HƏSƏN MİRZƏ-BÖYÜK ALİM, SADİQ MƏSLƏKDAŞ VƏ EL AĞSAQQALI

HƏSƏN MİRZƏ-BÖYÜK ALİM, SADİQ MƏSLƏKDAŞ VƏ EL AĞSAQQALI

07.10.2022 Off By Füzuli İsmayılov

Azərbaycan Prezidentinin Sərəncamıyla 2023-cü il Azərbaycanda Ümummilli lider, dövlətçiliyimizin memarı, müstəqil Azərbaycanın xilaskarı Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “HEYDƏR ƏLİYEV İLİ” elan edilmişdir. Bu münasibətlə “HAKİMİYYƏT” qəzeti Heydər Əliyevin xalqın xilaskarı kimi görən, onun hakimiyyətə dəvətini dəstəkləyən, “Heydər baba, qurtar bizi zülmətdən” deyənlərin sırasında olan, onun silahdaşları barəsində silsilə yazılar dərc edirik. Məhşur “91-lər…”dən biri, Heydər Əliyevin müdrikliyinə bələd olan, inanan silahdaşlarından biri də Azərbaycanda el ağsaqqalı kimi tanınan, filoloq-alim, ictimai xadim, saz, söz ustadlarından biri – Həsən Mirzəyevdir.

H.Mirzəyev 1927-ci il noyabr ayının 26-da Dərələyəz mahalındakı Qovuşuq kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1948–1950-ci illərdə Naxçıvan Dövlət Müəllimlər İnstitutunda, 1951–1955-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU) ali təhsil alıb. H.Mirzəyev əmək fəaliyyətinə 1950-ci ildə doğma kəndində orta məktəb müəllimi kimi başlayıb. 1955-ci ildə ali təhsilini başa vurduqdan sonra rayon xalq maarif şöbəsinin inspektoru və Qovuşuq kənd orta məktəbinin müəllimi, 1957–1959-cu illərdə isə məktəb direktoru işləyib. H. Mirzəyev 1959–1962-ci illərdə ADPİ-də “Azərbaycan dilçiliyi” ixtisası üzrə aspiranturada təhsil alıb. Aspiranturanı bitirdikdən sonra ömrünün sonunadək ADPU-da işləyib. O, müxtəlif illərdə müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri və dekan vəzifələrində çalışıb. H.Mirzəyev 1965-ci ildə namizədlik, 1988-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib. 1990-cı ildə professor elmi adını alıb.

Böyük alim Həsən Mirzəyev hər məqamda həqiqətin və həqiqət ocağı bildiyi xalqının yanında olub. 1990-cı ildə Bakı Şəhər Sovetinin deputatı olarkən də, o həqiqətdən kənar düşmədi, iki dəfə Azərbaycan Respublikası Milli Məclisinin üzvü olanda da.

Ötən əsrin 90-cı illərinin əvvəllərində, Azərbaycan taleyüklü məqamlarını yaşayan zamanlarda da Həsən Mirzəyev vətəndaş seçimində tərəddüd etmədi, Azərbaycanın gələcəyi, onun nicatı naminə Ümummilli Lider Heydər Əliyevin yanında yer tutdu. O, sonradan “91”-lər adlanacaq insanların sırasında ilkin dayananlardan biri oldu. O insanların ki, onlar Heydər Əliyev müdrikliyinə, dövlətçilik təfəkkürünə inamla Böyük Xilaskara Azərbaycanda siyasi hakimiyyətə gəlmək üçün çağırış etdilər.

Milli Məclisin 2003-cü ilin payız sessiyası zamanı Həsən Mirzəyevin etdiyi çıxış çoxlarının xatirindədir. Həmin tarixi məqamlarda o, Milli Məclisin televiziya ilə yayımlanan iclasları zamanı Azərbaycan vətəndaşlarına, xüsusən öz seçicilərinə üzünü tutaraq hələ də yaralarından qan daman ölkəmizin dərdlərinə YAP-ın vahid namizədi İlham Heydər oğlu Əliyevin əlac olacağını deyirdi.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru, professor Mahirə Hüseynova Həsən Mirzəyevin həyat və fəaliyyəti haqqında yazılarında bildirir ki, Azərbaycan filologiya elminin inkişafında H.Mirzəyevin özünəməxsus xidmətləri var. O, dilçiliyin müxtəlif problemlərinə dair bir sıra sanballı tədqiqatları ilə tanınırdı. Alimin xüsusən Qərbi Azərbaycanın yer adları ilə bağlı araşdırmaları milli tariximizin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. H.Mirzəyevin 200-dən çox elmi əsəri, o cümlədən 25 kitabı və 10-a yaxın dərs vəsaiti işıq üzü görüb. Eyni zamanda o,  bədii yaradıcılıqla da məşğul olub. Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının  üzvü, Avropa Akademiyasının həqiqi üzvü, Azərbaycan Aşıqlar Birliyinin üzvü olan H.Mirzəyev böyük alim olmaqla yanaşı, həm də tanınmış ictimai-siyasi xadim idi.

