İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib

İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib

11.10.2022 Off By Füzuli İsmayılov

Hakimiyyet.info.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də Qırğız Respublikasına dövlət səfərinə gəlib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Bişkek şəhərinin “Manas” Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Hava limanında dövlətimizin başçısını Qırğızıstan Prezidenti Sadır Japarov qarşıladı.

İlham Əliyev Bişkekdə “Ata-Beyit” Milli Tarixi-Memorial Kompleksini ziyarət edib

İlham Əliyev Bişkekdə “Ata-Beyit” Milli Tarixi-Memorial  Kompleksini ziyarət edib

Qırğız Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də Bişkekdə “Ata-Beyit” Milli Tarixi-Memorial Kompleksini ziyarət edib.
Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.
Dövlətimizin başçısı görkəmli Qırğız yazıçısı Çingiz Aytmatovun məzarını da ziyarət etdi və üzərinə gül dəstəsi qoydu.
Məlumat verildi ki, Qırğız dövlətçiliyinin ən mühüm inkişaf mərhələlərinin tarixi yaddaşının bərpası və qorunub saxlanılması məqsədilə tikilən “Ata-Beyit” Milli Tarixi-Memorial Kompleksi 2000-ci il iyulun 8-də açılıb. Memorial görkəmli Qırğız yazıçısı Çingiz Aytmatovun təklifi ilə “Ata-Beyit” – “Ataların məzarlığı” adlandırılıb.
Qırğız memarlığının elementləri nəzərə alınmaqla müasir standartlara uyğun inşa edilmiş kompleks üç hissədən – memorial günbəzdən, qəbirüstü plitələrdən və memorial divardan ibarətdir.
Ümumi sahəsi iki hektar olan kompleksdə 1920-1930-cu illərdə Qırğızıstanın siyasi həyatını əks etdirən sənədlər və fotoşəkillər, digər tarixi materiallar toplanıb. Kompleksin mərkəzində məzarlıq yerləşir, həmçinin burada muzey fəaliyyət göstərir.
Kompleksdə Qırğız xalqının mübarizəsinin rəmzi olan “Urkun” abidəsi də var.






İlham Əliyevin Bişkekdə rəsmi qarşılanma mərasimi olub


İlham Əliyevin Bişkekdə rəsmi qarşılanma mərasimi olub



Oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bişkekdəki Ala-Arça dövlət iqamətgahında rəsmi qarşılanma mərasimi olub.
Azərbaycanın və Qırğızıstan Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.
Azərbaycanın və Qırğızıstan Dövlət himnləri səsləndirildi.
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan əsgərlərini salamladı.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Qırğızıstanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Sadır Japarova təqdim edildi.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçdi.
Dövlət başçıları rəsmi foto çəkdirdilər.
 





Bişkekdə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın məhdud tərkibdə iclası keçirilib
11 oktyabr 2022, 15:20
Bişkekdə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası  Şuranın məhdud tərkibdə iclası keçirilib



