Ölkədə yol hərəkətinin təhlükəsizliyi ilə bağlı DÖVLƏT PROQRAMININ(2019-2023-illər üçün) necə həyata keçirilir- TƏHQİQAT
07.11.2022II M Ə Q A L Ə
Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi ölkənin avtomobil yolları şəbəkəsinin və yol infrastrukturunun bərpasına və yenidən qurulmasına, yeni avtomobil yollarının salınması, nəqliyyat qovşaqlarının və körpülərin tikintisi, yol hərəkətini tənzimləyən qanunvericiliyin müddəalarının müasir dünya standartlarına uyğunlaşdırılması, bu sahədə sui-istifadə hallarına qarşı ciddi tədbirlər görülməsi, yol patrul xidməti əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi və bununla da ölkədə yol hərəkətinin fasiləsiz və təhlükəsiz təmin edilməsində mühüm əhəmiyyət kəsb edir.
Görülən tədbirlərə baxmayaraq son zamanlar sürücülərin təhlükəsizlik tələblərini pozmaqla, o cümlədən sərxoş halda, sürət həddini aşmaqla nəqliyyat vasitələrini idarə etməsi ilə əlaqədar ağır nəticələrə səbəb olan yol-nəqliyyat hadisələrinin sayı artmaqda davam edir.
Yol-nəqliyyat hadisələrinin baş vermə səbəblərinin aradan qaldırılması, bu hadisələrlə bağlı aparılan təhqiqat, istintaq və ekspertizalar zamanı yol verilən korrupsiya və digər sui-istifadə hallarının qarşısının alınması və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması məqsədi ilə “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamından irəli gələn öhdəliklərin icrası ilə bağlı müvafiq orqanlar, Nazirlər Kabineti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Daxili İşlər Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “Azərişıq” ASC, “Azərsu” ASC, “Azəriqaz” İB İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi hansı sənədlər qəbul etmiş, bu sahədə ümumən nə kimi tədbirlər planı həyata keçirmişlər. Ümumiyyətlə, Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi ölkə prezidentinin müvafiq Sərəncamlarının icrasına necə yanaşıb?
Görünən odur ki, bu ilin oktyabrın 3-də Nazirlər Kabinetinin iclasında Yol hərəkəti təhlükəsizliyi Komissiyasının adı dəyişdirilib və yeni tərkibi təsdiqlənib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, komissiya Nazirlər Kabinetinin Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiyası adlandırılıb.
Komissiyanın yeni tərkibi aşağıdakı kimidir:
Komissiyanın sədri
Şahin Mustafayev – Baş nazirin müavini
Komissiyanın üzvləri:
İqtisadiyyat nazirinin birinci müavini
Fövqəladə hallar nazirinin birinci müavini
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Ədliyyə nazirinin müavini
Maliyyə nazirinin müavini
Dövlət Gömrük Komitəsi sədrinin müavini
Dövlət Şəhərsalma və Arxitektura
Komitəsi sədrinin müavini
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri
Nazirlər Kabineti Aparatının Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinin müdiri
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi
Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatının rəhbəri.
Buradan görünür ki, tərkibdə olan nazirlər, müavinlərlə əvəz edilib. Məgər nazirlərin özü bir iş görə bildilər ki, indi müavinlər nə isə düzəltsinlər? Komissiyanın da adı dəyişdirilib, çox böyük “iş” görülüb. Nə qədər bayağı və gülməli bir zəhmət çəkilib. Yəni ölkə başçısının 4 il əvvəl imzaladığı Sərəncama Nazirlər Kabineti “sayğı” göstərib! Bəs Dövlət Proqramının icrası üçün hansı qərarlar qəbul edilib, hansı tədbirlərin həyata keçirilməsi tapşırığı verilib? Bəlkə Nazirlər Kabinetinin iclasında ölkənin Yol hərəkəti təhlükəsizliyini iflic vəziyyətə salan, 27 ildən artıq DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsini mənimsəyərək zəbt edən cənab Ramiz Zeynalovun 72-yaşında nəhayət ki, ölkə Konstitusiyasına hörmət göstərilərək təqaüdə göndərilməsi həll edilib? Bu barədə indi yazmaq, müzakirə açmaq fikrində olmasaq da, bu mövzu növbəti təhlilimizdə araşdırılacaq. Bəlkə Nazirlər Kabinetinin iclasında komissiya üzvləri bu sahədə qəbul edilmiş Dövlət proqramının həyata keçirilməsi üçün lazım olan vəsaitin miqdarını müəyyən edib ölkənin Maliyyə Nazirliyinə təkliflər verib? Düşünürəm ki, nəhayət dövlət qurumlarının məsuliyyətsizliyi, yolların qəzalı olması, yol nişanlarının harada, necə gəldi qoyulması, asfalt örtüyünün standartlara cavab verməməsi üzündən baş verən yol qəzaları və yol qəzalarında həyatını itirən vətəndaşlara ödəniləcək maddi-mənəvi kompensasiyadan da danışılmayıb. Yoxsa, biz məlumatsızıq, ümumiyyətlə bu proqramın lazımsız olduğunu Nazirlər Kabineti gündəmə gətirib? Bütün bunlar barədə sonra.
