iştirak ediblər.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma görüləcək işlərlə bağlı məlumat verdi.

Bildirildi ki, dördzolaqlı Bərdə-Ağdam avtomobil yolu Ağdamın şəhərdaxili yol şəbəkəsi ilə birləşir. Şəhərdaxili yolların ümumi uzunluğu isə 191,1 kilometrdir. İlkin mərhələdə 121 kilometr uzunluğunda yolların inşası nəzərdə tutulur.

Qeyd edildi ki, şəhərdaxili yollar eni 55-60 metr olan 1-ci dərəcəli və eni 40 metr olan 2-ci dərəcəli ümumşəhər əhəmiyyətli prospektlərdən, həmçinin eni 34 metr olan ümumşəhər əhəmiyyətli və eni 20-24 metr olan yerli əhəmiyyətli küçə və yollardan ibarət olacaq. Yolların 2, 4 və 6 zolaqlı olması nəzərdə tutulur.

Prezident İlham Əliyev Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin təməlini qoydu.

İlham Əliyev Ağdam şəhərində “City Hotel Agdam” mehmanxanasının təməlini qoyub

Oktyabrın 4-də Ağdam şəhərində “City Hotel Agdam” mehmanxanasının təməli qoyulub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

“PMD Projects” şirkətinin direktoru Nəriman Topçubaşov dövlətimizin başçısına və birinci xanıma inşa olunacaq mehmanxana barədə məlumat verdi.

Bildirildi ki, Ağdamın bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq, ona uyğun infrastruktur yaradılır. Hotel müasir səviyyədə inşa olunacaq, rayona səfər edəcək ziyarətçilərin rahatlığı üçün burada hər cür şərait yaradılacaq.

Diqqətə çatdırıldı ki, 130 nömrədən ibarət olacaq beşmərtəbəli hotel binasında konfrans, iclas və banket zalları, fitnes və spa mərkəzləri, restoran və açıq terras yaradılacaq.

Prezident İlham Əliyev “City Hotel Agdam” mehmanxanasının təməlini qoydu.

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdamda Pənahəli xanın sarayı və İmarət Kompleksində görüləcək işlərlə tanış olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Ağdamda Pənahəli xanın sarayı və İmarət Kompleksində görüləcək işlərlə tanış olub, Xurşidbanu Natəvanın qəbirüstü abidəsinin açılışını ediblər.

Əvvəlcə dövlətimizin başçısına və birinci xanıma Pənahəli xanın sarayı və İmarət Kompleksində görüləcək işlər barədə məlumat verildi.

Bildirildi ki, Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq abidələrindən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır. Burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar – İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın məzarları olub. Lakin Ağdam şəhəri işğal olunduqdan sonra İbrahimxəlil xanın türbəsi və Xurşidbanu Natəvanın qəbirüstü abidəsi də ermənilər tərəfindən dağıdılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq tapşırığına əsasən bu kompleksin bərpası işlərinə başlanılıb.

Qeyd edildi ki, Pənahəli xanın sarayının yerləşdiyi İmarət Kompleksi üçün ilkin konsepsiya layihəsi İtaliyanın “ArtCloud Network International s.c.r.l.” şirkəti tərəfindən hazırlanıb.

İlkin konsepsiyaya əsasən, kompleks Pənahəli xanın sarayı, məqbərələr, kassa, məlumat mərkəzi və Qarabağ atları parkından ibarət olacaq. Pənahəli xanın sarayı bərpa edilərək interaktiv muzey kimi fəaliyyət göstərəcək.

Vurğulandı ki, bu kompleksdə aparılacaq bərpa və konservasiya işlərinə mədəniyyət üzrə beynəlxalq ekspert Alesandro Biançi rəhbərlik edəcək. O, İtaliya ilə yanaşı, Türkiyə, Gürcüstan, İsrail, İraq, Albaniya, Efiopiya və sair ölkələrdə bərpa və konservasiya işləri üzrə fəaliyyət göstərib, bir çox beynəlxalq təşkilatların həyata keçirdiyi layihə, treninq və proqramlarda mütəxəssis kimi iştirak edib.

Kompleksin ilkin layihələndirilmə işləri üçün tələb olunan maliyyə vəsaitinin qrant qismində Qarabağ Dirçəliş Fondu tərəfindən ayrılması nəzərdə tutulur.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XIX əsr Azərbaycan romantik şeirinin görkəmli nümayəndəsi, şair, rəssam, xan qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsinin açılışını etdilər.

Onu da deyək ki, Prezident İlham Əliyevin 2022-ci il 14 mart tarixli Sərəncamı ilə bu il Xurşidbanu Natəvanın 190 illiyinin qeyd olunduğu nəzərə alınaraq yubiley ilində Mədəniyyət Nazirliyi tərəfindən həmin qəbirüstü abidənin bərpa olunması istiqamətində işlərə başlanılıb.