Oktyabrın 11-də Bişkekdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın məhdud tərkibdə iclası keçirilib.
İclasda çıxış edən Qırğızıstan Prezidenti Sadır Japarov dedi:
-Hörmətli İlham Heydər oğlu, Sizinlə bu dəfə qonaqpərvər Qırğızıstan torpağında yenidən görüşməyimə çox şadam. Qırğızıstan-Azərbaycan qarşılıqlı əlaqələrinə dair məsələləri müzakirə etmək fürsətinə görə də şadam. Mən Azərbaycana səfərimi böyük məmnuniyyətlə xatırlayıram. Bu ilin aprelində mənə və nümayəndə heyətimizin üzvlərinə göstərdiyiniz qonaqpərvərliyə görə səmimi minnətdarlığımı bildirmək istəyirəm.
Biz Sizin dövlət səfərinizə olduqca böyük əhəmiyyət veririk. Çünki bu səfər bizim qardaş ölkələrimiz arasında əsl strateji tərəfdaşlıq münasibətlərini nümayiş etdirir. Bizim xalqlarımızın dostluğu zamanın və tarixin sınağından çıxmış uzunmüddətli etibarlı və səmimi münasibətlərə əsaslanır. Ölkələrimiz bu il Dostluq və əməkdaşlıq haqqında Müqavilənin 25 illiyini qeyd ediblər. Üç aydan sonra bizim yeni yubileyimiz – diplomatik münasibətlərin qurulmasının 30 illiyi olacaq. Biz bu tarixə yaxşı nəticələrlə yaxınlaşmışıq. Bizim əməkdaşlığımız strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Fərəhli haldır ki, dinamik şəkildə möhkəmlənən və genişlənən əlaqələr ölkələrimizin parlamentləri, hökumətləri və aidiyyəti qurumları arasında aktiv qarşılıqlı fəaliyyətlə nəticələnib. Aprel ayındakı bir sıra razılaşmalarımız hökumətlərarası birgə komissiyanın xətti ilə əməli surətdə həyata keçirilib, İşgüzar Şura yaradılıb, Heydər Əliyev adına, Nizami Gəncəvi adına məktəbləri, Qırğızıstan- Azərbaycan Dostluq Parkını birlikdə açacağıq. Əminəm ki, Sizin səfəriniz və Dövlətlərarası Şuranın iclasının keçirilməsi ikitərəfli münasibətlərə yeni təkan verəcək. Bu, bizim əməkdaşlığımızın siyasi, ticari-investisiya və mədəni-humanitar sahələrdə fəal inkişafının parlaq göstəricisidir. Xüsusilə vurğulamaq istərdim ki, Qırğızıstan qardaş Azərbaycanla sistemli və uzunmüddətli əməkdaşlıq əzmindədir və strateji sahələrdə ciddi qarşılıqlı fəaliyyətə hazırdır.
Hörmətli İlham Heydər oğlu, biz beynəlxalq təşkilatlarda da aktiv qarşılıqlı fəaliyyət göstərir və beynəlxalq strukturlara namizədliklərin irəli sürülməsi zamanı bir-birimizi dəstəkləyirik. Qırğızıstan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünə dair mövqeyinə həmişə tərəfdar olub. Biz Sizə ona görə minnətdarıq ki, Siz Qırğızıstanın bütün təşəbbüslərini beynəlxalq arenada dəstəkləyirsiniz. Bizim ölkələrimiz BMT, ATƏT, ŞƏT, TDT, İƏT və Qoşulmama Hərəkatı kimi nüfuzlu beynəlxalq təşkilatlarda və strukturlarda aktiv qarşılıqlı fəaliyyət göstərir. Əminəm ki, əməkdaşlığımızın yüksək səviyyəsi uzunmüddətli olacaq.
Hörmətli İlham Heydər oğlu, Qırğızıstan-Azərbaycan qarşılıqlı fəaliyyətinin aktual məsələlərini müzakirə etməyə hazıram və sözü Sizə verirəm, buyurun.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev dedi:
-Çox sağ olun, cənab Prezident. İlk növbədə, qardaş Qırğızıstana dövlət səfərinə dəvətə görə təşəkkürümü bildirirəm. Həmçinin Sizin yarım il bundan əvvəl Azərbaycana səfərinizi məmnunluqla xatırlayıram. Münasibətlərimizin belə dinamikası ondan xəbər verir ki, biz qarşılıqlı əməkdaşlıq potensialını artırmaq əzmindəyik. Sizin Azərbaycana rəsmi səfəriniz zamanı ölkələrimiz arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Bu Bəyannamə bizim əlaqələrimizi daha yüksək səviyyəyə qaldırıb. Əminəm ki, mənim səfərimin yekunlarına dair razılaşmalar əldə olunacaq və bu razılaşmalar bir çox sahələrdə əməkdaşlığın dərinləşməsinə kömək edəcək.
Siz bizim ölkələrin həm beynəlxalq arenada, həm də ticari-iqtisadi əlaqələr çərçivəsində əməkdaşlıq istiqamətlərini qeyd etdiniz. Düşünürəm ki, bu gün və sabah həm biz Sizinlə, həm də nümayəndə heyətlərinin üzvləri planlarımızı ətraflı müzakirə etmək və tərəfdaşlığın möhkəmləndirilməsi yollarını müəyyənləşdirmək fürsəti əldə edəcəyik. Mən əmtəə dövriyyəsinin rəqəmlərinə baxdım. Əlbəttə, onlar bizi məmnun edə bilməz. Lakin fikrimcə, bu, bizim nəzərdə tutduğumuz o planlardır ki, qısa zaman kəsiyində qarşılıqlı ticarətin həcmini artırmağa imkan verəcək. Azərbaycan, həmçinin Sizin ölkədə investisiya layihələrində maraqlıdır. Biz bu gün bunu da müzakirə edəcəyik.
Mən Azərbaycan dövlətinin banisi Heydər Əliyevin xatirəsinə ehtirama görə Sizə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Bişkekin böyük məktəblərindən birinə onun adı verilib. Həmçinin qeyd etdiyiniz kimi, Qırğızıstan-Azərbaycan Dostluq Parkı, Nizami Gəncəvi adına məktəb açılacaq. Bizim əməkdaşlığımızın bütün bu əlamətdar anları, əlbəttə, Azərbaycan xalqının dərin minnətdarlığına səbəb olur və bizim münasibətlərin qardaşlıq xarakterini ifadə edir. Əminəm ki, biz bundan sonra da səmərəli əməkdaşlıq edəcəyik, ölkələrimiz arasında münasibətlər dinamik inkişaf edəcək.