Yol hərəkəti təşkilinin texniki vasitələrlə təminatının ardıcıllıqla aparılmadığından, avtomatlaşdırılmış idarəetmə sistemlərinin olmadığından, mürəkkəbləşmiş yol problemləri bütövlükdə həll edilmir. Bu sahə üzrə fəaliyyət göstərən bəzi dövlət qurumlarının digərləri ilə funksiyalarının yenidən təkrara yol vermədən dəqiqləşdirilməklə, qismən paylaşdırılması mütləqdir. Xüsusilə keçmiş “Nəqliyyat Nazirliyinin” itirilmiş bəzi funksiyalarının yeni məzmunda, başqa yeni qurumda bərpası problemsiz mümkündür və daha məqsədə uyğundur.
Yol hərəkətinin təşkili məsələlərinin hüquqi tənzimlənməsi sahəsində “Yol hərəkətinin təşkili haqqında” vahid hüquqi normativ aktın mövcud olmaması səbəbindən, qanunvericilik səviyyəsində müstəqil fəaliyyət növü kimi yol hərəkəti təşkilinin məqsədləri və məzmunu açıqlanmır.
Yol hərəkətinin təşkili sahəsində sxem-lahiyə sənədlərinin hazırlanma və təstiqlənmə qaydası, belə sənədlərin tərkib və məzmununa tələblər müəyyən edilməyib. Həmin sahədə çoxsaylı normativ sənədlərdə olan müddəalar qanun səviyyəsində sistemləşdirməni və vahid şəkilə salınmanı tələb edir- bu da keçmiş “Nəqliyyat Nazirliyinin” unudulmuş hüquqi normativ bazasının yenilənmiş redaksiyada dəqiqləşdirilməklə verilməsi olardı.
Son illərin qanunvericilik dəyişikliklərinin təhlili əsasında da “Yol hərəkəti təşkilinin” təmin olunması üzrə dövlət qurumları arasında bəzi funksiyaların yenidən, ardıcıllıqla paylaşdırılması haqqında müvafiq nəticəyə gəlmək olur.
Hazırda, küçə-yollarda təhlükəsizliyin təmin olunması sistemində mühüm dövlət funksiyalarını aşağıdakı qurumlar yerinə yetirir:
-DİN, “Rabitə və Yüksək Texnologiyalar Nazirliyi”nin balansına verilmiş-keçmiş Nəqliyyat Nazirliyinin sürücü peşə təhsili hazırlığı kombinatları, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, FHN və digər dövlət qurumlarıdır.
Bu qurumların bəzilərinin tərkibində layihə, montai-istismar-təmir sahələri var, onlar da ayrı-ayrılıqda yol hərəkətinin təşkilinin, təsdiqlənmiş kompleks sxem- layihələrə malik olmadan, digər əlaqədar dövlət qurumları ilə koordinasiyasız və standartların tələblərini pozmaqla, yol hərəkəti təşkilinin mövcud problemlərini, müstəqil qaydada həll etməyə cəhdlər göstərirlər. Belə təcrübə isə bütövlükdə müsbət nəticə vermir, yekunda özünü doğrultmur və qeyd olunanlara əsasən yeni dövlət qurumunun yaradılmasını zərurətləndirir.
