Parlamentin növbəti plenar iclasında Baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak edib

Parlamentin növbəti plenar iclasında Baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak edib

17.11.2022 Off By Füzuli İsmayılov

İclasda Komitə sədrləri Zahid Oruc, Ziyafət Əsgərov, deputatlardan Kamran Bayramov, Tural Gəncəliyev, Hikmət Məmmədov, Cavanşir Feyziyev, Vahid Əhmədov, Elnur Allahverdiyev, Ramin Məmmədov, Fəzail Ağamalı, Ceyhun Məmmədov, Elşən Musayev çıxışlarında noyabrın 15-də Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnaməyə münasibət bildiriblər.

Hakimiyyet.info.az xəbər verir ki, millət vəkilləri qətnaməyə etirazlarını bildirərək, sənədin həqiqətə uyğun olmadığını, Fransa Senatının ölkəmizə qarşı qərəzli və ədalətsiz mövqeyini nümayiş etdirdiyini söyləyiblər. Qeyd edilib ki, qətnamədə ölkələrimiz arasında ikitərəfli münasibətlərə xələl gətirən məqamlar,  Azərbaycana qarşı sanksiyaların tətbiqi, qaz və neft tədarükünə embarqonun qoyulması ilə bağlı çağırışlar yer alıb. Bu qətnamənin son iki ildə Fransa parlamentinin Azərbaycana qarşı qəbul etdiyi sayca üçüncü sənəd olduğunu deyən deputatlar Fransanın ölkəmizə qarşı addımlarının məqsədli xarakter daşıdığını, bu ölkənin öz tarixində onlarla dövləti işğal etmiş və öz müstəmləkəsinə çevirmiş bir ölkə olduğunu, qətnamənin heç bir hüquqi qüvvəsi olmadığını və orada qeyd olunanların kağız üzərində qalacağını söyləyiblər.

Qeyd edilib ki, sənəd beynəlxalq hüququn norma və prinsiplərini, habelə Azərbaycanla Fransa arasında ikitərəfli münasibətləri kobudcasına pozur. Azərbaycanın regionda daimi sülhün və sabitliyin bərqərar olması üçün çalışdığı vurğulanıb, Fransa Senatının bur cür addımlarının isə Azərbaycanla Ermənistan arasında post-münaqişə dövründə davam edən normallaşma prosesinə xələl gətirdiyi qeyd olunub.

Millət vəkilləri İran-Azərbaycan münasibətləri barədə də fikirlərini bildiriblər.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin 16 məsələsi dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələridir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası başa çatmaqda olan 2022-ci ildə dövlətimizin qarşısında dayanan bütün vəzifələrin uğurla yerinə yetirilməsini təmin edib.

Gələn ilin dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri rekord həcmdə – müvafiq olaraq, 30,7 milyard manat və 33,3 milyard manat məbləğində proqnozlaşdırılır. Dövlət büdcəsinin prioritetləri sosial müdafiə, təhsil, işğaldan azad olunmuş ərazilərin bərpası və böyük qayıdışın həyata keçirilməsi, ölkənin milli təhlükəsizliyinin və müdafiə potensialının gücləndirilməsi, silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması ilə bağlı olacaq.

Milli Məclisin sədri qeyd edib ki, yaranmış ənənəyə uyğun olaraq parlamentdə təmsil edilən siyasi partiyaların rəhbərləri və nümayəndələri İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasına dəvət olunub və iclasda iştirak edənlərin hər birinə öz fikirlərini ifadə etməsi üçün şərait yaradılıb.

Hesablama Palatası da büdcə zərfi barəsində müsbət rəyini bildirib.

Milli Məclisin sədri təklif edib ki, müzakirələr əvvəlcə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin, maliyyə və iqtisadiyyat nazirlərinin məruzələri ilə başlanılsın, sonra isə Mərkəzi Bankın və Hesablama Palatasının məlumatları dinlənilsin, daha sonra millət vəkilləri öz mülahizələrini söyləsinlər.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili 2023-cü ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan sənədlərlə bağlı çıxışında bildirib ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, həmçinin parlamentin digər komitələrinin iclaslarında hökumət üzvlərinin və müvafiq dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə qanun layihələri geniş müzakirə olunub.