Şairənin qəbirüstü abidəsi özünün ilkin görkəmi əsasında heykəltaraş Kənan Əliyev tərəfindən 350 santimetr hündürlükdə boz qranit materialından hazırlanıb və əvvəlki yerində quraşdırılıb. Ağdamda 1982-ci ildə ucaldılmış və Elcan Şamilovun müəllifi olduğu qəbirüstü abidənin daş yonulması işlərini görmüş Rəfi Zeynalov 40 il sonra da eyni abidənin hazırlanması üçün daş yonub. Bununla bağlı Rəfi Zeynalovun xatirələrini bölüşdüyü qısa film də hazırlanıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xurşidbanu Natəvanın qəbirüstü abidəsinin üzərindəki ağ örtüyü götürdülər, önünə gül dəstələri qoydular.

İlham Əliyev keçmiş məcburi köçkünlər üçün Ağdam şəhərində inşa olunacaq yaşayış məhəlləsinin təməlini qoyub

Oktyabrın 4-də keçmiş məcburi köçkünlər üçün Ağdam şəhərində inşa olunacaq yaşayış məhəlləsinin təməlqoyma mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma məhəllə barədə məlumat verdi.

Bildirildi ki, Ağdam şəhərinin təsdiq edilmiş baş planına uyğun olaraq əhalinin səmərəli və yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması nəzərdə tutulub. Təməli qoyulan yaşayış məhəlləsinin salınması üçün 6,9 hektar torpaq sahəsi ayrılıb. Ərazi şəhərin şimal-şərqində yerləşir. Şərqdən Üzərliktəpə tarixi arxeoloji abidəsi, qərbdən isə şəhərin tarixi mərkəzi ilə əhatələnib. Həmçinin “İmarət” adlanan tarixi ərazi də məhəllənin yaxınlığındadır.

Qeyd edildi ki, layihə üzrə yaşayış binaları 4-7 mərtəbəli olacaq. Burada 1139 mənzil inşa ediləcək. Yaşayış məhəlləsində 3068 nəfər məskunlaşdırılacaq. İşğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması hədəfinə uyğun olaraq, məhəllədəki binaların enerji təchizatında alternativ enerji mənbələrindən istifadə üzrə konseptual həllər işlənmişdir.

Prezident İlham Əliyev yaşayış məhəlləsinin təməlini qoydu.

Ağdam şəhərində Dəmir yolu və Avtovağzal Kompleksinin təməlqoyma mərasimində iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Ağdam şəhərində Dəmir yolu və Avtovağzal Kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.

Dövlətimizin başçısına və birinci xanıma kompleks barədə məlumat verildi.

Bildirildi ki, iki mərtəbə və terrasdan ibarət olmaqla layihələndirilən kompleksə dəmir yolu vağzalı və avtovağzal daxildir. Kompleks vahid nəqliyyat qovşağı şəklində milli arxitektura üslubunda dizayn edilib. Eyni zamanda, kompleksin tikintisində milli ornamentlər əsas götürülməklə, şüşə elementlərdən geniş istifadə olunacaq. Kompleks Ağdam rayonunun logistik imkanlarını genişləndirəcək. Dəmir yolu vağzalı gündəlik 800-1000 nəfər sərnişinin daşınmasına imkan verəcək. Avtovağzal isə gündəlik 1300-1500 nəfər sərnişinə xidmət edəcək.

Qeyd olundu ki, kompleksdə gözləmə zalları, bilet kassaları, tibb və polis məntəqələri, ana və uşaq otağı, əl yüklərini saxlama kamerası, texniki otaqlar, mağazalar, uşaqlar üçün əyləncə zonası, restoran və istirahət guşələri yaradılacaq.

Prezident İlham Əliyev kompleksin təməlini qoydu.

İlham Əliyev Ağdamın Sarıcalı kəndinin təməlini qoyub
İlham Əliyev Ağdamın Sarıcalı kəndinin təməlini qoyub

Oktyabrın 4-də Ağdam rayonunun Sarıcalı kəndinin təməli qoyulub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təməlqoyma mərasimində iştirak edib.

Dövlətimizin başçısına kənddə görüləcək işlər barədə məlumat verildi.

Bildirildi ki, Sarıcalı kəndi 1720 nəfər (425 ailə) əhali üçün planlaşdırılır. Layihələndirilən ümumi ərazi 101,9 hektardır. Burada məskunlaşacaq əhalinin sayı nəzərə alınaraq, yaşayış məhəllələrinin salınmasının birinci mərhələsi üçün 50,3 hektar torpaq sahəsi ayrılıb.

Qeyd olundu ki, birinci mərhələdə 895 nəfərin köçürülməsi üçün 211 fərdi ev tikiləcək. Ağdam şəhərinin mərkəzindən 6 kilometr məsafədə yerləşən Sarıcalı kəndində əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılacaq. Burada mədəniyyət və əyləncə mərkəzləri, müxtəlif təyinatlı bir sıra müəssisələr, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə ümumilikdə 774 nəfərin işlə təmin olunması nəzərdə tutulur.

Prezident İlham Əliyev Sarıcalı kəndinin təməlini qoydu.

Share