YOL HƏRƏKƏTİNİN TƏHLÜKƏSİZLİYİ HAQQINDA DÖVLƏT PROQRAMI TƏHSİL NAZİRLİYİNDƏ HƏYATA KEÇİRİLİRMİ?– BİZİM TƏHLİL
23.11.2022Görülən tədbirlərə baxmayaraq son zamanlar sürücülərin təhlükəsizlik tələblərini pozmaqla, o cümlədən sərxoş halda, sürət həddini aşmaqla nəqliyyat vasitələrini idarə etməsi ilə əlaqədar ağır nəticələrə səbəb olan yol-nəqliyyat hadisələrinin sayı artmaqda davam edir.
Yol-nəqliyyat hadisələrinin baş vermə səbəblərinin aradan qaldırılması, bu hadisələrlə bağlı aparılan təhqiqat, istintaq və ekspertizalar zamanı yol verilən korrupsiya və digər sui-istifadə hallarının qarşısının alınması və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması məqsədi ilə “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamından irəli gələn öhdəliklərin icrası ilə bağlı müvafiq orqanlar, Nazirlər Kabineti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Daxili İşlər Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “Azərişıq” ASC, “Azərsu” ASC, “Azəriqaz” İB İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi hansı sənədlər qəbul etmiş, bu sahədə ümumən nə kimi tədbirlər planı həyata keçirmişlər. Ümumiyyətlə, Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi ölkə prezidentinin müvafiq Sərəncamlarının icrasına necə yanaşıb?
Mühüm əhəmiyyət kəsb edən sahələrdən biri, deyərdim ki, birincisi məhz bu sahədə savadsızlığın aradan qaldırılması, sürücü təhsilinin mükəmməl səviyyəyə gətirilməsidir.
Cəmiyyətə daha çox “Yol-nəqliyyat hadisələrinin” (YNH) verdiyi itkilər mənfi təsir göstərir.
Ölkədə hər il, təxminən 50 min nəfər ilk dəfə sürücülük vəsiqəsi alır. Prosesin belə kütləviliyindən və aidiyyatlı qurumların nəzarətsizliyindən sürücü “sürücülüyü” yol hərəkəti prosesində öyrənməyə başlayır, bu da yol hərəkəti təhlükəsizliyinin təmin olunması məsələsini mürəkkəbləşdirir.
Yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, təcrübəsiz sürücülər arasında törədilən qəza hallarının səbəblərindən biri peşə təhsili hazırlığı səviyyəsinin kifayətsizliyi və natamamlığıdır.
Sürücü hazırlığı sisteminin normativ sənədlərində (xüsusilə Nazirlər Kabinetinin 15.03.1999-cu il tarixli 41 saylı Qərarına əsasən sürücülük peşəsinin “A”, “B” kateqoriyasına təhsil almadan, birdəfəlik imtahan verməklə yiyələnmək olar. Bu isə Yol Hərəkəti Azərbaycan Respublikasının 1998-ci il 06 iyun tarixli Qanunun 16 və 79-cu maddələri ilə, həmçinin Təhsil haqqında 19 iyun 2009-cu il Qanunun 13.1- bəndi il ziddiyyət təşkil edir. Bununla da hüquqi fikir kifayətsizliyi, hüquqi fikir çatışmazlığı və hüquqi fikir boşluğu yaranmışdır. Bu isə sürücü təhsil sisteminə mənfi təsirini göstərməklə, dünya təcrübəsini inkar etmişdir. Bu sahənin digər sənədlərində də hüquqi fikir qismən tamamlanmadığından, hüquqi baza bütövlükdə şərhə ehtiyaclıdır.
MDB ölkələrinin bir çoxunda, demək olar ki, hamısında Vyana Konvesiyasına uyğun olaraq bu sahədə 58 proqram hazırlanıb.Məhz bu proqramlar əsasında ölkədə sürücülük kursları və bu sahədə çalışan kadrların ortaya çıxarılmasıdır.
Sürücü hazırlığının mövcud təhsil sistemi mükəmməl və kifayət qədər effektivli deyildir. Yol hərəkətinin təhlükəsizliyi baxımından, özünün əsas funksiyasının, yəni tədris prosesinin yüksək keyfiyyətlə aparılmasının bütövlüklə öhdəsindən gələ bilmir. Bunlara da əsas aşağıdakı səbəblər daxildir:
1. Ciddi hesabat sənədi olan, təhsil şəhadətnamələri reyestrindəki məlumatlardan təyinatı üzrə vəzifə səhlənkarlığından, fəaliyyətdə istifadə edilməməsi;
2. Avtomobil sürücüləri hazırlayan kurslarda tədris olunacaq Azərbaycan dilində, sürücülük kursları hazırlığı müasir, 21 ədəddən çox Nazirlik tərəfindən təsdiq olunmuş dərsliklərin yaradılmaması və ya onların başqa dillərdən tərcümələrinin təmin edilməməsi;
3. 28 ədəd, Təhsil Nazirliyi tərəfindən təsdiqlənməli yeni standartlı tədris proqramlarının səbəbsiz olaraq hazırlanmaması;
4. Müasir avadanlıqlı fənn kabinetlərinin mövcud olmamasıdır,
5. Metodika və informasiya materiallarının yoxluğundan, onlardan tədris fəaliyyəti prosesində istifadənin mümkünsüzlüyüdür,
6. Təhsil müəssisələrinin, bütün rayon mərkəzlərində torpaq sahəsi (100×100) metr olan təlim və 5 hektarlıq ərazilərdə inşa oluna biləcək, texniki qurğulardan ibarət, bir neçə xüsusi təyinatlı əksqəza avtodromları ilə təmini məsələsinin hələlik həllini tapa bilməməsidir.
Təhsil Nazirliyinin balansında olan sürücülük peşə məktəblərinin Bakıda cəmi ikisində bu motodromlar vardır, onlar da bərbad vəziyyətdə. Keçmiş OİDKYC (DOSAAF)-ın adı dəyişsə də, eyni funksiyanı həyata keçirir. Baş Dövlət Yol Polisi indiyədək bircə dəfə olsun belə sürücülük kurslarının maddi- texniki bazasını təftiş edibmi?Əsla yox.
Bakı şəhərində və bəzi rayon mərkəzlərində yerləşən, “Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin” tərkibinə verilmiş-keçmiş Nəqliyyat Nazirliyinin avtomobil kombinatlarının avtotədris kurslarının əmlak bazası və ştat vahidləri hesabına, sürücülərin “Tədris-Təlim-Metodika” sektorunun formalaşaraq yaradılması həllini gözləyən məsələdir.
Əsas məsələlərdən və anti korrupsiya mübarizə üçün vacib olab işlərdən biri də Dövlət Yol Polisi ilə Təhsil Nazirliyi tərəfindən verilən şəhadətnamələrin-ciddi hesabat sənədlərinin üzləşdirilməməsi bir daha bu sahədə yaranmış maliyyə fırıldaqlarından xəbər verir.
Füzuli Əfqanoğlu
“HAKİMİYYƏT” qəzetinin Baş redaktoru,
AJB-nin üzvü, “Qızıl Qələm” media mükafatının laureatı