Komitə sədri bildirib ki, 2022-ci il ölkəmizin tarixində mühüm hadisələrlə zəngin olub. Bir neçə gün öncə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusu tərəfindən işğal altında olan torpaqlarımızın azad edilməsinin və Ermənistanın kapitulyasiya aktını imzalamasının 2-ci ildönümü qeyd edilib. Cari ildə də azad edilmiş ərazilərdə geniş bərpa-quruculuq işləri aparılıb, ilk dəfə Zəngilan rayonunun Ağalı kəndinə sakinlərin köçürülməsilə Böyük Qayıdışa start verilib,  Zəngilan Beynəlxalq Hava Limanının açılışı olub, Laçın şəhəri nəzarətimizə keçib, Laçın koridorunun marşrutu dəyişdirilib, Qarabağ və Şərqi Zəngəzurda yol, enerji, su və digər layihələrin həyata keçirilməsi davam etdirilib. Bu işlərin aparılması üçün son 2 ildə Dövlət Büdcəsindən 4.8 milyard manatdan çox vəsait ayrılıb. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq illər öncə həyata keçirilən infrastruktur, enerji marşrutları və nəqliyyat koridorları bu gün ölkə iqtisadiyyatına mühüm yeni imkanlar yaratmaqdadırlar.

Çıxışının sonunda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iqtisadi proseslərin yaxşılaşmasına xidmət edəcək bir neçə təklifini diqqətə çatdıran komitə sədri 2023-cü ilin dövlət büdcəsi layihəsinin ölkəmiz qarşısında yaranacaq çağırışlara layiqli cavab vermək və bütün istiqamətlərdə dövlət siyasətini həyata keçirmək üçün mühüm maliyyə bazası yaradacağını söyləyib.

Sonra iclasda maliyyə naziri Samir Şərifov çıxış edib. O, diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin Milli Məclisə təqdim etdiyi “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində növbəti ildə dövlət büdcəsinin xərcləri 33,3 milyard manat və yaxud cari ilə nisbətən 11,4 faiz çox olmaqla təklif edilir. Müstəqillik tariximizin ən böyük büdcə xərclərinin 25,3 faizi və yaxud 8 milyard 419 milyon manatı dövlət sərhədlərimizin bərpası və etibarlı mühafizəsinin daha da möhkəmləndirilməsi, ordumuzun müdafiə qabiliyyətinin və milli təhlükəsizliyin gücləndirilməsi, Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma tədbirlərinin maliyyə təminatının yaradılması üçün nəzərdə tutulub.

Qeyd edilib ki, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması ilə bağlı xərclər Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın ehtiva etdiyi məqsədlərin reallaşdırılması çərçivəsində maliyyələşdiriləcək. 2023-cü ildə strategiya çərçivəsində qarşıya qoyulan hədəflərin yerinə yetirilməsi üçün ayrılan 5 milyard 244 milyon manat həcmində vəsaitin 60 faizi Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma və bərpa işlərinə yönəldiləcək.

Samir Şərifov qeyd edib ki, Vətən müharibəsində tarixi qələbəmizdən sonra ölkə Prezidentinin tapşırığı ilə Qarabağda və Şərqi Zəngəzurda başlayan yenidənqurma işlərinə cari ilin dövlət büdcəsində bəzi xərc istiqamətləri üzrə istifadə olunmamış vəsaitlərin də bu məqsədlərə səfərbər edilməsi nəzərə alınmaqla, 3 il ərzində, yəni 2021, 2022 və 2023-cü illərdə ümumilikdə 9,7 milyard manatdan artıq vəsait yönəldilib.