Yeni xidmət yaradılarsa, onun funksiyalarına küçə və yolların istismara qəbulu üzrə dövlət komisiyasının tərkibində iştirakını da daxil etmək mütləqdir. Yeni qurum Səhiyyə, DYP xidmətlərilə birgə, hər il yol-nəqliyyat hadisələrinin rəqəmli göstəricilərinin analitik təhlilini aparılmasını təmin etməli və yolun asfalt örtüyünün diaqnostikasını təsdiqlənmiş razılaşma cədvəlinə əsasən keçirməli, fəaliyyətin yekunları Nazirlər Kabinetində müzakirə olunmalıdır.
6. Adı çəkilən xidmətin tərkibində yol hərəkəti təşkilinin texniki vasitələrin tətbiqinə və vəziyyətinə nəzarət edə biləcək, yol hərəkətinin texniki vasitələrinin sertifikatlaşdırılmasını təmin edən laboratoriyanın təşkil olunması da vacibdir. Yol nişanlarının və yol örtüyü üzərində cizgilərin keyfiyyətinə nəzarətin yerinə yetirilməsi, küçə-yol şəbəkəsinin asfalt örtüyünün diaqnostikasını həyata keçirən, müasir ölçü vasitələri ilə təchiz edilmiş, bir neçə diaqnostika kompleksli yol laboratoriyalarının olması müasir dövrün tələbidir.

7. Yol-nəqliyyat hadisələrinin əksəriyyətinin səbəbi, yol hərəkəti iştirakçıları tərəfindən yolverilən inzibati xətalardır. yol hərəkətinin əsas mənfi xüsusiyyəti “Yol hərəkəti qaydalarının” tələblərinə yol hərəkəti iştirakçıları tərəfindən kütləvi riayət olunmaması amilidir..
Yol nişanlarının vahid elektron reyestr xidməti mövcud olmadığından, buna görə yol nişanları dislokasiyalarının tərtib olunmasında bir sıra həllini gözləyən hüquqi-normativ problemlərin olması da mövcuddur. Bu səbəblərdən yol nişanlarının dislokasiyası və kompleks sxemlərin tərtibi üzrə layihə bürosu da yoxdur.
Yol hərəkətinin təhlükəsizliyinin təmin olunması sahəsində ekspert-mütəxəssislərin əksəriyyəti, yol hadisələrinini əsas səbəbini qüvvədə olan “Yol hərəkəti qaydaları”na əməl edilməməsində görürlər.
Dünya təcrübəsi olan, hər il “Yol hərəkəti qaydalarının” təkmilləşdirilməsi daim aparıldığından, dəyişiklik və əlavələrin edilməsi normativ sənədlərin layihələrinin hazırlanması üzrə dünya dövlətlərində daimi İŞÇİ qruplar fəaliyyət göstərir. Belə daimi fəaliyyət göstərən işçi sektorun da təşkil olunmadığından onun yaradılması mütləqdir.
1968-ci ildə Vyanada, “Yol hərəkəti, yol nişanları və siqnallar haqqında” qəbul olunmuş Konvensiyaya Azəbaycan Respublikası da keçən əsrin 90- cı illərində qoşulmuşdur.

Hazırda, qüvvədə olan 1968-ci il tarixli Vyana Konvensiyasının qaydaları (əlavə və dəyişikliklərlə) demək olar ki, qismən köhnəlmişdir. Bu qaydalarda giroskuterlər, monotəkərlər, elektrik sankaları yoxdur. Tezliklə yollara pilotsuz avtomobillər çıxacaq, onlar da qaydalarda yoxdur.
8. Şərh olunanlara istinad edərək təklif olunur:
– nəzərdə tutulan yeni “Mərkəz”in, kapital qoyuluşu olmadan, keçmiş Nəqliyyat Nazirliyinin avtokombinatları və onun digər qurumlarının əmlak bazası və ştat vahidləri hesabına yaradılması məqsədəmüvafiqdir;
-bu qurumun struktur tərkibinə, avtodromlar, yol hərəkəti təşkilinin yerli və xarici ölkə istehsallı texniki vasitələrin sertifikatlaşdırma və sınaq laboratoriyaları da daxil edilə bilər;
-elmi-tətbiqi fəaliyyətin həyata keçirilməsi üçün analitik-proqnozlaşdırma və işçi sektorlar strukturunun yaradılması məqsədəmüvafiqdir.