Bişkekdə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclası olub
11 oktyabr 2022, 16:15
Bişkekdə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası  Şuranın geniş tərkibdə iclası olub

Oktyabrın 11-də Bişkekdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclası keçirilib.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Oktyabrın 11-də Bişkekdə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclası başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub.
“Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Birinci Dövlətlərarası Şuranın iclasının Qərar”ını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov imzaladılar.
“Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası ilə Qırğız Respublikasının Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandum”unu Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Qırğız Respublikasının Ticarət və Sənaye Palatasının prezidenti Marat Şarşekeyev imzaladılar.
“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Qırğız Respublikasının Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandum”unu Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və Qırğız Respublikasının Ticarət və Sənaye Palatasının prezidenti Marat Şarşekeyev imzaladılar.
“Azərbaycan Respublikasının Bakı şəhəri və Qırğız Respublikasının Bişkek şəhəri arasında qardaşlıq əlaqələrinin qurulmasına dair Anlaşma Memorandum”unu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Bişkek şəhərinin meri Emilbek Abdıkadırov imzaladılar.
“Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Qırğız Respublikasının Təbii Sərvətlər, Ekologiya və Texniki Nəzarət Nazirliyi arasında qarşılıqlı anlaşma və ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Memorandum”u Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qırğız Respublikasının təbii sərvətlər, ekologiya və texniki nəzarət naziri Dinara Kutmanova imzaladılar.
“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Qırğız Respublikasının Nazirlər Kabineti yanında Sosial Fond arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq haqqında Protokol”u Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qırğız Respublikasının Sosial Fondunun sədri Bəxtiyar Əliyev imzaladılar.
“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Qırğız Respublikasının Xarici İşlər Nazirliyi arasında 2023-2025-ci illər üzrə əməkdaşlıq Proqramı”nı Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev imzaladılar.
“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov və Qırğız Respublikasının kənd təsərrüfatı naziri Askarbek Canibekov imzaladılar.
“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Saziş”i Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və Qırğız Respublikasının Nazirlər Kabinetinin sədr müavini Bakıt Torobayev imzaladılar.
 


Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Oktyabrın 11-də Bişkekdə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər. 



Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkı açılıb 

Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkı açılıb 

Oktyabrın 11-də Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışı olub.
Parkın açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov iştirak ediblər.
Əvvəlcə dövlət başçıları parkın açılışını bildirən lenti kəsdilər.
Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov tədbirdə çıxış etdilər.

 




Qırğızıstan Prezidenti Sadır Japarovun adından Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə rəsmi qəbul təşkil edilib

Qırğızıstan Prezidenti Sadır Japarovun adından Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə rəsmi qəbul təşkil edilib

Oktyabrın 11-də Qırğız Respublikasının Prezidenti Sadır Japarovun adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi qəbul təşkil edilib.
Rəsmi qəbulda konsert proqramı təqdim olunub.
Qırğızıstan Prezidenti Sadır Japarov Ulu Öndər Heydər Əliyevlə bağlı fotoalbomu dövlətimizin başçısına təqdim edib.
 


Share