Nazir 2023-cü ilin dövlət büdcəsi xərclərinin tərkibində sosialyönümlü xərclərin böyük hissəyə malik olduğunu deyib. Qeyd edilib ki, növbəti ildə bu xərclər ümumi xərclərin 45,7 faizini təşkil etməklə, 15 milyard 219 milyon manat məbləğində nəzərdə tutulur. Cari illə müqayisədə bu, 1 milyard 289 milyon manat və yaxud 9,3 faiz çoxdur. 2021-ci illə müqayisədə isə 4 milyard 922 milyon manat və yaxud 47,8 faiz çoxdur. Sosialyönümlü xərclərin 52,8 faizi və yaxud 8 milyard 41 milyon manatı əməyin ödənişi xərclərinə, 26,7 faizi və yaxud 4 milyard 65 milyon manatı təqaüd və sosial müavinətlərə, 9 faizi və yaxud 1 milyard 366 milyon manatı əhaliyə səhiyyə xidmətlərinin göstərilməsinə, 7,5 faizi və yaxud 1 milyard 144 milyon manatı ölkəmizin 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyasında nəzərdə tutulan sosial tədbirlərin maliyyə təminatına, 3,1 faizi və yaxud 477 milyon manatı ərzaq məhsullarının, dərman ləvazimatlarının alınmasına yönəldiləcək.

2023-cü ildə sosial müavinətlər, təqaüdlər və digər sosial xarakterli ödənişlərin maliyyə təminatı üçün 2 milyard 598 milyon manat, o cümlədən, keçmiş məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı xərclər üçün 367 milyon manat, əlavə məşğulluq tədbirləri üçün 266 milyon manat vəsait nəzərdə tutulub.

Samir Şərifov 2023-cü il dövlət büdcəsi xərclərinin maliyyə təminatı barədə bildirib ki, büdcə xərclərinin 92,2 faizi və yaxud 30 milyard 721  milyon manatının dövlət büdcəsinin müxtəlif mənbələr üzrə nəzərdə tutulmuş gəlirləri, 7,8 faiz və yaxud 2 milyard 579 milyon manatının isə dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi üçün cəlb ediləcək vəsaitlər hesabına maliyyələşdirilməsi nəzərdə tutulub.

Diqqətə çatdırılıb ki, növbəti il üçün icmal büdcənin gəlirləri 33 milyard 6 milyon manat, xərcləri 37 milyard 949 milyon manat, kəsiri isə 4 milyard 944 milyon manat proqnozlaşdırılır.

2023-cü ildə Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 8 milyard 991 milyon manat, xərcləri isə 11 milyard 355 milyon manat, gəlirləri və xərcləri bərabər olmaqla Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 6 milyard 264 milyon manat, İşsizlikdən Sığorta Fondunun büdcəsi 213 milyon manat, Naxçıvan Muxtar Respublikasının büdcəsi 646 milyon manat, İcbari Tibbi Sığorta Fondunun büdcəsi isə 2 milyard 393 milyon manat təşkil edəcək.

Maliyyə naziri deyib ki, 2023-cü il və sonrakı üç il üçün dövlət və icmal büdcələrin layihələri “Büdcə sistemi haqqında” Qanunun tələbləri və büdcə qaydası ilə müəyyən edilən yuxarı hədlər gözlənilməklə hazırlanıb, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, iqtisadi artımı, əhalinin maddi rifahının yaxşılaşdırılması və digər tədbirlərin həyata keçirilməsi üçün maliyyə təminatı yaradır.

İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edib. O, müzakirəyə çıxarılan büdcə layihəsinin mürəkkəb qlobal şəraitə təsadüf etdiyini deyib. Qeyd edib ki, həm qlobal iqtisadiyyatda baş verən proseslər və gərgin geosiyasi şərait fonunda, həm də torpaqlarımızın işğaldan azad edilməsi ilə ölkə Prezidentinin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatının gələcək inkişafını təmin edəcək yeni iqtisadi kursun uğurla başlaması büdcə siyasətinə öz təsirini göstərir.