Professor Mahirə xanım Hüseynova bir daha qeyd edir ki, Həsən Mirzəyev hansı mövzunu işləyir-işləsin, onun ərsəyə gətirdiyi elmi əsərləri yalnız faktlar üzərində müşahidələrinin, dil faktlarından aldığı təəssüratın nəticələrindən ibarət olmur. O, faktları, topladığı zəngin dil materiallarını vahid sistem şəklində, oturuşmuş prinsiplər əsasında analiz etdiyindən, müəyyən hallarda  elmi-nəzəri ədəbiyyatdakı mülahizə və fikirlərlə razılaşmır, öz tənqidi mühakimələrinin qənaətindən doğan nəticələrə gəlir. Onun tədqiqata cəlb etdiyi maraqlı mövzularda, şifahi xalq ədəbiyyatı, daha da dəqiqləşdirsək, aşıq ədəbiyyatı nümunələri üzrə əsərlərindən birində axtarış, faktları toplamaq və toplanan faktlar üzərində işləmək metodologiyasını müşahidə edirik. Professorun  Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ali məktəb tələbələri üçün dərs vəsaiti kimi təqdim edilmiş və 1997-ci ildə nəşr olunan “Aşıq poeziyasında yaşayan adlarımız və tariximiz”  kitabı dil faktlarının toplandığı arealın genişliyi ilə heyrətamizdir. Azərbaycan aşıqları və el şairləri, Azərbaycan xalq dastanları, Azərbaycan aşıq ədəbiyyatının ayrı-ayrılıqda ən nəhəng nümayəndələri, həmçinin müasirləri olan aşıq və el şairlərinin saya- hesaba gəlməyən yaradıcılıq nümunələrini tədqiqata cəlb edərək qədim tariximizin qatlarına enir, yaşayan adlarımızın, onların etimologiyasının izi ilə gedə bilir. Professor Qəzənfər Kazımov onun bu keyfiyyətlərinə stimul verən amili belə  qiymətləndirirdi: “Həsən Mirzəyev filologiyamızda müasir ədəbi dilimizin morfologiyasını, xüsusən dilin quruluş xüsusiyyətlərini sinxron, diaxron aspektdə araşdırmaqda, o cümlədən xalqın qədim tarixini, dilini, milli orijinallığını daha yaxşı mühafizə edib saxlayan feillərin mahir tədqiqatçısı kimi məşhurdur. Lakin professor həqiqi bir filoloq kimi el sənətinə – aşıq ədəbiyyatına da dərindən bələddir və bu sahənin vurğunudur. “Aşıq poeziyasında yaşayan adlarımız və tariximiz” kitabında müəllif əsasən onomastik leksikanın tədqiqi ilə məşğul olmuş və xüsusi adları bir küll halında bütün sahələr üzrə nəzərdən keçirmişdir”.

Filoloq alimin el aösaqqalı Həsən Mirzəyev haqqında yazdığı şerdən bir bəndini xatırlamaq yerinə düşər:

Bu illəri onsuz gördük deyilməz,

Üzbəüzdə Həsən Mirzə yaşayır.

O nə sirdi, nə hikmətdi bilinməz,

Yüzə-yüzdə Həsən Mirzə yaşayır

 Həsən Mirzəyevin Azərbaycan dilçiliyində feil bəhsi üzrə məktəb yaratdığını, bu məktəbin özülünü fundamental monoqrafiyalarla qurduğunu, 150 il müddətində türkologiyada mübahisə doğuran bir çox mövzuları (feili sifət, feilin təsir kateqoriyası) tədqiq edərək inandırıcı nəticələrlə mübahisələrə son qoyduğunu qəbul edirdilər. Bu gün Azərbaycan filologiyasında professor Həsən Mirzəyevin “Dərələyəzin toponim və şivə sözləri”, “Dərələyəz folkloru”, “Qərbi Azərbaycanın Dərələyəz mahalı” (ensiklopedik məlumatkimi sanballı monoqrafiyaları alimlərin və elmi yaradıcılıqda ilk addımlarını atan elmi işçilərin əsas istinad mənbələrindən biri hesab olunur.

Həsən Mirzəyev canlı orqanizm olan dilin öyrənilməsini, onun inkişafı yollarının müəyyənləşdirilməsini aktual məsələlərdən biri hesab edirdi və ona görə idi ki, hələ 80-ci illərdə bunun üçün sözün hərfi mənasında, mübarizə aparırdı və nəhayət, universitetdə “Müasir Azərbaycan dili” kafedrasının yaranmasına da ona görə nail oldu.

Bunlar professor Həsən Mirzəyevin Azərbaycan elminə heç kimin inkar edə bilməyəcəyi xidmətləridir.

Azərbaycan filologiya elminin inkişafında H. Mirzəyevin özünəməxsus xidmətləri var. O, dilçiliyin müxtəlif problemlərinə dair bir sıra sanballı tədqiqatları ilə tanınırdı. Alimin xüsusən Qərbi Azərbaycanın yer adları ilə bağlı araşdırmaları milli tariximizin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. H.Mirzəyevin 200-dən çox elmi əsəri, o cümlədən 25 kitabı və 10-a yaxın dərs vəsaiti işıq üzü görüb. Eyni zamanda mütəmadi olaraq bədii yaradıcılıqla məşğul olurdu. H.Mirzəyev böyük alim olmaqla yanaşı, həm də tanınmış ictimai-siyasi xadim idi. O, Azərbaycan Respublikası Milli Məclisinin I çağırışında 22 saylı Binəqədi ikinci seçki dairəsindən deputat seçilmişdir. H.Mirzəyev 2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərmanı ilə “Şöhrət” ordeninə, 2007-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi. H. Mirzəyev 25 fevral 2015-ci ildə Bakı şəhərində vəfat edib. Fəxri Xiyabanda dəfn edilib.

Share