Gənclər və İdman naziri Fərid Qayıbov gənclər təşkilatlarının rəhbərləri ilə görüşüb
16.10.2022Hakimiyyet.info.az xəbər verir ki, görüşdən əvvəl nazir Binəqədi Gənclər evinin şəraiti ilə tanış olub, burada təmir-bərpa işləri, gənclər evinin fəaliyyətinin yenidən təşkili ilə maraqlanıb. Gənclər evinin direktoru Günel Həsənova fəaliyyətin optimallaşdırılması, gənclərin asudə vaxtının təşkili istiqamətində görülən işlər barədə məlumat verib.
Gənclər təşkilatlarının nümayəndələri ilə görüşdə təmsil olunan təşkilatların fəaliyyət istiqamətləri, onların qarşılaşdıqları çətinliklər, nazirliklə əməkdaşlıq məsələləri müzakirə edilib. Gənclərin fəallığının daha da artırılması, xüsusən elm və təhsil sahəsində yeniliklərin tətbiqi və digər mövzularda fikir mübadiləsi aparılıb.
Tədbirdə gənclərin maarifləndirilməsi, yeni peşələrə yiyələnməsi barədə təkliflər səsləndirilib, həyata keçirilmiş və nəzərdə tutulan layihələr barədə məlumat verilib. Təşkilat rəhbərlərinin fikirlərini və təkliflərini dinləyən nazir Fərid Qayıbov gənclər təşkilatlarının daha aktiv fəaliyyət göstərməsi, gənclərlə işin bütün ölkəni əhatə etməli olduğunu qeyd edərək, bu sahədə müvafiq tövsiyələrini verib.



