Nazir cari ildə ölkə iqtisadiyyatındakı vəziyyət barədə məlumat verib, ötən dövr ərzində  iqtisadiyyatın müxtəlif sahələrində müşahidə edilən inkişafdan söhbət açıb, bir sıra rəqəmlər səsləndirib.

Ölkə Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın bu prioritetlərə əsaslanaraq hazırlandığını deyən nazir 2023-cü il üzrə iqtisadiyyata dair proqnozlarla bağlı fikirlərini açıqlayıb.

Spiker Sahibə Qafarova Fransa Senatının Azərbaycan barəsində qəbul etdiyi qətnamə ilə bağlı Milli Məclisin bəyanatının qəbul edilməsi məsələsinin gündəliyə salınması təklifini irəli sürüb. Spiker dövlətimizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş bu aksiyaya Milli Məclisin münasibət bildirməsinin zəruri olduğu bildirilib. Qeyd edib ki, həm bu qətnamə, həm də Fransanın son dövrdə Azərbaycana qarşı fəaliyyəti ilə bağlı Milli Məclisin bəyanatının qəbul edilməsi məqsədəuyğundur.

İclasda Milli Məclisin bəyanatı ilə bağlı məsələ gündəliyə daxil edilib.

Sonra Milli Məclisin sədri məsələ ilə bağlı çıxış edib.

Fransanın icra və qanunvericilik orqanlarının Azərbaycana qərəzli münasibətinin dəfələrlə şahidi olduğumuzu bildirən spiker 44 günlük Vətən müharibəsi dövründə və müharibədən sonra Fransa dövləti rəhbərliyinin təcavüzkar Ermənistanı müdafiə etmək üçün verdiyi açıqlamaları, beynəlxalq təşkilatlarda Azərbaycana qarşı sənədlər qəbul etdirməyə çalışdığını xatırladıb. Spiker diqqətə çatdırıb ki, son 2 ildə Fransa parlamenti bir neçə dəfə bizim ölkəmiz barəsində ədalətsiz mövqe nümayiş etdirib. O cümlədən, Fransa Senatının dünən qəbul etdiyi sənəd də Azərbaycana qarşı bədxah və çirkin niyyətli siyasi aksiyadır. Milli Məclisin sədri bildirib ki, hər sətrindən xalqımıza və dövlətimizə nifrət yağan bu qətnamə Ermənistan Respublikasının ölkəmizə qarşı ərazi iddialarına və qəsbkarlıq siyasətinə haqq qazandırmaq niyyəti güdən bir akt kimi qiymətləndirilməlidir.

Heç bir hüquqi, siyasi və mənəvi haqqı olmadan Fransa Senatının qəbul etdiyi qətnamə bunu da göstərir ki, erməni şovinistlərinin qanunsuz maraqlarını təmin etmək üçün Fransa qanunvericiləri hətta öz dövlətlərinin milli maraqlarını qurban verməyə, Fransa ilə Azərbaycan arasında dövlətlərarası münasibətlərə xələl gətirməyə, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığa zərbə vurmağa da hazırdırlar.

Spiker qeyd edib ki, erməni şovinizminin Cənubi Qafqazda geosiyasi iddialarının hansı ağır nəticələrə gətirib çıxardığı hamıya məlumdur.

Fransa Senatını Cənubi Qafqazda baş verən hadisələrə və proseslərə qanunsuz müdaxilə etmək, xalqların taleyi ilə oynamaq, Ermənistanı təcavüz qurbanı kimi qələmə vermək, tarixə qovuşmuş münaqişəni yenidən alovlandırmaq cəhdlərindən əl çəkməyə çağıran Sahibə Qafarova yalançı erməni təbliğatının təsiri altında və siyasi dividendlər əldə etmək niyyəti ilə Fransa Senatının qəbul etdiyi qətnamənin mənfi nəticələri üçün bütün məsuliyyətin bütünlüklə Fransa tərəfinin üzərinə düşdüyünü vurğulayıb.

Məsələnin müzakirələrində deputatlar Sevil Mikayılova və Fəzail Ağamalının çıxışından sonra spiker bəyanatın mətnini hazırlamaq üçün komissiya yaradılması ilə bağlı təklifini səsləndirib.