Qeyd olunanlarla bağlı, mövcud olmayan bir sıra yeni hüquqi normativ sənədlərin ardıcıllıqla hazırlanması zəruridir:
– Sürücü təhsili hazırlığının nizamlayıcısı olan, Nazirlər Kabinetinin 1999-cu il tarixli 41 nömrəli Qərarında hüquqi fikir kifayətsizliyinə yol verildiyindən, bu qərar düzəliş və əlavələrlə yenidən hazirlanmalıdır,
— “Yol hərəkətinin təşkili haqqında” Qanun tərtib olunmalıdır,
– Avtomobil yollarında yol hərəkətinin təşkili sxem-layihələrinin hazırlanma və təsdiqlənməsi, müxtəlif qurumlarla razılaşdırılma yeni redaksiyada verilməlidir,
-Yol nişanlarının və cizgilərinin yol örtüyü üzərində yerləşmə sxem- dislokasiyasının tərtib olunma qaydaları yaradılmalıdır,
-“Yol hərəkəti qaydaları” birmənalı olaraq bütövlüklə yenidən işlənməlidir;
– Avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkətinin müvəqqəti məhdudiyyətləşdirilməsi barədə təlimat yenidən hazırlanmalıdı;
-Şəhərin küçə-yollarının tikintisi və təmiri zamanı görülən işlərin qəbul-qiymətləndirmə qaydaları tərtib olunmalıdır.
Adı çəkilən hüquqi aktlar qəbul olunduqdan sonra, yeni “Mərkəz” bütöv konkret təşkilati struktura malik olacaqdır.
9. Ölkə səviyyəsində yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi tədbirlərinə rəhbərlik etmək üçün, hökumət strukturu daxilində aparıcı qurumun müəyyən edilməsi lazımdır. Aparıcı qurum səhiyyə, nəqliyyat, təhsil və polis də daxil olmaqla, hökumətin bütün sektorlarında qərar qəbul etmək, mənbələri idarə etmək, birgə hərəkətləri koordinasiya-əlaqələndirmək üçün müvafiq hüquq-vəzifələrə malik olmalıdır.
Yaradılacaq yeni “Mərkəz”, yol hərəkəti təhlükəsizliyi ilə əlaqəli bütün təşkilatları cəlb etmək üçün lazımi addımları atmalıdır və yol tikintisi ilə məşğul olan qurumdan müstəqil olmalıdır.
10. Araşdırmalara əsasən belə nəticəyə gəlmək olar ki, yol-nəqliyyat hadisələrində insan itkisinin mümkün qədər qarşısının alınması məqsədilə, yeni “Mərkəz” analitik proqnozlaşdırma əsaslı, elmi tətbiqi məzmunlu, laborator fəaliyyət yönümlü olmaqla, kapital qoyuluşu olmadan, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərkibində formalaşa bilərsə və keçmiş Nəqliyyat Nazirliyinin kifayət qədər olan əmlak bazası-ştat vahidləri hesabına, müstəqil qurum kimi adı çəkilən Nazirliyin “Yerüstü Nəqliyyat Agentliyi”nin nəzdində yaradılması mümkün hesab olunarsa, “Yol Hərəkəti İştirakçıları Təhlükəsizliyi Mərkəzi” adlana bilər.
Bu da Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının “Şəffaflığın artırılması haqqında” müvafiq Sərəncamının tələbləri ilə uyğunlaşdırılması və qabaqcıl dövlətlərin, küçə-yol şəbəkələrində asfalt örtüyü üzərində, yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunması sahəsində həyata keçirdikləri fəaliyyət-müasir dünya təcrübəsi olardı…
Bu sənəd layihə analitik araşdırmalara əsasən, 2022-ci ildə müstəqil qrup tərəfindən, təşəbbüs qaydasında tərtib edilmişdir və məqsəd Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş 2019-2023-cü illər üçün 28 dekabr 2018-ci il tarixli Dövlət Proqramının COVİD-19 pandemiyası dövründə icrasız qalmış çoxsaylı bəndlərinin tələblərinin icrasının sürətləndirilməsinə dair təkliflərdir.

Füzuli Əfqanoğlu,
“HAKİMİYYƏT” qəzetinin Baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” mükafatının laureatı