Deputatlar, sədr Səməd Seyidov, üzvləri isə Zahid Oruc, Sabir Hacıyev, Ramin Məmmədov, Asim Mollazadə, Arzu Nağıyev və Sədaqət Vəliyeva olmaqla komissiyanın tərkibini təsdiqləyiblər.

Müzakirələrin davamında Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlar Rafael Hüseynov, Cavid Osmanov, Şahin İsmayilov, Naqif Həmzəyev, Elnur Allahverdiyev, Tahir Kərimli, Aydın Mirzəzadə, Aydın Hüseynov çıxış ediblər.

Deputatlar Fransa Respublikası Senatının və Milli Assambleyasının, eləcə də bu ölkənin bir sıra siyasi dairələrinin uzun illər davam edən və son dövrdə daha da kəskinləşən açıq irqçi, islamofob və Azərbaycana qarşı düşmən fəaliyyətini kəskin tənqid ediblər. Onlar Fransanın beynəlxalq hüquq normalarına və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirərək Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı qərəzli və ədalətsiz addımlarının intensivləşməsinə etiraz ediblər. Qeyd ediblər ki, Fransa Senatının qəbul etdiyi məlum son qətnaməsi də həqiqətlərdən və reallıqlardan uzaqdır, erməni təbliğatına əsaslanır və beynəlxalq hüququ ayaqlar altına almaqla Fransanın özünün imza atdığı sənədlərə ziddir. Millət vəkilləri bu qərəzli mövqenin Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə xidmət etmədiyini,  regionda sülh quruculuğu səylərinə böyük zərər verdiyini bildiriblər.

Deputat Ramin Məmmədov hazırlanmış bəyanatın mətnini səsləndirib.

Sənəd səsə qoyularaq qəbul olunub

Mərkəzi Bankın sədri 2023-cü ilin dövlət və icmal büdcə layihələri ilə bağlı  bildirib ki, gələn il və ortamüddətli dövrə təqdim edilən makroiqtisadi çərçivə qarşıda duran əsas vəzifələrə cavab verir və Mərkəzi Bank növbəti ilin dövlət büdcəsinin də fiskal qayda əsasında tərtibini müsbət qiymətləndirir. İnflyasiya təzyiqlərini də nəzərə almaqla Mərkəzi Bank büdcə kəsirinin minimallaşdırılmasına və qeyri-emissiya mənbələri ilə örtülməsinə tərəfdardır. Bu baxımdan 2022-ci ilin təsdiq olunmuş büdcəsi ilə müqayisədə 2023-cü ildə büdcə kəsirinin azaldılması müsbət dəyərləndirilib.

Taleh Kazımov çıxışında Mərkəzi Bankın 2023-cü il və ortamüddətli dövr üçün pul və maliyyə sabitliyi siyasətlərinin əsas istiqamətlərini də  diqqətə çatdırıb.  Qeyd olunub ki, qarşıdakı dövrdə də Mərkəzi Bank maliyyə sabitliyinin qorunmasını və maliyyə vasitəçiliyinin genişləndirilməsini diqqətdə saxlayacaq, öz mandatına uyğun ölkədə makroiqtisadi sabitliyi və inkişafı dəstəkləyəcək.

Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi və bu qanunla birgə təqdim edilmiş sənədlərə Palata tərəfindən hazırlanmış rəyi təqdim edib.

Vüqar Gülməmmədov çıxışında dövlət maliyyəsinin idarəedilməsi üzrə bəzi məqamları və bu istiqamətdə Hesablama Palatasının tövsiyələrini də diqqətə çatdırıb.

Sonra iclasda “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi ətrafında müzakirələr aparılıb. Deputat Mahir Abbaszadə sənəd barədə fikirlərini səsləndirib.

Bununla da Milli Məclisin bugünkü iclası başa çatıb. 2023-cü ilin dövlət büdcəsi layihəsinin müzakirələri noyabrın 17-də davam etdiriləcək.

Share